Parlament büdcə zərfinə daxil olan qanun layihələrini təsdiqlədi

2019-cu ilin büdcəsi 25 milyardı keçdi

Source:
Milli Məclis
Milli Məclis


2019-cu ilin büdcəsi 25 milyardı keçdi

Milli Məclisdə 2019-cu ilin büdcə zərfinə daxil olan qanun layihələri yekun – üçüncü oxunuşda səsverməyə çıxarılıb. İclasda Baş nazir Novruz Məmmədov və iqtisadi kabinetə daxil olan müvafiq icra hakimiyyəti orqanlarının rəhbərləri də iştirak edib.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə bildirib ki, “2019-cu ilin dövlət büdcəsi haqqında” qanun layihəsi ətrafında aparılan müzakirələr zamanı bəzi təkliflər nəzərə alınıb və büdcə xərcləri ilk oxunuşda nəzərdə tutulan məbləğdən əlavə vəsait artırılıb.

2019-cu ilin büdcə zərfi ilə bağlı layihənin birinci oxunuşunda dövlət büdcəsinin gəlirləri 22,9 milyard manat, xərcləri isə 24,7 milyard manat səviyyəsində proqnozlaşdırılırdı.

Parlament 2019-cu il üzrə dövlət büdcəsinin gəlirlərini 23 168 mln. manat, xərclərini 25 190 mln. manat, büdcə kəsirini 2 022 mln. manat səviyyəsində təsdiqləyib.

2019-cu il dövlət büdcəsinin gəlirləri üzrə proqnozun 7 316,0 mln. manatı Vergilər Nazirliyinin xətti ilə daxilolmaların, 11 364,3 mln. manatı ARDNF-dan transfertlərin, 3 702,6 mln. manatı Dövlət Gömrük Komitəsinin xətti ilə daxilolmaların, 785,6 mln. manatı isə digər gəlirlərin payına düşür.

2019-cu il dövlət büdcəsinin neft gəlirlərinin hesablanamasında orta ixrac qiyməti 60 ABŞ dolları nəzərdə tutulub.

DSMF xərcləri artırıldı, İşsizlikdən Sığorta Fondunun xərcləri azaldıldı

Milli Məclis Dövlət Sosial Müdafiə Fondunun və İşsizlikdən Sığorta Fondunun büdcəsini üçüncü oxunuşda təsdiqləyib.

“Sosial təminatı və sosial müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2019-cu il büdcəsi haqqında” qanun layihəsinə əsasən Dövlət Sosial Müdafiə Fondunun gəlirləri 3 928,1 mln. manat həcmində proqnozlaşdırılıb. Bu da 2018-ci ilin müvafiq proqnoz göstəricisindən 349,3 mln. manat və ya 9,8 faiz çoxdur.

2019-cu ildə də Fondun gəlirlərinin məcburi dövlət sosial sığorta haqlarından, sair gəlirlərdən və Fondun büdcəsinin balanslaşdırılması məqsədilə dövlət büdcəsinin öhdəliklərinin maliyyələşdirilməsi üçün dövlət büdcəsindən ayrılan vəsaitlərdən ibarət olacağı nəzərdə tutulub.

2019-cu ildə Fondun xərcləri 3 928,1 mln. manat olacağı nəzərdə tutulub ki, bu da 2018-ci ilin müvafiq proqnoz göstəricisindən 349,3 mln. manat və ya 9,8% çoxdur.

“İşsizlikdən Sığorta Fondunun 2019-cu il büdcəsi haqqında” qanun layihəsinə əsasən, 2019-cu ildə Fondun gəlirləri üzrə 8 3451,4 min manat məbləğində nəzərdə tutulub ki, bu da Fondun 2018-ci il üçün təsdiq edilmiş gəlirləri ilə müqayisədə 5 588,6 min manat və ya 6,3% azdır. Fondun gəlirləri büdcədən maliyyələşən təşkilatlar, büdcədən maliyyələşən təşkilatlarda işləyənlər, qeyri-büdcə sektoru və sair gəlirlər üzrə proqnozlaşdırılıb.

2019-cu ildə Fondun xərcləri 83 451,4 min manat nəzərdə tutulub. Həmin vəsait 2018-ci il üçün təsdiq edilmiş proqnoz göstəricisindən 5 588,6 min manat və ya 6,3% azdır.

Ehtiyac meyarı 143 manat təsdiqləndi

“2019-cu il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihəsinə əsasən ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə gələn il üçün ehtiyac meyarının həddi 143 manat məbləğində müəyyən edilib.

Bununla yanaşı, 2019-cu il üçün yaşayış minimumunun ölkə üzrə 180 manat, əmək qabiliyyətli əhali üçün 191 manat, pensiyaçılar üçün 149manat, uşaqlar üçün 160 manat müəyyən edilməsini nəzərdə tutulub.

Milli Məclis və Hesablama Palatasının xərcləri artırıldı

Milli Məclisin 2019-cu il üçün saxlanılma xərclərinin 37,17 mln. manat olması proqnozlaşdılıb.

“Hesablama Palatasının 2019-cu il üçün xərclər smetası haqqında” qanun layihəsində Palata üzrə xərclər smetasının ümumi məbləği 4 368 941 manat proqnozlaşdırılıb. Bununla da, Hesablama Palatasının gələn il üçün saxlanma xərcləri 13,42% artırılıb.

Qanun layihələri üçüncü oxunuşda səsverməyə çıxarılaraq təsdiq edilib.

Ana səhifəXəbərlərParlament büdcə zərfinə daxil olan qanun layihələrini təsdiqlədi