Partiyalar devalvasiya qərarına münasibət bildirdi

‘Hansısa ‘üzən məzənnə’yə keçid yoxdur, ölkə iqtisadiyyatı dərin böhran və defoltla üz-üzədir’

Source:


‘Hansısa ‘üzən məzənnə’yə keçid yoxdur, ölkə iqtisadiyyatı dərin böhran və defoltla üz-üzədir’

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Mərkəzi Bankın bazar ertəsi manatın “üzən məzənnə rejimi”nə keçməsi haqda qərarını pisləyən bəyanat yayıb.

Müəlliflər bu qərarı ölkə iqtisadiyyatına ciddi zərbə, vətəndaşların rifahına çox böyük mənfi təsir kimi dəyərləndirirlər. Bu qərarla bağlı daxili bazarda qiymətlərin qalxacağı, xalqın dolanışığının daha da  çətinləşəcəyi vurğulanır. Kreditlərin qaytarılmasında vətəndaşların ciddi problemlərinin yaranacağı deyilən sənəddə bunun bank sektorunun çökməsi ilə nəticələnə biləcəyi xəbərdarlığı edilir.

Hazırda istehlak kreditlərinin 7 milyard 684 milyon 300 min manat təşkil etdiyi, mövcud şəraitdə vətəndaşların bu kreditləri qaytara bilməsinin imkan daxilində olmadığı bildirlir. Müəlliflərə görə, əmək haqlarının aşağı olduğu indiki dövrdə manatın məzənnəsinin belə ucuzlaşması insanların sosial durumunu daha dözülməz hala sala bilər.

Son olaraq, müəlliflər iş yerlərinin bağlanmaması üçün biznes kreditlərinin faiz dərəcəsinin aşağı salınmasını, manatla olan əmanətlərin indeksləşdirilməsini, gündəlik tələbat mallarının qiymətinin artırılmasının qarşısının alınmasını, benzinin qiymətinin ucuzlaşdırılmasını təklif edirlər.

Müsavat Partiyası Divanında 21 dekabr qərarı geniş müzakirə olunub. Divan baş verən hadisəni hakimiyyətin iqtisadi siyasətinin iflası, əhalinin maddi rifahının kəskin şəkildə pisləşməsinə həlledici təsir edəcək və ümumilikdə ağır iqtisadi sarsıntılara səbəb olacaq bir hadisə kimi qiymətləndirib.

Bu haqda partiyanın ayrıca bəyanatla çıxış etməsi qərara alınıb.

“Ölkədə hansısa “üzən məzənnə”yə keçid yoxdur, ölkə iqtisadiyyatı dərin böhran və defoltla üz-üzədir və çıxış yolu da görümrəm”. Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu bunu Mərkəzi Bankın manatın “üzən məzənnə”yə keçməsi qərarını “Turan İA”-a şərh edərkən bildirib. Büdcəni doldurmaq üçün hər-hansı ehtiyat mənbə olmadığını deyən ADP sədri iqtidarı müxtəlif cərimələrlə bütün zərbəni xalqın üzərinə qoymaqda ittiham edib. Onun fikrincə, manatı dollar önündə ucuzlaşdırmaq yolu ilə qitidar büdcənin 50 faizini doldurub, yenidən həmin manatı xalqdan alanda yenə də qazanacaq.

Onun sözlərinə görə, 2016-cı ilin yanvar-mart aylarında manatın növbəti ucuzlaşması, neftin dəyərinin daha 10-15 dollar enəcəyi gözlənilir. “Bütün bunlar rəsmi Bakının yanlış siyasətinin nəticəsidir, buradan çıxış yolu da yoxdur, sosial kataklizmlər ola bilər ki, bu, bütün cəmiyyəti narahat edir”, – deyə S.Cəlaloğlu mövcud iqtisadi duruma qiymət verib. Üstəlik rəsmi Bakının Qərblə münasibətlərinin qaydasında olmadığını deyən ADP sədri ölkəyə heç bir dövlətin investisiya qoymaqda maraqlı olmadığını da nəzərə çatdırıb.

MB rəhbərliyini növbəti dəfə yalan danışmaqda ittiham edən ADP sədri bu ilin fevral devalvasiyasından öncə də MB-nin “devalvasiya olmayacaq” bəyanatı verməsinə diqqət çəkib.

 Ümid Partiyası manatın “üzən məzənnə”yə keçməsilə bağlı qərarı bu ildə manatın ikinci dəfə kəskin şəkildə dəyərini itirməsi kimi dəyərləndirir.

Müəlliflər bu durumun ölkəyə idxal edilən malların qiymətinin qalxmasına, əhalinin sosial-iqtisadi durumunun ağırlaşmasına səbəb olacağını bəyan edirlər. Eyni zamanda, müəlliflər sosial-iqtisadi durumun ağırlaşmasının qarşısını almaq üçün büdcədən maliyyələşən əmək haqlarını, təqaüd və müavinətlərin indeksasiya olunmasını, əhalinin bank əmanətlərinin indeksləşdirilməsini, neftin dünya bazarında ucuzlaşması fonunda yaranan büdcə kəsirlərini hökumətin əhalinin hesabına doldurmaq siyasətindən imtina etməsini təklif edirlər.

Son olaraq, müəlliflər ölkənin iqtisadi, maliyyə-kredit siyasətinin doğura biləcəyi siyasi fəsadların qarşısını almaq üçün dərhal müxalifətlə dialoqa başlamaq, çıxış yollarını birgə aramaq, problemlərin həllinə ortaq məsuliyyət müəyyən etmək təklif olunur.

Ana səhifəXəbərlərPartiyalar devalvasiya qərarına münasibət bildirdi