“Papanin” hospitalının bölmə rəisi məhkəmə qarşısında

Foto: Meydan.TV

Rüşvətdə ittiham olunan şəxslər Bakı Hərbi Məhkəməsində mühakimə olunacaqlar

Silahlı Qüvvələrin Baş Klinik Hospitalının bölmə rəisi Vüsal Eyvazov və hospitalın əməkdaşı olmuş Hüseyn Ağayevin yaxın günlərdə mühakiməsi başlayacaq. Onlar rüşvət almaqda ittiham olunurlar.

Meydan TV-nin əldə etdiyi məlumata görə, Vüsal Eyvazov və Hüseyn Ağayevin işinə Bakı Hərbi Məhkəməsində baxılacaq. Bu işi Elbəy Allahverdiyevin sədrlik etdiyi, Aslan Kalbalıyev və Camal Ramazanovdan ibarət hakimlər kollegiyası araşdıracaq. Adları çəkilən şəxslərdən Vüsal Eyvazova Cinayət Məcəlləsinin 311.3.2 (təkrar rüşvət alma), Hüseyn Ağayevə isə 32.5, 311.3.2 (təkrar rüşvət almada iştirakçılıq) maddəsilə ittiham irəli sürülüb.

Təqsirləndirilən şəxslər 2020-ci ildə 44 günlük İkinci Qarabağ Müharibəsində iştirak etmiş hərbi qulluqçulardan onların aldıqları xəsarətlərin dərəcəsinin təyin edilməsi üçün rüşvət almaqda ittiham olunurlar. Xəsarət dərəcəsi dövlət tərəfindən verilən sosial sığorta müavinətinin ödənişi baxımından önəmlidir.

Vüsal Eyvazov və Hüseyn Ağayev Dövlət Təhlükəsizliyi Xidməti (DTX) əməkdaşlarının 2021-ci ilin iyulunda keçirdiyi əməliyyat nəticəsində həbs olunub.

Onların rüşvət ittihamını qəbul edib-etmədiyi, özlərini təqsirli bilib-bilmədiyi məlum deyil.

Ana səhifəTövsiyə“Papanin” hospitalının bölmə rəisi məhkəmə qarşısında