Partiya rəhbərlərinə səslənirəm…

Xalq nifrətin deyil, ümidin arxasınca gedir

Source:


Xalq nifrətin deyil, ümidin arxasınca gedir

Heç kimə sirr deyil ki, imperiyaların və böyük güc mərkəzlərinin dağılmasının ən əsas səbəblərindən biri də daxildəki mərkəzdənqaçma qüvvələrin aktivləşməsidir. Bu qüvvələr özləri siyasi hakimiyyət uğrunda radikal mübarizəyə başlayan ən aktiv oyunçulara çevrilirlər. Biz bunu yaxın tarixdə SSRİ-nin dağılmasından sonra fərqli respublikalarda, o cümlədən Azərbaycanda və Gürcüstanda keçmiş SSRİ kadrlarının hakimiyyətə gəlməsi ilə bir daha görmüş olduq. Bu tendensiyanın ən əsas səbəblərindən biri də hökumətdə təmsil olunan insanların heç bir ideoloji deyil, yalnız maddi maraq ətrafında birləşməsidir. Əlləri kifayət qədər xalqın qanına bulaşmış bu insanların düşüncəsində mərkəzi hakimiyyət zəiflədikcə, maddi maraq daha fərqli maraqla, təhlükəsizlik və ya hakimiyyəti ələ almaq maraqları ilə əvəz olunur və belə olan halda bütün oyun qaydaları dəyişir.

Mərkəzi hakimiyyətin zəifləməsi İlham Əliyevin prezidentlik dövründən başladı. Keçmiş prezident Heydər Əliyev zamanında istənilən naziri lazım olduqda xalqın qarşısında tənqid edir və həmin nazirin səlahiyyətlərinə dair iradlarını açıq şəkildə ifadə edə bilirdi. Bunu hakimiyyətin ilk dövrlərində edə bilməsə də, onu hakimiyyətə gətirən Surət Hüseynov kimilərini neytrallaşdırandan sonra istənilən şəxslə danışıq tonunu, davranışını və həmin şəxsə olan münasibətini onun fəaliyyətinə uyğun şəkildə qurmağı və ya ən azından bunu xalqa məharətlə yamsıtmağı bacarırdı. Bu da birbaşa hərkəsə “bütün güc mənim əlimdədir” mesajını verirdi. Onda belə bir sual ortaya çıxır: Bəs İlham Əliyev bunu niyə edə bilmədi və ya edə bilmir?

Heydər Əliyevin hələ SSRİ dövründə qazandığı nüfuzu onu hər hansı bir nazirin dəstəyinə və ya sədaqətinə möhtac etmirdi. Bütün nazirlər H.Əliyevdən gələn əmrlərin birbaşa icraediciləri olduğu üçün “xalqa xidmət” imitasiyasını yaratmaq çox asan idi. Eyni zamanda nazirləri vaxtaşırı danlamaqla H.Əliyev məsuliyyətdən asanlıqla yayına bilirdi.

İlham Əliyev dövründə isə gücün, yəni mərkəzi hakimiyyətin müəyyən bir hissəsi digər fiqurlara ötürülərək nazirləri icraedicidən oyunçuya çevirdi və ölkə siyasətində Ziya Məmmədov, Kəmaləddin Heydərov, Ramil Usubov və digər fiqurlar kifayət qədər zəngin maddi və insan resursları ilə peyda oldular. Bu insanları birləşdirən iki amilə – törətdikləri əməllərə və maddi marağa nəzər salaq. Məhz bu amillərə görə bu yeni fiqurlar iki böyük arzu ilə yaşayırlar: (i) sağ qalmaq, (ii) yığdıqları var-dövləti qoruyub saxlamaq. Vətəndaş müharibəsinə yol da məhz burdan başlayır.

Bu insanların yuxarıda qeyd edilən hər iki arzusunu bu hökumət həyata keçirir. Yəni bu hökumətə xidmət etməklə sən həm sağ və həm də varlı qalacaqsan. Lakin bir gün onlar inansalar ki, artıq hökumət bu funksiyanı yerinə yetirə bilmir, mərkəzi hakimiyyətə ilk xəyanət edənlər məhz özləri olacaqlar. Bəs onlar bu prosesi necə izləyirlər və inamları necə tükənə bilər? Gəlin bu prosesi daha detallı izah etməyə çalışaq.

Hazırkı vəziyyətdə ölkədə pul tükənmək üzrədir. Pulun tükənməsi ölkə iqtisadiyyatına iki tərəfdən sarsıdıcı zərbələr endirir. Bir tərəfdən dövlət büdcəsindən maliyyələşən insanların əmək haqları verilmir və bu da bazarda əhalinin alıcılıq qabiliyyətini tükədir. Digər tərəfdən isə ölkədə heç bir məhsul istehsal olunmadığından bütün məhsullar xaricdən alınır. Bu məhsulları almaq üçün hökumətə külli miqdarda xarici valyuta lazımdır ki, iqtisadiyyatın dövriyyə mexanizmini qoruyub saxlaya bilsin. Lakin neftin dəyəri ucuzlaşdığından ölkəyə dollar axını zəifləyib və hökumət bu əmtəəni xaricdən almağa pul tapa bilmir. Nəticədə ölkədə insanların alıcılıq qabilliyyəti azalıb və paradoksal görünsə də, ölkəyə gətirilən malların qiyməti durmadan artır. Marksın dili ilə desək, inqilablar kasıb təbəqənin köhnə qaydalarla yaşaya bilməməsi və yuxarı təbəqənin köhnə qaydalarla idarə edə bilməməsi səbəbindən baş verir.

