Oğuzun Xaçmazqışlaq kənd sakini iddia edir ki, kəndlilər bu yolla öz torpaqlarından məhrum olurlar
“Bir qrup şəxs özünü “Paşa Holdinq”in nümayəndəsi kimi təqdim edərək kəndlilərin əkin yerlərini ələ keçirir. Torpağını vermək istəməyəni hədələyirlər, müxtəlif yollarla təzyiq göstərirlər”.
Oğuz rayonunun Xaçmazqışlaq kənd sakini Əmrah Həmidli deyir, atası İmran Həmidli 3-cü qrup Qarabağ əlilidir. İllərdir ki, kənddəki 4,5 hektar taxıl sahəsini əkib, məhsul götürüb dolanırlarmış. 2019-cu ilin iyulundan isə torpağa yaxın düşə bilmirlər.
“Hektarlarla əkin sahələri əldən çıxıb”
“Atam 8 ildir ki, yataq xəstəsidir. Torpağımızı əkib həm dolanırdıq, həm də atamın müalicəsiylə məşğul olurduq. 1 ildən çoxdur ki, bizi torpağımıza yaxın buraxmırlar. Biz də məcburiyyət qarşısında Bakıya gedir, daş karxanalarında günəmuzd işləyib, qazandığımız qəpik-quruşu atamın müalicəsinə, iynə-dərmanına xərcləyirik. Sənədli torpağımızı isə ikinci ildir ki, başqaları əkib, məhsul götürür. Bizi qorxudurlar ki, torpağı “Paşa Holdinq” götürüb, səsinizi çıxarsanız, başınız ağrıyar. Kənddə yaşayanları bu yolla qorxudub, qəpik-quruş verib, hektarlarla əkin sahələrini əllərindən aldılar. Özlərini də dağa-daşa saldılar. Guya torpağın əvəzi olaraq kənddən uzaqda, əkinə yararsız torpaqlar verdilər. Kim səsini çıxarırsa, deyirlər, Mehriban Əliyevanın göstərişidir, sizin torpaqlarda Mehriban Əliyeva təsərrüfat yaradır”, – şikayətçi deyir.
“Bir kəndlidən vasitəçi kimi istifadə edirlər”
Əmrah Həmidlinin sözlərinə görə, tanımadıqları şəxslər bu işdə vasitəçi kimi elə bir kənd sakinindən istifadə edirlər:
“Sizə telefon danışığı göndərmişəm, bax, bu işlərə vasitəçiliyi həmin adam edir. O adam da bizim kimi kasıb bir kəndli idi, dolanışığı əkindən, heyvandarlıqdan çıxırdı. Ancaq bu işə qol qoyandan sonra varlandı. İndi özü də, oğlanları da ən bahalı maşınlar sürür, hektarlarla sahələri, bahalı obyektləri, mülkləri var. Adama sual verərlər ki, bu kasıb kəndli çox qısa müddətdə, qəfil necə varlandı? Bu adamı atıblar ortalığa, kəndlilərin torpaqlarını alıb verir tanımadığımız adamlara…”
“Zəng vurub xəstə atamı narahat edirlər”
İmran Həmidlinin oğlu Əmrah Həmidli deyir, həmin kənd sakini (Meydan TV həmin şəxsdən məsələyə münasibət öyrənə bilmədiyinə görə hələlik ad-soyadını açıqlamır – red.) ona da bir neçə dəfə zəng vurub və torpağın sənədlərini tələb edib:
“Deyir, onsuz da torpağa yaxın gedə bilməyəcəksiz. O torpaq artıq sizin deyil, gətirin abır-həyanızla sənədi təhvil verin, sizə başqa yerdən torpaq verilsin, gedin əkin. Atam xəstə adamdır, ona əsəb, gərginlik, həyəcan keçirmək olmaz, o isə tez-tez zəng vurub torpağın sənədlərini tələb edir. Bu yaxınlarda atamın vəziyyəti yenə ağırlaşmışdı. Məlum oldu ki, o adam yenə zəng vurub. Bu dəfə özüm ona zəng vurdum, soruşdum ki, atam sənədləri niyə sənə verməlidir? Dedim, heç kəsə sənəd verəsi deyilik, torpağımızdan da özümüz istifadə edəcəyik, dedi, bacarırsansa, get, istifadə elə… Mən sizə həmin adamla telefon danışığımızı da göndərmişəm”.
