“Parlament seçkisi bir siyasi qüvvənin üstünlük təşkil etdiyi mühitdə baş verir”

“Ölkədə siyasi məhbus probleminin ciddi hal aldığı və onların azad olunması barədə yerli və beynəlxalq ictimaiyyətin mütəmadi çağırışları durmadan artmasına baxmayaraq əhəmiyyət verilmir”

Source:


“Ölkədə siyasi məhbus probleminin ciddi hal aldığı və onların azad olunması barədə yerli və beynəlxalq ictimaiyyətin mütəmadi çağırışları durmadan artmasına baxmayaraq əhəmiyyət verilmir”

Demokratik Təşəbbüslər İnstitutu (İDİ) 1 noyabr seçkilər öncəsi hesabatını yayıb. Meydan TV-yə daxil olan hesabat 8 fəsildən ibarətdir.

Xülasə hissəsində bildirilir ki, Azərbaycanın tək palatalı parlamenti olan Milli Məclis 125 bir mandatlı seçki dairəsindən beş illik müddətə seçilir. Əvvəlki parlament seçkiləri 2010-ci ilin 7 noyabrda keçirilmişdir. 2015 Parlament seçkiləri isə 29 avqust 2015-ci il tarixdə imzalanmış Prezident sərəncamı ilə Konstitusiyaya uyğun olaraq noyabr ayının ilk bazar günü  – 1 noyabr 2015-ci ilə təyin edildi.

Seçkilərin texniki təşkilini təkmilləşdirmək üçün tədbirlər görülsə də, Azərbaycanda hələ də seçkilərin demokratik mühitinin yaradılmasında ciddi çətinliklər mövcuddur: “Son 12 ildə 17 dəfə Seçki Məcəlləsinin 200-dək müxtəlif maddəsinə ictimai konsensuns əldə etmədən əlavə dəyişikliklər edilib. Məcəlləyə edilən dəyişikliklər isə çox halda mövcud olan normaları daha da antidemokratik vəziyyətə gətirən, azadlıqları daraldacaq normalar olub. Seçki müddətinin 60 günədək qısaldılması, buna uyğun olaraq imza toplama müddətinin 2 dəfə azaldılması, siyasi təşviqat müddətlərinin 22 günə salınması, təşviqat üçün mövcud olan platformaların sayının azaldılması, sərbəst toplaşma yerlərinin hər rayonda cəmi bir yer ilə məhdudlaşdırılması, dövlətin Kütləvi İnformasiya Vasitələrində (KİV) təşviqat imkanlarının məcəllədən çıxarılması, könüllü pul depozitinin ləğv olunması  və digər  mövcud imkanların məhdudlaşdırılması baş verib. Seçki Məcəlləsindəki son dəyişikliklər namizədlər və partiyaların öz fikirlərini seçicilərə çatdırmaq imkanını faktiki olaraq məhdudlaşdırır. Seçkilər üçün hazırlıqlar 2015-ci ilin yanvar ayından etibarən davam etməkdədir və MSK aşağı səviyyəli komissiyalar üçün təlimlər təşkil edir. Seçicilərin siyahısı yenilənsə də, dövlət qurumları arasındakı seçici sayındakı fərq qalmaqdadır. Seçicilərin siyahıda adlarını yoxlamaq və düzəlişlər, əlavələri tələb etməsi üçün imkanlar mövcuddur”.

Hesabatda qeyd olunur ki, seçkilər beynəlxalq qurumların və yerli ictimai-siyasi təşkilatların çağırışlarına baxmayaraq, hakim partiya ilə әsas müxalif qüvvələr və vətəndaş cəmiyyəti arasında dialoqun yoxluğu ilə səciyyәlənәn siyasi mühitdə cәrәyan edir. Ölkədə siyasi məhbus probleminin ciddi hal aldığı və onların azad olunması barədə yerli və beynəlxalq ictimaiyyətin mütəmadi çağırışları durmadan artmasına baxmayaraq əhəmiyyət verilmir. Müstəqil vətəndaş cəmiyyəti təşkilatlarının fəaliyyəti iflic edilib və onların gələcək fəaliyyət imkanları qeyri-müəyyən vəziyyətə salınıb. Həbslər, diffamasiya üzrə məhkəmə prosesləri,  maliyyə sanksiyaları, bank hesablarına həbs qoyulmalar, müəyyən bəhanələrlə uzun-uzadı istintaqlara cəlb edilmələr və jurnalistlər üzərində digər təzyiq formaları Azərbaycanda media azadlığına ciddi təsir edir və demokratik seçki prosesinə xas olan ideyaların sərbəst ifadə edilməsi üçün əlverişli olmayan mühit yaradır.

Demokratik Təşəbbüslər İnstitutu Ədliyyə Nazirliyinin onları qeydə almamasına da toxunub. Bütün daxili məhkəmə instansiyalarına baş vurulsa da, məhkəmə Ədliyyə Nazirliyinin imtinasını qüvvədə saxlayıb. Aprelin 6-da IDI hüquqarının təmin olunması üçün İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə (IHAM) müraciət edib.