Ölkə getdikcə barıt çəlləyinə bənzəyir. Nəzərə alaq ki, yeni oliqarxlar pulsuz muxalifət partiya sədrləri deyillər, bunlar, qeyd etdiyim kimi, kifayət qədər maddi sərvətə və insan resurslarına malik olan insanlardır. Bu insanların kifayət qədər həm xaricdə və həm də daxildə güclü şəbəkələri vardır. Bundan əlavə, hökumətin xaricə çıxartdığı pullar əsasən demokratik ölkələrin banklarındadır və hər kəs bu pulların Azərbaycan xalqına və dövlətinə aid olduğunu bilir. Hökumətə gələn adam, çətinliklə də olsa, bu pullara sahib ola bilər. Bu da həmin fiqurlar üçün hakimiyyətə gəlməkdən ötrü yeni maraq amilini yarada bilər.

Məsələyə digər tərəfdən, müxalifət tərəfindən baxaq. Keçirilən sorğulara əsaslansaq, xalq hələ hər hansı bir siyasi funksioneri xalq lider kimi qəbul edə bilmir. Xalq deyəndə söhbət siyasətə qoşulmayan əhalinin 80 faizindən gedir. Bunun üçün sorğuya əsaslanmağa da ehtiyac yoxdur. Əgər xalq ayağa qalxmırsa, demək ki, bu sahədə istədiyiniz nəticə əldə olunmayıb. Sözsüz ki, bunun obyektiv və subyektiv səbəbləri vardır. Belə olan halda hər bir rayonda, kənddə və ya ərazidə müəyyən qədər hörmətə malik olan şəxslər böhran vəziyyətində bu lider boşluğunu dolduracaqlar və ölkədə xanlıqlar dövrünə bənzər xırda qruplar yarana bilər. Bütün iqtisadiyyatın çökdüyü bir dönəmdə bu qrupların liderlərinə öz liderlik legitimliyini qorumaq və daha da irəliyə doğru hərəkət etmək üçün maddi resurslar və hətta silah lazım olacaq. Onda yuxarıda qeyd etdiyim nazir-oliqarxlar oyuna daxil olacaqlar və hər kəs özünə yaxın bildiyi toplumu silah və digər maddi resurslarla təmin edəcək. Bunun üçün bu şəxslərin Azərbaycanda yaşaması o qədər də vacib deyil. Ölkə vətəndaş müharibəsi dövrünə qədəm qoya bilər. Eyni zamanda, xarici dövlətlər silah satmaq və ölkəni parçalamaq üçün əsl bazar əldə edəcəklər. Ermənilərin bu fürsətdən necə istifadə edəcəyi də heç kimə sirr deyil.

Artıq yalnız “Facebook”da statuslar yazmaqla müxalifətçilik etməkdən çəkinmək lazımdır. Unutmayaq ki, “Facebook” sosial şəbəkə kimi bir informasiya kanalı rolunu oynayır. Bu kanaldan mübarizə metodları və ideoloji mesajlar axmalıdır. Lakin bizdə “Facebook”da status yazmaq bir məqsədə çevrilib və çoxu məhz burada aktivlik göstərməklə, “like”-lar yığmaqla özünü lider kimi göstərməyə çalışır və bununla da borcunu yerinə yetirmiş olur. Əksəriyyət jurnalistika muxalifəti ilə məşğul olmaqla və ifşaedici statuslar yazmaqla fəaliyyətini məhdudlaşdırır. Amma siyasi mübarizə yalnız hökuməti ifşa etməklə aparılmamalıdır, çünki biz demokratik bir rejimə qarşı deyil, diktatora qarşı mübarizə aparırıq. Bu mübarizədə hər kəs haqlı olaraq qorxur. Buna görə də xalq siyasətə qoşulmur. Bir daha vurğulamaq istəyirəm ki, xalq məlumatsızlıqdan deyil, qorxudan siyasətə qarışmır. Bu qorxunu da hökuməti ifşa etməklə aradan qaldırmaq mümkün deyil. Qorxunun aradan qaldırılmasının yolları mövcuddur. Bunun üçün rejimə qarşı mübarizənin strategiyası dəyişilməlidir. Strategiya ilə bağlı daha geniş formada şərh veriləcəkdir. Əgər strategiya dəyişilməsə, sosial partlayış üzündən küçələrə çıxmış yüzminlərlə insanı idarə etmək və vəziyyəti nəzarətdə saxlamaq mümkün olmayacaq.

Bu dediklərimi nəzərə alaraq, ilkin mərhələdə bütün müxalifət liderlərini, yalnız partiya rəhbərlərini, siyasi debatlara, ictimaiyyətə açıq və ya qapalı müzakirələrə səsləyirəm. İndi eqonu düşünmək zamanı deyil, bu xalq uçuruma gedir və onu yalnız bu xalqın öz ziyalıları, siyasi liderləri xilas edə bilər. Siyasi debatlar zamanı kimin ağıllı və bacarıqlı olduğu üzə çıxar və xalq da o şəxsin və həmin təşkilatın arxasınca gedər. Bu, bizim millət qarşısında borcumuzdur. Gəlin, dedi-qodu siyasətindən peşəkar siyasətə keçək və xalqda özümüzə qarşı inam yaradaq. Biz xalqda bu rejimə qarşı yalnız və yalnız nifrət yükləməklə məşğuluq. Xalq hər şeyi bilir. İlham Əliyevin oğru, YAP-ın da mafia olduğu nəinki xalqa, bütün dünyaya məlumdur. Bunun üzərində siyasi strategiya qurmaq uğursuz mübarizə metodudur. Unutmayaq ki, heç bir kütlə nifrətin arxasınca getmir. Xalq yalnız inam və ümidin arxasınca gedir və bu inamı yaratmaq yolları da mövcuddur.

Ana səhifəXəbərlərPartiya rəhbərlərinə səslənirəm…