Parlament 90 dəqiqəyə 52 məsələni təsdiqlədi

Deputatlar tətilə çıxdı

Source:
Milli Məclis
Milli Məclis


Deputatlar tətilə çıxdı

“Deyəsən, iclas başlamamış yorulmuşuq. Xahiş edirəm, səs salmayın, səsvermə gedir”.

Bunu Milli Məclisin payız sessiyasının dekabrın 28-də keçirilən son iclasında spiker Oqtay Əsədov deyib. O, səsvermə zamanı yerindən danışan və səs-küy salan deputatlara irad tutub.

2 saatdan da az davam edən iclasda ümumilikdə 52 məsələ müzakirəyə çıxarılıb və təsdiqlənib. Qanun layihələrindən yalnız “İcbari tibbi sığorta” haqqında qanunun müzakirəsi zamanı 4-5 deputat çıxışa yazılıb. İlk çıxış edən deputat Vahid Əhmədov deyib ki, İcbari Tibbi Sığortanın tətbiqi hamının çoxdan gözlədiyi qanun layihəsidir. O, müzakirəyə ehtiyac olmadığını deyərək, hamını səs verməyə çağırıb.

Çıxışa yazılan Elmira Axundova isə söz demək üçün israr edib. Bu zaman yerdən “danışmasan olmaz?” deyə etiraz edən həmkarlarına cavab olaraq, Elmira Axundava “xeyr, olmaz, bizim işimiz danışmaqdır”, – söyləyib.

Gündəlikdə olan son məsələ 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə Milli Məclisin müraciətinin səsləndirilməsi və təsdiqlənməsi olub.

Müraciəti Milli Məclisin sədr müavini Bahar Muradova oxuyub. Müraciətdə dünyadakı azərbaycanlıların milli birliyinin vacibliyi qeyd olunub.

Bildirilib ki, Qarabağ hər bir azərbaycanlının ağrılı yeridir:

“Bütün dünya azərbaycanlıları səylərini artırsalar, bu problemin həllini daha yaxınlaşdıra bilərlər. Soydaşlarımızın bir vəzifəsi də yaşaqdıqları ölkələrin ictimai-siyasi həyatına inteqrasiya etməklə bərabər, dilimizi, adət-ənənələrimizi uca tutmaq, milli hüquqlarımızı qorumaqdır. Əziz soydaşlarımız, Sizi ümummilli məqsədlərimizin gerçəkləşdirilməsi, xalqımızın mənafelərinin qorunması naminə birliyə çağırırıq”.

Daha sonra spiker Oqtay Əsədov deyib ki, Milli Məclis prezident İlham Əliyevə Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ilə bağlı təbrik məktubu göndərəcək.

Spiker parlamentin 2018-ci ildəki fəaliyyəti haqqında məlumat verib və qeyd edib ki, 2018-ci ildə parlament uğurla fəaliyyət göstərib, qanunvericilik bazasının gücləndirilməsi, beynəlxalq əlaqələrin genişləndirilməsi baxımından uğurlu bir il olub.

Sonda Azərbaycanın Dövlət Himni səsləndirilməsi ilə sessiya yekunlaşıb və deputatlar tətilə çıxıb.

Parlamentin Daxili Nizamnaməsinə əsasən, deputatlar yanvar ayının 1-dən 15-dək tətilə buraxılır. Dekabrın 29-u şənbə, 30-u isə bazar, dekabrın 31-i isə Dünya Azərbaycanlılarının Həmrəyliyi gününə təsadüf etdiyindən deputatlar 18 gün tətildə olacaqlar.

Ana səhifəXəbərlərParlament 90 dəqiqəyə 52 məsələni təsdiqlədi