Siqaret çəkilməsi qadağan edilən yerlərin adı açıqlandı
“Tütün məmulatlarından (siqaret) sulu qəlyan və elektron siqaretdən istifadəyə eyni zamanda xüsusi ayrılmış yerlər istisna olmaqla, motel, hostel, habelə fiziki şəxslərin gecələməsi və ən azı 24 saat ərzində qala biləcəkləri digər yerləşdirmə obyektlərində də icazə verilməyəcək”.
Bu barədə “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanun layihəsini üçüncü oxunuşda təqdimatı zamanı Əmək və sosial siaysət komitəsinin sədri Hadi Rəcəbli məlumat verib.
O qeyd edib ki, ikinci oxunuşdan fərqli olaraq qanun layihəsinə əlavələr edilib.
Digər yeniliyə əsasən, tütün məmulatlarından (siqaret), qəlyandan və elektron siqaretdən istifadənin qadağan edildiyi yerlərdə bunlardan istifadə edənlər üçün xüsusi yerlərin ayrılması ilə bağlı tələb aradan qaldırılır. Yəni onlar istəsələr, yarada bilərlər, istəməsələr yox. Bu, artıq onların qarşısında şərt kimi qoyulmayacaq. Bu düzəlişə səbəb bir sıra yerdə tütündən istifadə üçün xüsusi yerlərin yaradılmasına şərait olmamasıdır.
Layihəni ikinci oxunuşunda sponsorluqla yanaşı, xeyriyyəçilik də qadağan idi. Düzəlişlərə əsasən, isə tütün məmulatları şirkətlərinin xeyriyyəçilik missiyasına da icazə verilir.
Deputat Siyavuş Novruzov deyib ki, Azərbaycanda tütünçülüyün inkişafı ilə bağlı xüsusi proqramlar qəbul edilir, bir tərəfdən isə tütündən istifadəni məhdudlaşdırırıq.
“Təbii ki, vətəndaşımızın sağlamlığı vacibdir. Amma bu məsələni elə müəyyənləşdirməliyik ki, büdcəyə də ziyan etməsin. Bildiyiniz kimi, Azərbaycana turist axını başlayıb. Onların hər biri öz mədəniyyətini göstərir. Ölkəmizə gələnlər arasında ərəblərin sayı çoxalıb. Əgər ərəbin sulu qəlyan və ya tütünlə bağlı hər hansı istək, arzusu varsa və restoranlar da bunu həyata keçirmək istəyirsə, biz buna yol verə bilmərik. Belə olan halda, sulu qəlyandan istifadə etmək istəyənlər üçün də ayrıca yerlər ayrılmalıdır.Ümumiyyətlə, istənilən məsələ də qanunun aliliyi qorunmalıdır”.
Spiker Oqtay Əsədov isə bildirib ki, tütün istehsal etmək ondan istifadə etmək anlamına gəlmir. “Bunlar ayrl-ayrı məsələlərdir. Tütün istühsalı əsasən xarici ölkələrə ixrac üçün nəzərdə tutulub”.
Qanun layihəsinə əsasən tütün məmulatlarından (siqaret) sulu qəlyan və elektron siqaretdən bu yerlərdə istifadə qadağandır:
– təhsil və tərbiyə müəssisələri, onların əraziləri;
– səhiyyə, reabilitasiya və sanatoriya-kurort müəssisələri, onların əraziləri (açıq məkanlar və xüsusi ayrılmış qapalı yerlər istisna olmaqla. Belə yerlərə dair tələblər müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunacaq);
– mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün müəssisə, idarə və təşkilatlar, iş yerləri (açıq məkanlar və xüsusi ayrılmış qapalı yerlər istisna olmaqla);
– idman yarışları və başqa kütləvi tədbirlərin keçirildiyi zallar;
– restoranlar, kafelər, barlar daxil olmaqla, ictimai-iaşə obyektləri (açıq məkanlar və xüsusi ayrılmış qapalı yerlər istisna olmaqla)
– ticarət obyektləri;
– məişət obyektləri;
– sosial xidmət müəssisələri;
– yerləşdirmə vasitələri (tütün çəkənlər üçün mehmanxanalarda otaqlar və xüsusi yerlər ayrılmasına icazə verilir);
– teatr və kinoteatrlar, sirk binaları, sərgi və nümayiş salonları, oxu zalları, kitabxanalar, muzeylər, habelə digər mədəniyyət obyektləri;
– uşaq meydançaları;
– yerüstü qapalı və yeraltı piyada keçidləri;
– müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə hərəkət edən avtobuslar, sərnişin daşımaları üzrə ümumi istifadədə olan avtomobil nəqliyyatı vasitələri və taksi minik avtomobillər;
– metropoliten stansiyalarının vestibülləri, keçidləri, platformaları və vaqonları;
– hava nəqliyyatı vasitələri, dəmiryolu qatarları (qatarın xüsusi ayrılmış yerləri istisna olmaqla). Su nəqliyyatı vasitələri (xüsusi ayrılmış yerlər istisna olmaqla);
– tütün çəkmək üçün xüsusi ayrılmış yerlər istisna olmaqla hava və dəniz (çay) limanlarının inzibati binaları, dəmir yolu vağzalları, avtovağzallar (avtostansiyalarda) və avtobusların dayanacaq məntəqələri;
– liftlərdə və çoxmənzilli yaşayış binalarının ümumi istifadədə olan yerlər;
– taksofonlar;
– yanacaqdoldurma məntəqələri, o cümlədən tezalışan maddələrin saxlandığı bina və müəssisələr;
Bu tələblərin pozulması İnzibati Xərtalar Məcəlləsində nəzərdə tutulmuş məsuliyyətlərə səbəb olacaq.
Layihə səsə qoyularaq qəbul olunub.