Parlamentin növbədənkənar iclasında bir neçə qanuna dəyişkilik edilib

Maliyyə Bazarlarına Nəzarət Palatasına haqq ödəməyən bankların cərimələnməsi ilə bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik birinci oxunuşda müzakirəyə çıxarılıb

Foto: arxiv


''Ombudsmanın təklifləri məcburi şəkildə müzakirəyə təqdim edilməlidir, bilinsin ki, rədd olunmayacaq''

Milli Məclisin növbədənkənar sessiyasının ilk iclasında Deputat Tahir Kərimli təklif edib ki, Ombudsmana əlavə səlahiyyətlər verilsin: “Qanunvericiliyə hansısa formada dəyişiklik edilməlidir ki, Ombudsmanın təkliflərinə məcburi şəkildə baxılsın. Müvəkkilə belə bir hüquq verilməlidir. Yəni Ombudsmanın qanunvericilik təklifinin məcburi olaraq parlamentin komitəsində müzakirəyə çıxarılması qanunvericilikdə əksini tapsın”.

Spiker Oqtay Əsədov Ə.Hüseynliyə deputatın təklifinə qanun layihəsinin üçüncü oxunuşunda baxılmasını tövsiyə edib.

Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib ki, 2004-cü ildən indiyədək Azərbaycan İnsan Hüquqları Müvəkkili Milli Məclisə 25 təklif verib. “Bu, qanunlara əlavələr, dəyişikliklərdir və qəbul edilib.

Azərbaycan Respublikasının İnsan hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında” Konstitusiya qanunu layihənin ikinci oxunuşunda qəbul edilib.


““Azərbaycana xoş gəlmisiniz!” müraciəti əcnəbilərə ünvanlanıb”

Komitə sədri Əli Hüseynli Azərbaycana gələn əcnəbilərin qeydiyyata alınması ilə bağlı qanunvericlik və təyyarədə edilən xəbərdaləqla bağlı da açıqlama verib:

“Azərbaycana xoş gəlmisiniz!” müraciəti əcnəbilərə ünvanlanıb. Burada məlumat verilir ki, 15 gün müddətində “ASAN xidmət” və ya Dövlət Miqrasiya Xidməti vasitəsilə qeydiyyata alınmaq lazımdır. Bu mətn çox yumşaq və qonaqpərvər bir müraciətdir. Bunun məqsədi ancaq əcnəbilərin xeyrinədir. Əcnəbi gəldi, bilmədi, sonra qeydiyyata düşmədisə, cərimə tətbiq olunur. Bu situasiya daha pisdir, nəinki təyyarədə bununla bağlı elan vermək”.

Miqrasiya Məcəlləsinə dəyişiklik layihəsinin I oxunuşda müzakirəsi zamanı deputat Qüdrət Həsənquliyev bildirmişdi ki, təyyarə ilə Azərbaycana gələndə elan verilir ki, ölkədə 15 gündən çox qalanda müvəqqəti qeydiyyata düşülməlidir:

“Bu xaricilərdə mənfi təəssürat yaradır ki, ölkədə insanlar üzərində total nəzarət var. Bəzən ABŞ-a, Böyük Britaniyaya uçanda rastlaşmışam ki, təyyarədə kart paylayırlar. Şəxs onu doldurur və orada qeyd edir ki, ölkəyə daxil olandan sonra hansı oteldə, yaxud hansı ünvanda yaşayacaq. Viza alanda da eynilə viza üçün lazım olan sənədləri dolduranda orada qeyd edir ki, ölkəyə daxil olacaq və hansı ünvanda yaşayacaq”.

Deputat bu məsələni ölkənin siyasi rəhbərliyi ilə bir daha müzakirə olunmasını təklif etmişdi.

Müzakirələrdən sonra Miqrasiya Məcəlləsinə ikinci oxunuşda dəyişikliklər edilib. Dəyişikliyə əsasən, Azərbaycanda fəaliyyət göstərən banklara müddətli zəmanət müqaviləsi əsasında azı 100 min manat məbləğində pul vəsaiti qoyan əcnəbiyə ölkədə yaşamaq icazəsi veriləcək.

