Son iclasda deputatlar 28 məsələni təsdiqləyiblər
Milli Məclisin növbədənkənar sessiyasının sonuncu plenar iclası keçirlib. İclasda “2019-cu il dövlət büdcəsi haqqında” qanunda dəyişiklik layihəsi üçüncü oxunuşda qəbul olunub.
Layihəyə əsasən, ölkədə minimum əmək haqqının və pensiyanın artırılması ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) büdcəsinin 200 milyon manat, İşsizlikdən Sığorta Fondunun isə büdcəsinin isə 15 milyon artırılması zərurəti yaranıb. Həmin xərclərin qarşılanması üçün məcburi dövlət sosial sığorta haqları üzrə 350 milyon manat əlavə daxilolma nəzərdə tutulur.
Bununla əlaqədar “Büdcə sistemi haqqında” qanunun tələbləri gözlənilməklə əlavə 2019-cu il üzrə icmal büdcənin xərclərinin yuxarı həddinin 215 milyon manat artırılması və dövlət büdcəsindən DSMF-nin gəlir və xərclərinin balanslaşdırılması üçün fonda ayrılan vəsaitin məbləğinin 150 milyon manat azaldılması nəzərdə tutulur.
“İşsizlikdən Sığorta Fondunun 2019-cu il büdcəsi haqqında” qanuna dəyişikliyə əsasən, Fondun gəlirləri və xərcləri artırılaraq 98 451 400 manata çatdırılır.
“Məhkəmələr və hakimlər haqqında” qanuna dəyişikliklərə əsasən, hakimlərə aylıq vəzifə maaşı həcmində onların vəzifə maaşına əlavə ödəniləcək. Layihəyə görə, Ali Məhkəmənin sədrinə Milli Məclis sədrinin aylıq vəzifə maaşı həcmində – 2 475 manat əməkhaqqı veriləcək. Bundan başqa, onlara məzuniyyətə çıxdıqları vaxt məzuniyyət haqqı, 2 aylıq əməkhaqqı məbləğində müavinət verilməsi nəzərdə tutulur.
Həmçinin səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün hakimlərə vəzifə maaşının 25 faizi miqdarında vergidən azad olunan aylıq pul təminatı veriləcək.
“İşsizlikdən Sığorta Fondunun 2019-cu il büdcəsi haqqında” qanuna dəyişiklik layihəsi qəbul edilib. Qanunla İşsizlikdən Sığorta Fondunun 2019-cu il büdcəsinin gəlirləri və xərcləri artırılaraq, 98 451 400 manata çatdırılır.
Əmək pensiyalarının minimum məbləğinin artırılması ilə bağlı “Əmək pensiyaları haqqında” qanuna dəyişiklik layihəsi də təsdiqlənib. Prezident İlham Əliyevin qanunvericilik təşəbbüsü ilə parlamentə göndərdiyi layihəyə əsasən, qanunun 6-1-ci maddəsinin (Əmək pensiyasının minimum məbləği) mətni yeni redaksiyada verilir:
“Əmək pensiyasının minimum məbləği 2019-cu il 1 oktyabr tarixindən 200 manat məbləğində müəyyən olunur. Təyin edilən əmək pensiyasının məbləği əmək pensiyasının minimum məbləğindən aşağı olduqda, həmin məbləğə çatdırılmaqla ödənilir”.
İclasda gündəlikdə olan 28 məsələ təsdiqlənib.