Park, yoxsa zibillik?

Vaxtilə şəhər sakinlərini istirahət guşəsi olan park indi üfunət qoxuyur

Source:


Vaxtilə şəhər sakinlərini istirahət guşəsi olan park indi üfunət qoxuyur

Binəqədi rayonu, 6-cı mikrorayon ərazisindəki park baxımsızlıqdan məhv olmaq üzrədir. Vaxtilə “Dendrapark” adlandırılan yaşıllıq ərazisi indi zibilliyi xatırladır.

Parkdakı göl bataqlığa çevrilib. Mikrorayon sakinləri deyirlər ki, son 9-10 ilədək bu park bütün şəhərin istirahət məskəni olub. “Gölün ətrafı yaşıllıqla əhatələnmişdi, qayıqla gəzinti təşkil olunurdu. Gündüz isə uşaqlar göldə çimirdilər”,- sakinlərdən biri, Məhərrəm Mustafayev deyir.

İndi yaşıllıqlar tikinti materiallarının qalıqları, məişət tullantıları ilə əvəzlənib. Sakinlər söyləyirlər ki, gölə atılan tullantılar nəticəsində üfunətdən ərazidən keçmək mümkün olmur.

“Amma üfunət mənbəyinə çevrilən göldə balıq tutanlar da olur. Baxmayaraq ki, göldən tutlan balıqlar da kanalizasiya iyi verir. Park baxımsız hala düşmədən əvvəl burda fontanlar, şəlalə, hovuz, dekorativ bitkilər yetişdirilən istixanalar, nadir quşların saxlanılması üçün yerlər, istirahət üçün oturacaqlar vardı. İndi isə fantanların əvəzinə dəmir borular, uçuq-sökük oturacaqlar qalıb”- Məhərrəm Mustafayev deyir.

Başqa bir sakin isə ətrafı göstərir:

“Yaxınlıqda yeni binalar tikilib, dörd bir yanda villalar var. Görünür bu park da özəlləşdiriləcək, yerində ya villa, ya da binalar tikiləcək. Artıq mikrorayon sakinləri belə parkı unudub. Baxın, ağaclar suvarılmır, yaşıllıq quruyaraq məhv olur”.

Parkdakı çoxillik ağaclar susuzluqdan quruyur, istixanalarda məcburi köçkünlər məskunlaşıblar. Amma onlar da parkın təmizliyinə, əraziyə zibil atılmasının qarşısını almağa nəzarət edə bilmədiklərini deyirlər.

Binəqədi rayon İcra Hakimiyyətindən isə Meydan TV-nin suallarını cavablandırmaq istəməyiblər.

Ana səhifəXəbərlərPark, yoxsa zibillik?