Ədliyyə general-mayoru Mihran Poqosyan Ermənistanda Qanunların İcbari İcra Baş İdarəsinin rəisi idi
“Armenpress” saytının Qanunların İcbari İcra Baş İdarəsinin mətbuat xidmətindən aldığı xəbərə görə, istefa verən general açıqlamasında bildirib:
“Mənim adım yerli və beynəlxalq mediada Panama ofşor sənədləri ilə bağlı çəkilirdi. Adımın milyardlarla pulu ofşorlara çıxaran İlham Əliyevlə bir siyahıda çəkilməsi qəbuledilməzdir. Bu barədə ictimaiyyətə geniş açıqlama verəcəm”.
M.Poqosyan deyib ki, adının ofşor qalmaqalında hallandırılması “ölkəsinin avtoritar Azərbaycanla müqayisə edilməsinə” səbəb olub və o, bunu qəbuledilməz hesab edir, bu səbəbdən də istefa ərizəsi yazıb.
O həmçinin əlavə edib ki, adının qalmaqalda hallanması barədə yazılara şərh verəcək və bunu “artıq sıravi vətəndaş qismində” edəcək.
Aprelin əvvəlində BVF missiyasının rəhbəri Hossein Samiei ölkə rəhbərliyini Poghosyanın “Panama Sənədləri” ilə bağlı qalmaqalda iştirakı məsələsini araşdırmağa çağırmışdı.
Araşdırmaçı Jurnalistlərin Beynəlxalq Konsorsiumunun dərc etdiyi sənədlərdə Poghosyanın Panamada qeydiyyatdan keçmiş “Sigtem Real Estates Incorporated”, “Hopkinten Trading Incorporated” və “BANGIO INVEST S.A.” adlı üç şirkətin səhmdarı olduğu göstərilir. O, “ofşor ustası” adlandırılır.
General-mayor Poqosyanın adı ekzotik meyvə idxalına monopoliya, avtomobil idxalı, tikinti, pullu avtomobil dayanacaqları və supermarketlərlə əlaqələndirilir.
Bundan əvvəl Ermənistan parlamentinin deputatı Levon Zurabyan da Poqosyanın ofşor qalmaqalında iştirakı ilə bağlı məlumatı araşdırmağa çağırmışdı.
Ermənistanın Ədliyyə Naziri Arpine Hovvanisian bildirib ki, ölkənin bir sıra qanunlarına vergi bəyannamələrinin yanlış doldurulması və gəlirlərin gizlədilməsi ilə bağlı məsuliyyəti müəyyən edən əlavə və dəyişikliklər ediləcək.
Ümumilikdə Panamada yerləşən Mossack Fonseca hüquq şirkətinin “Panama Sənədləri” adı ilə mətbuata sızmış sənədləri arasında 72 sabiq və indiki dövlət başçısı ilə bağlı məlumatların olduğu bildirilir.