”Partiyamız aksiyada təşkilatçı deyil”

AXCP və Müsavat Partiyasının funksionerləri regionlarda keçirilən aksiyalara dəstək verilmədiyini bildirirlər

Source:


AXCP və Müsavat Partiyasının funksionerləri regionlarda keçirilən aksiyalara dəstək verilmədiyini bildirirlər

Respublika Baş Prokurorluğu və Daxili İşlər Nazirliyinin yanvarın 13-də regionlarda baş verən aksiyalarla bağlı birgə yaydığı məlumatda siyasi qüvvələr də hədəfə alınıb. Məlumatda bildirilir ki, aksiya AXCP və Müsavat Partiyasının yerli rayon şöbələrinin təşkilatçıliği ilə keçirilib: “Həyata keçirilən ilkin prosessual araşdırmalarla məlum olub ki, Siyəzən, Lənkəran, Füzuli, Ağcabədi, Ağsu şəhər və rayonlarında törədilmiş və ölkədə ictimai asayişin pozulmasına hesablanmış qanunazidd əməllər AXCP və Müsavat partiyalarının fəalları, həmçinin bir sıra radikal və dini ekstremist qüvvələr tərəfindən təşkil edilib”.

Müsavat Partiyasının başqan müavini Elman Fəttah Meydan TV-yə açıqlamasında bu bəyanata münasibət bildirib.

O, Müsavat Partiyasının aksiyaları izlədiyini, ancaq təşkilatçı olmadığını vurğulayıb: “Biz aksiyaları izləyirik və hökuməti də xalqın problemlərinə diqqətlə yanaşmağa çağırırıq”.

Müsavat funksioneri hələ aksiya ilə bağlı qərar verilmədiyini deyib: “Bu məsələ geniş müzakirə olunub. Amma yekunda aksiyalara nə vaxt start verilməlidir məsələsi qoyulacaq, hələ müzakirə mərhələsidir. Ümumiyyətlə, respublikada baş verənlər partiyada ciddi analiz olunur, mövqeyimiz odur ki, artq yeni mərhələ başlanıb, xalq həddən artıq narazıdır və bunu açıq şəkildə ifadə edir. Birinci məqsədimiz odur ki, xaos olmasın, proseslər dinc və müəyyən şəkildə inkişaf etsin. Yəqin ki, növbəti günlərdə partiyanın fəaliyyət proqramında bu məsələlər öz əksini tapacaq”.

AXCP sədrinin müavini Gözəl Bayramlı da təmsil etdiyi partiyanın adının bu məsələdə hallandırılmasını yanlış hesab edir: “Hər kəsə bəllidir ki, ötən ilin 10 ayında 2 devalvasiya qərarı xalqın sosial-iqtisadi vəziyyətini daha da pisləşdirib. Xalq işsizliyə, sosial durumuna etiraz edir, partiyamızın bu məsələlərlə heç bir əlaqəsi yoxdur. Əslində, hakimiyyət xalq etirazlarından və narazılığından düzgün nəticə çıxarmalıdır, nəinki siyasi çalar ortaya qoymalıdır. Partiyamız xalqın tələblərinə hörmətlə yanaşır və müdafiə edir, amma iştirakçı deyil”.

Ana səhifəXəbərlər”Partiyamız aksiyada təşkilatçı deyil”