Epi ləqəbli repçi Əkbər Novruzlu həbs olunub.
İyulun 16-da Səbail Rayon Məhkəməsi onu İnzibati Xətalar Məcəlləsinin 206-cı (qanunsuz olaraq narkotik vasitələrin şəxsi istifadəyə görə saxlanması) və 510-cu (xırda xuliqanlıq) maddələri üzrə təqsirli bilərək 1 ay müddətinə azadlıqdan məhrum edib.
Repçinin bir neçə gün əvvəl Bakı bulvarındakı rep deyişməsində (rep battle- red.) işlətdiyi ifadələrə görə həbs olunduğu bildirilir.
Sosial şəbəkələrdə yayılan görüntülərdə Epinin səhnədə digər repçi Pasterə (Pərviz Quluzadə) ünvanladığı sözlərin onun saxlanmasına səbəb olduğu iddia olunur.
“Sənin də var idi radikal vaxtın. Vaxtında “Paşa Bank”a “diss” atıb, otur qucağına “Kapital Bank”ın”, – Epi rep deyişməsində bu fikirləri səsləndirib.
Jurnalist araşdırmaları göstərir ki, həm “Paşa Bank”, həm də “Kapital Bank” — Azərbaycandakı hakim ailəyə məxsusdur.
“Paşa Bank” Prezident İlham Əliyevin qızlarının da səhmdar olduğu “Pasha Holding”ə məxsusdur. “Kapital Bank” isə yenə həmin holdinqin — və dolayısıyla Paşayevlər ailəsinin — nəzarətindədir.
Paster 5 il öncə “götürəcəm ölkəni necə Paşa Bank” misrasına görə həbs edilmişdi.
Son illərdə isə o, “Kapital Bank”ın reklam simasına çevrilib.
Epi özü “İnstagram” səhifəsində “rep battle”dakı çıxışına görə üzr istəyib:
“Məşğul olduğumuz peşənin tərkibində bir az ədəbsizlik var. Əlbəttə ki, bilərəkdən olmayıb. Gələcək işlərimdə daha diqqətli olacağam”.
Epi 2013-cü ildən rep ifaçısı kimi fəaliyyət göstərir.