AXCP sənədləri təqdim edəcəyini, Pənah Hüseyn isə prosesin çətin olduğunu deyir
İyulun 1-də Prezident İlham Əliyevin “Siyasi partiyalar haqqında” Qanunu imzalamasının 180 günü tamam olub.
Bununla da partiyalar müvafiq nazirliyin Ədliyyə Sahəsində Xidmətlər Baş İdarəsinə qanunun tələblərinə əsasən 5 min üzv haqqında məlumat təqdim etməlidirlər.
Ötən 6 ayda 25-dən çox partiyanın fəaliyyətini dayandırmasını bir çox eksper 5 min üzv barədə məlumat təqdim edə bilmədikləri ilə əlaqələndirib.
Bəzi partiyaların yaydıqları açıqlamalarda isə bu məqam öz əksini tapmışdı.
Ancaq Hüquq və İnkişaf Birliyi Təşkilatının sədri, hüquqşünas Hafiz Həsənov yeni “Siyasi partiyalar haqqında” Qanunda həmin müddəanı konstitusiyaya zidd hesab edib.
Bu barədə Meydan TV-yə danışan Hafiz Həsənov vurğulayıb ki, vəziyyəti ağırlaşdıran qanunun geriyə qüvvəsi tətbiq olunmur:
“Bu, hüququn prinsipidir və Ana Yasada da bu məsələ öz əksini tapıb. Ona görə qeydiyyatdan keçən partiyaların üzvlərinin reyestrinin yeni qanuna uyğunlaşdırılması adıyla yenidən qeydiyyatdan keçməsi konstitusiyaya zidd haldır. İkincisi, həmin qanunla partiyalar 180 gün ərzində 5 min üzv barədə məlumat verməliydilər. Əgər bu olmadıqda, Ədliyyə Nazirliyinin Ədliyyə Sahəsində Xidmətlər Baş İdarəsi məhkəməyə müraciət edib, qanunun tələbini yerinə yetirməyən partiyanın qeydiyyatını ləğv etdirəcək. Belə olduqda, qeydiyyatdan keçən bir çox partiya hökumətin iradəsinə uyğun olaraq özlərini buraxdılar. Digər tərəfdən də, bəzi partiyalar 5 min üzv toplaya bilməyəcyini bildiklərindən öz iradələri ilə bu addımı atdı. Amma sadaladıqlarım mənfi haldır, çoxpartiyalılığa,fikir plüralizminə, rəqabətə uyğun deyil”.
Hüquqşünas deyir ki, qeydə alınmış partiyalar 5 min üzv haqqında sənədlər təqdim edəndən sonra növbəti dəfə qeydiyyata alınacaqlar:
“Qanuna əsasən, təsis sənədindəki dəyişikliklər o halda qüvvəyə minir ki, onlar reyestrdə qeydə alınsın. İndiki halda bir sıra partiyaların qurultayından sonra təsis sənədlərindəki dəyişikliklər qeydə alınmayıb. O zaman belə çıxır ki, qurultayın sədr seçdiyi adam həmin qurumun adından nə çıxış edə, nə sənədləri imzalaya, nə də bank əməliyyatları apara bilər”.
Hafiz Həsənovun sözlərinə görə, artıq iyulun 1-dən Ədliyyə Sahəsində Xidmətlər Baş İdarəsi partiyaların təqdim etdiyi siyahıların yoxlanma prosesini aparacaq:
“Ancaq şübhə yaradan prosesin nə qədər şəffaf aparılmasıdır. Yəni kim təminat verir ki, müxalif partiyalara üzv olanlara təzyiq göstərilməyəcək?!”.
Azərbaycan Xalq Partiyasının (AXP) sədri Pənah Hüseyn Meydan TV-yə deyib ki, yaxın 2 gündə 5 min üzv barədə sənədləri nazirliyin Ədliyyə Sahəsində Xidmətlər Baş İdarəsinə təqdim edəcəklər:
“Bu gün çatdıra bilmədik, yəqin ki, maksimum 2 gün sonra hazır olacaq, amma iyulun 10-a qədər vaxtımız var”.
Pənah Hüseyn sənədlərin hazırlanması prosesinin çox çətin olduğunu vurğuladı:
“Çox çətin və problemli oldu. Amma səy göstərdik, bunun üçün 50 nəfərlik İşçi Qrupu işlədi. Hazırda nazirliyə məktub hazırlanır, imzalayıb göndərəcəyəm“.
AXCP üzvü Seymur Həzi reyestrə tələb olunan sənədlərin hazır olduğunu və yaxın günlərdə təqdim edəcəklərini bildirib:
“5 min üzvlə bağlı hansısa çətinliyimiz olmadı, hər şey hazırdır, texniki məsələlər qalıb”.
Müsavat Partiyasının Divan üzvü Gülağa Aslanlı 5 min üzvlə bağlı hər hansı problemləri olmadığını vurğulayıb:
“Biz 5 min yox, 10 min nəfərin də siyahısını təqdim edə bilərik. Ancaq hələ vaxtımız var. Həm də Divanın qərarı olmalıdır, qərar qəbul ediləndən sonra müvafiq sənədlər Ədliyyə Nazirliyinə göndəriləcək”.
2022-ci ilin dekabrında Milli Məclisin “Siyasi partiyalar haqqında” Qanunu III oxunuşda qəbul edib.
Daxili və xarici etirazlara rəğmən, Prezident İlham Əliyev 2023-cü ilin yanvarında qanunu təsdiqləyib.
Yeni qanunun narazılıq doğuran maddələri sırasında partiyaların 5 min üzv toplaması və onların hər birinin reyestrdən keçirilməsi xüsusi yer tutur.