“Polis də bizi aldatdı”
Əmrah Həmidlinin sözlərinə görə, hələ ötən ilin iyulunda torpaqdan istifadələrinə süni əngəllər yaradılmağa başlananda Oğuz Rayon Polis Şöbəsinə müraciət edib. Şöbədən ailəyə ünvanlanan cavab məktubunda göstərilib ki, ərazidə aparılan qazıntı işləri yuxarıdakı əkin sahələrini suvarmaq üçün su xətlərini yerləşdirmək məqsədilədir. Həmidli ailəsi də polisin bu cavabına arxayın olub:
“Sonra məlum oldu ki, polis də bizi aldadıb. Artıq ikinci ildir ki, başqaları tərəfindən torpağımızdan məhsul götürülür, özümüz isə acından ölürük. Mən niyə məhsul verən torpağımı bunlara qəpik-quruşa satıb, təklif etdikləri əkinə yararsız və uzaq məsafədə yerləşən, sənədsiz torpaqla razılaşmalıyam? Deyirlər ki, torpaqları “Paşa Holdinq” öz təsərrüfatını genişləndirmək məqsədilə götürür. Guya işin arxasında da vitse-prezident Mehriban Əliyeva dayanır. Mən Heydər Əliyev Fonduna da yazdım, ancaq həmin vaxt polis bizi arxayın etmişdi ki, torpağın kənarından su xətti çəkilir. Heydər Əliyev Fondundan bizə zəng vurub problemlə maraqlananda bildirdik ki, anlaşılmazlıq olubmuş, su xətti çəkilirmiş. Hardan biləydik ki, bizi aldadırlar”.
“Hər il azı 10 min manat itiririk”
Həmidli ailəsi torpaqları dəyər-dəyməzinə kəndlilərin əlindən alan qüvvəni üzə çıxarmaqda çətinlik çəkir:
“Ortada vasitəçilik edənlərə deyirik ki, bu işin arxasındakı kimdirsə, özü gəlsin, biz torpağa öz qiymətimizi deyək. Cavabında deyirlər ki, Mehriban Əliyeva durub gəlib sizinlə söhbət edəsi deyil ki… İndiyədək kənddə torpaqları əlimizdən alanlar bircə dəfə də bizə “Paşa Holdinq” MMC-nin sənədini göstərməyiblər. Bəlkə də o şirkətin adından istifadə olunur, yenə də bilmirik. Onu bilirik ki, icra hakimiyyəti də bu işi görənlərin arxasındadır. Dəfələrlə sahəyə gəlib deyiblər ki, “Paşa Holdinq” torpaqları alır, nə verirlər, götürün, çıxın”.
Əmrah Həmidlinin sözlərinə görə, hər il azı 10 min manatlıq taxıl götürdükləri 4,5 hektar sahəyə 14 min manat təklif edilir. O isə sahənin dəyərinin 45 min manat olduğunu deyir:
“Ötən il 10 min, bu il də 10 min manat dolanışığımızdan məhrum ediblər bizi… Torpağımıza da qarovulçular qoyublar, yaxın gedən kimi bizi döyürlər. Bir sözlə, öz torpağımızı özümüzdən qoruyurlar”.
Oğuz Rayon İcra Hakimiyyətindən Meydan TV-yə bildirilib ki, qurumun torpaq alqı-satqısına qarışacağı yoxdur, Xaçmazqışlaq kəndində torpaqların kimin tərəfindən alınması ilə bağlı məlumata da malik deyillər. Vətəndaş mülkiyyətində olan torpaq sahəsindən məhrumdursa, məhkəməyə müraciət edə bilər.