“Partiyaların bələdiyyə seçkilərindən imtinası doğru qərar deyil”

İqtisadçı əlavə edir, deyir, əlbəttə, seçkinin saxtalaşdırılması, bələdiyyələrin səlahiyyətlərinin və buna görə də maliyyəsinin olmaması arqument gətirilə bilər.

Source:


İqtisadçı: “Bu gün bələdiyyələrin səlahiyyətsiz qurum olması sabah da belə olacağı anlamına gəlmir”

Müsavat Məclisi partiyanın 23 dekabr seçkilərinə qatılmaması ilə bağlı qərar qəbul edib. Səbəb kimi bələdiyyələrin səlahiyyətlərinin azlığı, cəmiyyətin bələdiyyə seçkilərinə marağının olmaması və seçkilərin saxtalaşdırılması göstərilib.

Əsas müxalif partiyalardan olan AXCP də 23 dekabr seçkilərində iştirak etməyəcək.

118 seçki dairəsini əhatə edən 23 dekabr seçkilərində 1606 bələdiyyəyə 15156 nəfərin seçilməsi nəzərdə tutulur.

İndiyəcən 10 partiya 23 dekabr seçkilərinə qatılaraq səlahiyyətli nümayəndələrini Mərkəzi Seçki Komissiyasında qeydə aldırıb. Bunlar Yeni Azərbaycan Partiyası, Demokratik İslahatlar Partiyası, Böyük Quruluş Partiyası, Vətəndaş Birliyi Partiyası, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası, Milli Dirçəliş Hərəkatı Partiyası, Demokratik Maarifçilik Partiyası, Sosial Demokrat Partiyası, Ümid Partiyası və Ana Vətən Partiyasıdır.

İqtisadçı Samir Əliyev bəzi müxalif partiyaların dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərində iştirakdan imtina qərarını doğru hesab etmir. Deyir, partiyalar özlərində güc tapıb seçkilərdə iştirak etməlidir:

“Bələdiyyələr ölkənin bütün kəndlərini, qəsəbələrini, şəhərlərini əhatə edir. Burada təmsil olunmaq yerli əhali ilə daim ünsiyyətdə olmaq imkanı verir və problemi dərindən öyrənməyə şərait yaradır”.

İqtisadçı bildirir ki, bu gün bələdiyyələrin səlahiyyətsiz qurum olması sabah da belə olacağı anlamına gəlmir. Mərkəzi hökumət əvvəl-axır bir sıra səlahiyyətlərini bələdiyyələrə ötürməli olacaq:

“Bələdiyyə qurumunda təmsil olunmaq partiya üzvlərinə, xüsusilə gənclərə idarəetmə biliklərini, o cümlədən, əhali ilə işləmək biliklərini və vərdişlərini aşılayır. Ölkədə 1606 bələdiyyə qurumu var. Hər bələdiyyədə 1 nümayəndə olması sonda idarəetmə üzrə 1606 kadr yetişdirmək deməkdir”.

Samir Əliyev
Samir Əliyev

Samir Əliyev deyir ki, partiyanın kadr potensialının artırılmasını, o cümlədən yeni liderlərin formalaşmasının mexanizmlərindən biri də bələdiyyə qurumlarında təmsilçilikdir:

“Bələdiyyədə (şəhərlərdə bələdiyyə üzvü, kəndlərdə isə bələdiyyə sədri qismində) təmsilçilik müəyyən maliyyə təminatıdır. Bələdiyyə qurumunda iştirak həm də hökumətdən əks-mərkəzləşmə islahatları tələb etmək hüququnu və imkanlarını artırır”.

İqtisadçı əlavə edir, deyir, əlbəttə, seçkinin saxtalaşdırılması, bələdiyyələrin səlahiyyətlərinin və buna görə də maliyyəsinin olmaması arqument gətirilə bilər. Ancaq əhali ilə gündəlik təmasda olmağın ən uğurlu yolu məhz bələdiyyə qurumunda təmsil olunmaqdır:

“Əks-mərkəzləşmə islahatları əvvəl-axır olacaq”.

23 dekabr Azərbaycanda bələdiyyə seçkiləri keçiriləcək. Namizədin qeydə alınması üçün seçki sənədlərinin dairə seçki komissiyasına təqdim edilməsi noyabrın 22-dək davam edəcək. Seçkiqabağı təşviqat noyabrın 30-dan dekabrın 22-dək çəkəcək.

Ana səhifəSiyasət“Partiyaların bələdiyyə seçkilərindən imtinası doğru qərar deyil”