Parklanma qaydasını pozan avtomobillər duracağa aparılacaq

Hüquqşünas: ''Maşın tıxac və sərnişinlərin hərəkətinə maneə yaratmırsa, onlar evakuasiya edilməməlidir''

Yaxın günlərdə Bakı şəhərinin inzibati ərazisində dayanma, durma və parklanma qaydalarını pozmuş nəqliyyat vasitələrinin İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hallarda və qaydada mühafizə edilən duracağa aparılması prosesinə başlanılacaq.

Bu barədə “Report”a Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev məlumat verib.

Mais Ağayev sürücülərə dayanma, durma və parklanma qaydalarına əməl etməyə çağırış edərək xatırladıb ki, İnzibati Xətalar Məcəllənin 346.1 (Dayanma və ya durma qaydalarını pozmağa görə - iyirmi manat məbləğində cərimə edilir) və ya 346.2-ci (Ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanacaq meydançasında və ya 5.12, 5.13 yol nişanlarından 15 metrdən az yaxınlıqda digər nəqliyyat vasitələrinin dayanmasına və ya durmasına görə - qırx manat məbləğində cərimə edilir) maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs nəqliyyat vasitəsinin yanında olmadığı və həmin nəqliyyat vasitəsi yol hərəkəti və piyadaların hərəkətinə maneə yaratdığı hallarda, habelə bu Məcəllənin 346-1.5-ci maddəsində (nəqliyyat vasitəsinin 24 saatdan artıq parklanma yerində saxlanılmasına görə - iyirmi manat məbləğində cərimə edilir) nəzərdə tutulmuş hallarda, inzibati xəta törətmiş şəxsin iştirakı olmadan foto və ya video çəkiliş aparılmaqla nəqliyyat vasitəsinin istifadəçisi barədə inzibati tənbeh vermə haqqında qərar tərtib edilir və nəqliyyat vasitəsi mühafizə edilən duracağa aparılır. Bu halda inzibati tənbeh vermə haqqında qərarda nəqliyyat vasitəsinin aparıldığı duracağın ünvanı göstərilir. Həmin qərar dərhal müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir.

Bəs Azərbaycanda düz dayanmayan avtomobillər haqqında cərimə yazıb, protokolu xaricdəki kimi şüşəyə vurmaq əvəzinə, niyə evakuator çağırılır? Axı burda həm həm avtomobilə ziyan vurulur, həm evakuator xərcləri sürücülərin hesabına ödənilir.

Sualı cavablandıran hüquqşünas Ərşad Hüseynov Meydan TV-yə deyib ki, dünyanın ən iri şəhərlərində - Moskvada, Şanxayda, Parisdə, Romada, Astanada, Daşkənddə evakuatorlar fəaliyyət göstərir. Qanunvericiliyə əsasən, əgər sürücü dayanma, durma qaydalarını pozursa, avtomobilin şəkili çəkilməklə barəsində qərar tərtib olunur və sms-lə sürücüyə məlumat göndərilir. Amma sürücü maşını qoyur, saatlar keçir, gəlmir, nəticədə tıxac yaranır. Ona görə evakuatorun olması qaçılmazdır, sadəcə, bundan düzgün istifadə lazımdır. Yəni başqalarının hərəkətinə ciddi mane törədən, sürücüsü olmayan maşınlar evakuasiya olunmalıdır.

Ərşad Hüseynov

Ərşad Hüseynov

“Adi bir misal, hansısa binanın qarşısında ikinci-üçüncü cərgədə maşını saxlayıb gedirlər, ya da səkidə saxlayırlar, istər-istəməz tıxac, yaxud insanların normal hərəkətinə maneə yaranır, insanlar şose yola çıxır, təsadüfən qəza olur. Belə olanda avtomobillər ərazidən götürülməlidir. Ancaq dayanma, durma qadağan olunan küçədə qoyulan maşın tıxac və sərnişinlərin hərəkətinə maneə yaratmırsa, onlar evakuasiya edilməməlidir. Maşınların sahiblərinə cərimə yazıb, avtomobilin şüşəsinə yapşdırmaq yetər,” – hüquqşünas bildirib.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/bnfuqs

Ən çox baxılan