İnstitut hesab edir ki, 1 noyabr seçkisi bir siyasi qüvvənin üstünlük təşkil etdiyi bir mühitdə baş verir.  Parlamentdə təmsil olunan 11 partiyadan biri olan hakim Yeni Azərbaycan Partiyasının (YAP) rəhbəri hazırkı dövlət başçısıdır və bu partiya 125 yerlik ölkə parlamentində 69 deputatla çoxluq təşkil edir. Parlamentdə təmsil olunan sayca ikinci böyük qrup 42 müstəqil deputatdan ibarətdir ki, onlar da, adətən, səsvermədə hakim partiyanın tərəfində çıxış edirlər.  Qalan 12 yeri on siyasi partiya tutmuşdur. Mövcüd parlamentdə 5 yer hal-hazırda boşdur. Müxalif siyasi partiyalar olan Müsavat və Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) 2010-cu il seçkilərində parlamentdə təmsil olunmaq imkanını itirmişdirlər. 2009-cu ildə yaradılmış müxalif Respublikaçı Alternativ (REAL) Hərəkatının sədri və prezidentliyə namizədi İlqar Məmmədov 2013-cü ilin fevral ayından barəsində İHAM-ın dərhal azad olunmasıyla bağlı qərar olmasına baxmayaraq, hələ də həbsdə saxlanılır. O, İsmayıllıda baş verən vətəndaş etiraz aksiyalarından bir gün sonra ora gedib, vətəndaşlarla görüşdüyünə görə “hadisələrin təşkilatçısı” kimi qondarma ittihamla 7 il həbs cəzasına məhkum edilib. Seçkilər Ermənistanla Azərbaycan arasında davam etməkdə olan Qarabağ münaqişəsi və Azərbaycan ərazisinin 20 faizə yaxın hissəsinin işğal olunduğu bir şəraitdə həyata keçiriləcək. Bu vəziyyət həmin ərazilər üzrə seçkilərin keçirilməsini, xüsusilə də, çox saylı məcburi köçkünlər üçün səsvermənin təşkilini çətinləşdirir. Həmçinin işğal faktı Dağlıq Qarabağın erməni əhalisinin seçkilərdə iştirakına şərait yaratmağa imkan vermir.

IDI 1 noyabr 2015-ci ildə keciriləcək Parlament seçkiləri öncəsi vəziyyətlə bağlı aşağıdakıları təklif edir:

⦁    Yerli və beynəlxalq təşkilatlarının, aparıcı Qərb ölkələrinin cağırışlarına diqqət yetirilməli, demokratik seçki mühitinin yaradılması üçün siyasi və vicdan məhbusu kimi tanınan şəxsləri həbsdən azad edilməlidir;

⦁    Azad və ədalətli seckilərin kecirilməsi ucun söz və ifadə azadlığı təmin edilməli, habelə həbsdə olan jurnalistlər, blogerlər azad edilməlidirlər;

⦁    Seçki Məcəlləsinin ATƏT və Avropa Şurası Venesiya Komissiyasının tövsiyələri əsasında təkmilləşdirilməsi istiqamətində yerli və beynəlxalq təşkilatların hüquqi təşəbbüsləri dəstəklənməlidir.

⦁    MSK tərəfindən qəbul olunmuş normativ xarakterli aktların Seçki Məcəlləsilə  uyğunsuzluqları aradan qaldırılmalı, Məcəllənin tələbləri və beynəlxalq qurumların müvafiq tövsiyələri yerinə yetirilməlidir.

⦁    Sərbəst toplaşmaq və birləşmək azadlığnın təmin olunması yönündə ciddi tədbirlər həyata kecirilməli, bu məqsədlə siyasi partiyalar və QHT-lərə sərbəst fəaliyyət imkanları yaradılmalıdır.

⦁    Piket, mitinq və yuruşlərin kecirilməsi ucun mərkəzdə yerlər müəyyən olunmalı və aksiyaların təhlükəsizliyi təmin edilməlidir;

⦁    Seçki komissiyalarına və seçki prosessinə yerli icra strulturlarının, vəzifəli şəxslərin müdaxilələrinə birdəfəlik son qoyulmalıdır;

⦁    Məhkəmə hakimiyyətinin müstəqilliyi təmin edilməli, məhkəmələrə və  hakimlərə siyasi basqılar aradan qaldırılmalıdır;

⦁    Seçkilərdə ictimai etimadın və rəqabətli mühitin yaradılması üçün televiziyalarda, o cümlədən İctimai televiziyada muxalif və mustəqil namizədlərin debatları təşkil edilməli, fikir pluralizmi təmin edilməlidir;

⦁    Seçki dairələrinin təşkili zamanı yaranan qeyri-bərabərlik araşdırılmalı və seçicilərin orta təmsilçilik norması təmin olunmalıdır.

⦁    MSK secici siyahılarının vəziyyəti ilə bağlı meydana çıxan qüsurları aradan qaldırmaq üçün tədbirlər həyata kecirməlidir;

⦁    Seşki komissiyalarının üzvləri və hakim korpusuna  seçki qanunvericiliyinin tətbiqi və buna dair İnsan Hüquqları üzrə Avropa Konvensiyası, eləcə də İHAM-ın presdent hüququnun istifadəsini stimullaşdırmaq üçün səmərəli təlimlər keçirilməlidir;

Ana səhifəXəbərlər“Parlament seçkisi bir siyasi qüvvənin üstünlük təşkil etdiyi mühitdə baş verir”