Ötən gün Yasamal Rayon Məhkəməsində keçirilən prosesdən sonra Vətəndaş və İnkişaf Partiyasının (VİP) həbsdə olan sədri Əli Əliyev aclıq aksiyasına başladığını demişdi. Bu gün isə partiya sədrinin müavinləri – Zaur Qasımov və Zeynal Abdullayev aclıq aksiyasına qoşulduqlarını elan ediblər. Onlar Əli Əliyevə qarşı növbəti ittihamın irəli sürülməsinə etiraz edirlər.
Əli Əliyev YAP-ın Binəqədi rayon təşkilatının sabiq sədri Ramiz Göyüşovun ona qarşı Cinayət Məcəlləsinin 148-ci maddəsi üzrə xüsusi ittiham qaydasında verdiyi şikayətin icraata götürülməsindən sonra aclıq aksiyasına başladığını elan edib. “Unikal.org” partiya sədrinin artıq aclığı dayandırdığı barədə xəbər yayıb. Məlumat, hələlik, təsdiqini tapmayıb.
Partiya sədri ötən il qəzaya uğrayan “Mi-17” helikopterində sağ qalan polkovnik-leytenant Emil Cəfərov və kapitan Ramin Ədilovun xüsusi ittiham qaydasında verdikləri şikayət əsasında Cinayət Məcəlləsinin 147.1-ci maddəsinə uyğun olaraq 6 ay müddətinə azadlıqdan məhrum olunub.