“Pandemiya dövründə işdən çıxarıldım, maaşım da tam verilmədi”

Azər İslamov

yçay sakini “Gilan Holding”dən şikayətçidir


Göyçayın Qızılağac kəndinin sakini Azər İslamovun şikayəti var. Deməsinə görə, pandemiya dövrü, prezidentin tapşırığı nəzərə alınmadan işdən çıxarılıb, iş stajı düzgün hesablanmayıb. Buna görə son ödəniş düzgün verilməyib. Üstəlik, iş zamanı xəstəlik tapıb, bunun üçün də ona kompensasiya ödənməyib.


Azər İslamov 2008-ci ildən 2019-cu ilədək, yəni 11 il “Gilan Holding”in Göyçaydakı meyvə bağlarında traktor sürücüsü kimi çalışdığını söyləyir:


“2008-ci ildə işə girməmə baxmayaraq, mənimlə müqavilə 3 il sonra, 2012-ci ildə bağlanıb. Beləliklə, haqsız yerə iş stajım 8 il yazılıb. Bunun əvvəllər fərqində deyildim. İşdən çıxarılanda anladım ki, sən demə, önəmi var imiş. Nə etdimsə, iş stajımı 2008-ci ildən yazdıra bilmədim. Bu da aldığım son haqq-hesab puluna təsir etdi”.


İşdən çıxarılmasına gəlincə, Azər İslamov deyir ki, ona bununla bağlı heç bir səbəb göstərilməyib:


“Əvvəllər də bir neçə dəfə olmuşdu. Biz eyni işi görməyimizə, bağda çalışmağımıza baxmayaraq, şirkətin adı bir neçə dəfə dəyişmişdi. Mənim o şeylərdən çox başım çıxmaz. Elə gəlirdilər ki, işdən çıxmaqla bağlı ərizə yazın, növbəti şirkətə işə götürüləcəksiz. Birindən çıxırdıq, digərinə qəbul olunurduq. Sonuncu qəbul olunduğum şirkət də “Gilan Orchards” olmuşdu. 2019-cu ildə də direktor gəldi ki, işdən çıxmaqla bağlı ərizə yaz. 1-2 aya yeni müqavilə bağlanacaq səninlə. Mən də yazdım, amma yeni müqavilə bağlanmadı. Bir müddət sonra dedilər ki, ixtisara düşmüşəm”.


Şikayətçi müqaviləsinin nə səbəbə uzadılmamasını sual edəndə ona hər hansı səbəb göstərilmədiyini bildirir:
“Soruşdum, bir normal izah verən də olmadı. Daha öncə də işimdən narazılıq olmamışdı. Elə dedilər, çıxarılmısan”.


Pandemiya dövründə Prezident İlham Əliyev açıqlamasında bildirmişdi ki, insanların işdən çıxarılmasına yol vermək olmaz. Belə bir dövrdə heç bir qurum işçiləri ixtisar etməməlidir.


Azər İslamov da prezidentin bu çıxışından xəbərdardır. Deyir: “Buna məhəl qoyan yoxdur”.


Şikayətçi bildirir ki, işdən çıxarılması azmış kimi iş stajı ilə bərabər maaşını da müqavilədə doğru göstərməyiblər. Nəticədə aldığı pul da həmin az göstərilən maaşın neçəsə faizi kimi ödənib:
“İşləyəndə aylıq maaşım 700-800 manat çıxırdı. İşdən xaric ediləndə məlum oldu ki, müqavilədə 100 manat yazılıb. Mənim başıma hərtərəfli oyun açıblar. Sən demə, doğru bildiyim hər şey yalan imiş“.


Şikayətçi bildirir ki, çalışdığı zaman bir dəfə qəzaya düşüb. Elə orada aldığı travma və qorxudan şəkərli diabet xəstəliyinə tutulub:


“İdarə etdiyim traktor aşdı. Əslində mənim günahım olmadı. Arxdan keçməyi məcbur etdilər, keçdim. Hadisə bu zaman oldu. 8 ildir əziyyət çəkirəm. Hara müraciət edirəm, baxmırlar. İşdən çıxarılandan isə elə bir hala düşmüşəm ki, heç dərmanlarımı da ala bilmirəm. Pensiya yaşıma da hələ çox var, bu da işləri çətinləşdirir, inanın, dolana bilmirik”.


Azər İslamovun deməsinə görə, işdən çıxarılanda müqaviləsiz çalışdığı 4 ilin məzuniyyət haqqını ala bilməyib. Ancaq qalanlarını ödəyiblər:


“İndi özümü toplayıb təsərrüfatla məşğul olmağa çalışıram. Ancaq çox çətindir. Həm yoldaşım, həm özüm xəstəyəm, çatdırmırıq. Aylıq stabil maaşa öyrəşən üçün başqa cür yaşamaq çox çətindir”.


“Gilan Holding”in bölgələrdə çalışan başqa əməkdaşları da daha öncə Meydan TV-yə müraciət edib. Onlardan kimi Azər İslamov kimi pandemiya dövrü işdən çıxarılmasından,  kimi də yığılıb qalmış maaşını ala bilməməkdən gileylənib.


“Gilan Orchards” MMC 2015-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 100 manat olan şirkətin qanuni təmsilçisi İlham Şirəli oğlu Şükürovdur.


2018-ci ildə Meydan TV-də çıxan bir araşdırmada bildirilir  ki, Kəmaləddin Heydərova və onun ailə üzvlərinə məxsus 350-dən çox şirkət var. “Gilan Orchards” MMC də bunlardan biridir. Yalnız şirkətlərin həqiqətən Kəmaləddin Heydərov və ailə üzvlərinə aid olması ilə bağlı “Gilan Holding”ə göndərilən sorğuya cavab gəlməyib.


“Gilan Orchards”-dan isə pandemiya dövrü heç kimi işdən azad etmədiklərini bildiriblər:


“Kimsə öz istəyi ilə ərizə yazıb işdən çıxmaq istəyirsə, biz onu məcbur saxlaya bilmərik”.


Daha öncəki şikayətlərlə bağlı da şirkətdən Meydan TV-yə oxşar cavablar verilib.

Ana səhifəBölgə“Pandemiya dövründə işdən çıxarıldım, maaşım da tam verilmədi”