“Pandemiyaya görə yardım alanların sayı deyiləndən 5 dəfə azdır”

İqtisadçı: “Görünür, 1 adam 5 dəfə sayılıb”

Source:


İqtisadçı: “Görünür, 1 adam 5 dəfə sayılıb”

“Pandemiya dövründə dövlət 5 milyona yaxın insana maddi dəstək verib. Həmin dəstəkdən dövlət sektorunda çalışan 1 milyon 665 min, özəl sektorda çalışan 751,3 min işçi yararlanıb. 2 milyon vətəndaşa isə sosial təminat növləri (pensiya, təqaüd, müavinət) üzrə ödənişlərin davamlılığı təmin edilib”.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin

məlumatında

deyilir.

Məlumatda bildirilir ki, aprel-may aylarında 600 minədək insana yardım edilib. Daha sonra sərt karantin rejiminin tətbiq edildiyi 16 rayon və şəhər üzrə 283 min aztəminatlı işsiz şəxsi əhatə edən 190 manat birdəfəlik ödəmə proqramı icra olunub:

“Ödənişli ictimai iş yerlərinin sayı 90 minə çatdırılıb və özünüməşğulluq proqramı çərçivəsində minimum 12 min ailənin kiçik təsərrüfatlarının qurulması işləri aparılır. Həmçinin 85 min ailənin 350 min üzvü ünvanlı dövlət sosial yardımı ilə təmin olunur”.

Bundan əlavə, nazirlik bildirir ki, 100 minədək tənha yaşlı, əlilliyi olan şəxs, aztəminatlı ailə ərzaq yardımı ilə təminatı həyata keçirilib:

“20 minədək şəxsin işsizlikdən sığorta ödənişi əhatə olunması işləri görülür”.

Demokratiya və Rifah Hərəkatının sədri, iqtisadçı Qubad İbadoğlu açıqlanan rəqəmlərin doğru olduğuna şübhə edir. Deyir, onların deməsindən belə çıxır ki, pandemiyaya görə maddi dəstək hər 2 adamdan birinə və ya hər ailədən ən azı 2 nəfərə çatıb. Ya da ki, 1 adamı 5 dəfə sayıblar:

“Nazirliyin açıqlamasını Prezident İham Əliyev də təsdiqləyir. O, Bakıda şəhid ailələrinə, müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim olunması mərasimində çıxış edərkən qeyd edib ki, bu il pandemiya dövründə təqribən 5 milyona yaxın insan dövlət tərəfindən maddi dəstəklə əhatə olunub. Yenə deyirəm ki, rəqəmlər reallığı əks etdirmir. Çünki ölkədə hər iki nəfərdən birinə maddi yardım edilməyib. Ya da hər ailədən 2 nəfərə”.

İqtisadçı deyir ki, o rəqəmlərə çox həssas yanaşır. Odur ki, açıqlanan 5 milyonun mənbəyini araşdırıb. Amma nə qədər hesablama aparıbsa, pandemiyaya görə maddi dəstək alanların yekun sayı nəinki 5 milyona, heç 2 milyona da çatmayıb:

“Hətta pandemiyadan asılı olmayan sosial təminat xarakterli ödənişləri də cəmləsəm, yenə 5 milyon alınmayıb. Belə ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən iyunda ümumilikdə 2,3 milyondan çox şəxsə sosial təminat növləri üzrə ödənişlər edilib. Əslində bu ödənişlər pandemiya olmayanda da müntəzəm edilirdi. Belə ki, DSMF-nin açıqlamasına görə, iyun ayında 1 milyon 264 min nəfərə pensiya, 421 min nəfərə müavinət, 300 min nəfərə təqaüd ödənilib. 84 min ailə üzrə 350 mindən çox ailə üzvünə isə ünvanlı sosial yardım verilib. Hamısı birlikdə 2 milyon 335 min nəfər edir”.

Qubad İbadoğlu deyir ki, bütün bu ödənişlər pandemiyadan əvvəl də olub, sonra da olacaq. Onlar arasında daha çox saya malik olan pensiyalar üzrə ödəmələr də təqaüdçülərin işlədikləri dövrdə DSMF-yə verdikləri sığorta haqlarının bir hissəsinin geri qaytarılmasıdır:

“Yəni buna görə onlara minnət qoymağa da dəymir. Pandemiya dövründə 600 min "aztəminatlı işsizə" 2 ay (aprel-may aylarında) hər ay, eləcə də onlar arasından seçilmiş 287 min nəfərə də təkrar iyun ayı üçün 190 manat birdəfəlik yardım ödənilib. Bunun üçün də əvvəl 229 milyon manat, sonra isə 55 milyon manat, bütövlükdə isə 284 milyon manat xərclənib. Bundan əlavə, muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi çərçivəsində 210.152 işçiyə, fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi proqramı çərçivəsində 109.283 vergi ödəyicisinə maddi dəstək verilib. Yəni bütövlükdə pandemiyadan qorunmaq üçün maddi dəstək proqramından 919435 nəfər (600000+210152+109283) faydalanıb. Onlardan da 600 min nəfəri sosial yardım alanlardır. Bu rəqəmi pandemiya səbəbindən ünvanlı sosial yardım alanların, özünüməşğulların əhatə dairəsinin genişləndirilməsi ilə maksimum 1 milyona qədər artırmaq olar ki, bu da İlham Əliyevin və nazirliyin elan etdiyi 5 milyon sayından 5 dəfə azdır. Görünür, 1 adam 5 dəfə sayılıb”.

İqtisadçı sonda deyir ki, əgər kimsə 1 adamı 1 dəfə saymaqla Prezident İlham Əliyevin elan etdiyi 5 milyon rəqəminin sirrini bilirsə, açıqlasın, hamıya aydın olsun:

“Hesab edirəm ki, bu halda həmin şəxsə peşəkarlığına görə "əməkdar iqtisadçı" adı da vermək olar”.

Ana səhifəXəbərlər“Pandemiyaya görə yardım alanların sayı deyiləndən 5 dəfə azdır”