Dəyişikliklə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin uzadıldığı halların da sayı artırılıb.


Maliyyə Bazarlarına Nəzarət Palatasına haqq ödəməyən banklar cərimələnəcək

Maliyyə Bazarlarına Nəzarət Palatasına haqq ödəməyən bankların cərimələnməsi ilə bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik birinci oxunuşda müzakirəyə çıxarılıb.

Komitə sədri Əli Hüseynli bildirib ki, İnzibati Xətalar Məcəlləsində dəyişiklik maliyyə bazarlarına nəzarət orqanına haqların ödənilməməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədilə təklif edilir.

Layihəyə əsasən, İXM-nin 471-ci maddəsi yeni redaksiyada verilib: "Banklar və xarici bankların yerli filialları, bank olmayan kredit təşkilatları, sığorta bazarının peşəkar iştirakçıları, poçt rabitəsinin milli operatoru, kredit büroları, idman mərc oyunlarının operatorları, qiymətli kağızlar bazarında fəaliyyəti lisenziyalaşdırılan şəxslər və mərkəzi depozitar, lotereya təşkilatçısı, investisiya fondları və onların idarəçiləri tərəfindən qanuna uyğun olaraq müəyyən edilən məbləğdə və qaydada haqların müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) ödənilməməsinə görə – vəzifəli şəxslər 1 000 manat məbləğində, hüquqi şəxslər 3 000 manat məbləğində cərimə edilir.


“Aqrar sığorta haqqında” Qanun ikinci oxunuşda dəyişdi

Kənd təsərrüfatı məqsədləri ilə yetişdirilən dovşanlar, su heyvanları, dəvə, lama və dəvəquşuları aqrar sığortanın predmeti sırasından çıxarılıb.

“Aqrar sığorta haqqında” Qanun layihəsinin birinci oxunuşunda aqrar sığortanın predmetləri sırasında qeyd edilən ev quşları, arı ailələri də layihədən çıxarılıb və ikinci oxunuşda ümumilikdə kənd təsərrüfatı məqsədi ilə yetişdirilən heyvanlar aqrar sığortanın predmeti sırasına daxil edilib.

Digər dəyişikliklər çoxillik əkmələr, onların məhsullarının və akvakultura məhsullarının da aqrar sığortanın predmeti sırasına daxil edilməsidir.

Karantin və məhdudiyyət tədbirləri tətbiq edilən ərazidəki və ya xəstə kənd təsərrüfatı heyvanlar və akvakultura məhsulları isə aqrar sığorta predmeti ola bilməz.

Qanun layihəsinin ikinci oxunuşuna əsasən, aşağıdakılar aqrar sığortanın predmeti sayılır:


– kənd təsərrüfatı bitkiləri və bitkiçilik məhsulları (çoxillik əkmələr və onların məhsulları da daxil olmaqla);


– kənd təsərrüfatı heyvanları və kənd təsərrüfatı məqsədi ilə yetişdirilən heyvanlar;


– Akvakultura məhsulu.

Layihədə qeyd edilib ki, həmin predmetlərin tərkibi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq II oxunuşda qəbul edilib.

Sənəd aqrar sahədə risklərin müştərək sığorta mexanizmi vasitəsilə sığortalanması ilə bağlı münasibətləri tənzimləyir, aqrar sığortanın hüquqi, iqtisadi və təşkilati əsaslarını müəyyən edir.

Qanuna əsasən, kənd təsərrüfatı məhsullarının istehsalçıları aqrar sığorta predmetləri üzrə risklərin bir və yaxud bir neçəsindən sığorta qaydalarına əsasən sığortalanır.

Ana səhifəXəbərlərParlamentin növbədənkənar iclasında bir neçə qanuna dəyişkilik edilib