Pandemiyanın həyatımıza gətirdiyi stress

Psixoloq məsləhət görür ki…

Source: Meydan.tv

COVID-19 pandemiyasının həyatımıza daxil olmasından bir ildən artıq vaxt keçib. Mütəxəssislər düşünürlər ki, bu dönəm insanların həyatına əvvəlkindən çox stress, təşviş, qorxu gətirib.

50 yaşlı Arzu Həsənova həyat yoldaşını koronavirusdan itirib. Deyir, özü yox, xəstəlik yayılandan həyat yoldaşı qorxu və təşviş içində olub. Elə koronavirusa yoluxduğu ilk günlərdə bunu qəbul etmək, həkimə getmək istəməyib:

“Pozitiv çıxacağı gerçəyini qəbul etmək istəmirdi. Vəziyyəti 1 həftə ərzində ağırlaşandan sonra qardaşı onu məcbur həkimə apardı. Nəticəsi pozitiv çıxdı. Təmiz özünü itirdi, sağalacağına inanmırdı. “Vəssəlam, buradan çıxmayacam” – cümləsini təkrarlayırdı. Beləcə vəziyyəti daha da ağırlaşdı və bir neçə gün sonra həyatını itirdi”.

Müsahibimiz qeyd edir ki, bundan sonra onda da təşviş yaranıb. Uzun müddət evdən çıxa bilməyib: “Düşünürdüm ki, o dərəcədə diqqət edən, sağlam biri həyatını itirdisə, mən də ölə bilərəm. Açığı o vaxtacan xəstəliyi ciddi qəbul etmirdim. Fərqindəlik məni psixoloji çökdürdü. İndi xeyli düzəlmişəm. İlk günlər pəncərəni açmağa da qorxurdum”.

Psixoloq Aysel İsgəndərli də təsdiqləyir ki, COVID-19 pandemiyası dönəmi insanlara psixoloji, eyni zamanda, sosial cəhətdən ağır təsir edib. Bunun əsas səbəblərindən biri xəstəliyin keçici olması və hətta son dönəmlər yaranan növlərinin sürətlə yayılması ilə bağlı açıqlamalardır:

“Həm xəstəliyi keçirənlərdə, həm də buna şahid olanlarda yaranan psixoloji problemlər uzun müddət davam edir. Pandemiya dönəmi insanlar arasında daha çox depressiya və təşviş pozuntuları yaranıb. Bu da özünə və yaxınlarına bir şey olacaq qorxusundan irəli gəlir”.

Psixoloq əlavə edir ki, xəstəliyi keçirmiş insanlar bəzən onda hər hansı simptomun olmamasına baxmayaraq, xəstəliyin təkrarlanacağı və ya xəstəliyin təsirinin hələ də davam etdiyi düşüncəsi ilə yaşayırlar:

“Bu isə panik atak simptomlarının yaşanmasına səbəb olur. Qapanmaların da insanlar üzərində təsiri böyükdür. Tək bizim ölkədə yox, dünyada da belədir. İnsanlar çox tez-tez depressiv şikayətlərlə həkimlərə, psixiatr və psixoloqlara müraciət edirlər. Əvvəllər hər hansı psixoloji problem yaşamış insanlarda isə bu hallar daha ağır formada özünü göstərir. Elə mediada gedən xəbərləri izləsəniz, qapanmalardan sonra intihar hadisələrinin artdığını görərik”.

Aysel İsgəndərli bildirir ki, bütün dünyada sosial izolyasiyanın insan psixologiyasına neqativ təsir etdiyi sirr deyil, təsdiqlənmiş gerçəklikdir:

“Biz koronavirus dönəmində az qala hər gün “immuniteti güclü saxla”, – sözünü eşidirik. İmmunitetin möhkəm olması üçün psixikanın da sağlam və dayanıqlı olması vacibdir. Bütün elmi araşdırmalar da bu yöndədir ki, yaşanan stress immun sistemi üzərində böyük təsirə malikdir”.

Psixoloq deyir ki, bu baxımdan psixikanı qorumaq vacibdir: “Odur ki, ağıla depressiv fikirlər, narahatlıq və ya ölüm qorxusu gəldikdə mütəxəssislərə müraciət etmək, dəstək almaq lazımdır. Onu da deyim ki, biz hələ pandemiyanın psixoloji təsirlərini önümüzdəki illərdə də görəcəyik. Ona görə mümkün olan variant və vasitələrlə öz psixikamızı qoruyub saxlamalıyıq”.

Aysel İsgəndərli deyir ki, Azərbaycan şəraitində pulun yoxdursa, nəsə etmək imkanı məhduddur:

“Ancaq bildiyim qədərilə pandemiya səbəbi ilə psixoloq və psixiatrlar ödənişsiz konsultasiyalar təşkil edirlər. Onlara müraciət etmək olar. Əgər özünüzdə əvvəlkindən fərqli hallar hiss edirsinizsə, məsələn, yuxusuzluq və ya gün ərzində yatmaq istəyi, maraqların itməsi, intihar düşüncələri, sosial münasibətlərdən uzaqlaşmaq və s. konsultasiyalardan yararlanın. Bundan başqa, gündəlik idmana başlayın, sağlıqlı qidalanın, açıq havada yürüş edin, mümkünsə təbiətdə, dənizdə, meşədə, parkda vaxt keçirin. Ən əsası, mediada yer alan ölüm, intihar xəbərlərindən, virusa yoluxmuş insanların videolarından uzaq durun. Çünki internetdə yer alan bu videolar və ya danışıqlar insanı bütün günü o mövzuda düşünməyə vadar edir. İnsanlar düşünür ki, eynisi onun da başına gələcək. Başlayır özündə müəyyən simptomlar hiss etməyə və nəticədə panik olur, stress keçirir”.

Psixoloq maraqlı kitab, film, serialların da insanı düşüncələrdən ayırdığını düşünür. Deyir, internetdə axtarış edib, zövqə uyğun, ən yaxşı səyahət filmləri, yaxud ən gülməli filmlər, macəra filmləri və s. kimin marağı nəyədirsə, axtarıb həmin filmləri izləyə bilər:

“Səsli kitablar var, onları dinləmək də olar. Hansı ki, illərdir planlayırsınız, amma imkan düşməyib, oxumamısınız. Sonra yemək, şirniyyat bişirməyə marağı olanlar, internetdən məşhur şeflərin tariflərini tapıb, yemək hazırlaya bilər. Məşğuliyyət çoxdur, yetər ki, insan bunları etmək istəsin. Çalışın, hər gününüzə maraqlı nəsə bir məşğuliyyət salın. Eyni zamanda, gündüzlər yatmamağa çalışın. Gecə yatma və səhər qamxma saatlarınızın eyni olmasına çalışın. Gecələr yerinizə girmədən öncə telefon və planşetləri qapadın. Bunlar sizi müəyyən qədər stressdən uzaq tuta bilər”.

Ana səhifəSağlıqPandemiyanın həyatımıza gətirdiyi stress