“Papanin hospitalı”nın bölmə rəisi rüşvət ittihamıyla cəzalandırıldı

Səhiyyədə rüşvət. Foto: Freeograph/shutterstock

Məhkəmə hospitalın əməkdaşlarına hökm oxudu

Silahlı Qüvvələrin Baş Klinik Hospitalının (“Papanin hospitalı”) bölmə rəisi Vüsal Eyvazov və hospitalın əməkdaşı olmuş Hüseyn Ağayevin mühakiməsi başa çatıb. Bakı Hərbi Məhkəməsində onlara hökm oxunub. Hakim Elbəy Allahverdiyevin sədrliyilə keçirilən məhkəmə prosesinin yekunu olaraq, Vüsal Eyvazov 2 il, Hüseyn Ağayev isə 1 il 6 ay azadlıqdan məhrum edilib.

Onlar Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsilə təqsirli biliniblər.

Bakı Hərbi Məhkəməsi. Foto: Meydan TV

Təqsirləndirilən şəxslər 2020-ci ildə 44 günlük İkinci Qarabağ Müharibəsində iştirak etmiş hərbi qulluqçulardan onların aldıqları xəsarətlərin dərəcəsinin təyin edilməsi üçün rüşvət almaqda ittiham olunur. Xəsarət dərəcəsi dövlət tərəfindən verilən sosial sığorta müavinətinin ödənişi baxımından önəmlidir.

Vüsal Eyvazov və Hüseyn Ağayev Dövlət Təhlükəsizliyi Xidməti (DTX) əməkdaşlarının 2021-ci ilin iyulunda keçirdiyi əməliyyat nəticəsində həbs olunub.

Onlar məhkəmədə ifadə verərkən özlərini qismən təqsirli biliblər.

Ana səhifəSosial“Papanin hospitalı”nın bölmə rəisi rüşvət ittihamıyla cəzalandırıldı