Panama sənədləri: Fazil Məmmədov Əliyevlər ailəsilə necə ortaq oldu? (Araşdırma)

Azərbaycanın hazırkı vergilər naziri prezident İlham Əliyevin arvadı ilə partnyorluqda Panamada pul investisiyası ilə məşğul olubmuş.

Source:


BBC Azərbaycancanın

tanış olduğu sənədlərdən belə çıxır ki, Azərbaycanın hazırkı vergilər naziri prezident İlham Əliyevin arvadı ilə partnyorluqda Panamada pul investisiyası ilə məşğul olubmuş.

Fazil Məmmədov və birinci ledi Mehriban Əliyeva ilkin aktivləri 10 min dollar təşkil edən, lakin Fondun qaydalarından göründüyü kimi, məhdudiyyətsiz vəsaitləri və həcmləri olan fondun iki tək “hamisi” kimi qeydiyyatdan keçiblər. Təsisçi bəyan edir ki, Heydər Əliyev (20%), Leyla Əliyeva (15%) və Arzu Aliyeva (15%) adlarının qarşısında göstərilmiş faizlərə uyğun olaraq Fondun Əsas Mənfəətdarıdırlar. Həmin vaxt ən böyük mənfəətdar kimi Fazil Məmmədovun adının qarşısında 30% yazılıb. Mənfəətdarlar siyahısında göstərilir ki, “Fazil Məmmədov 28 mart 2003-cü ildə Bakıda doğulub”. Nazir Fazil Məmmədov 28 mart 1964-cü ildə Şamaxıda doğulub.

2004-cü ilin aprelindən bu yana olan sənədlər göstərir ki, qalan üç ilkin mənfəətdar bu və ya digər dərəcədə Azərbaycanın AtaHolding konqlomeratı və/və ya Vergilər Nazirliyi ilə bağlıdır:

Ahmet Erentok, 2003-cü ildən AtaHolding-in sədri;

Əşrəf Kamilov, Vergilər Nazirliyinin keçmiş rəsmisi, hazırda AtaBank-ın direktorlar şurasının üzvü;

Mahir Rəfiyev, AtaBank-ın direktorlar şurasının keçmiş üzvü, Vergilər Nazirliyinin hazırkı müşaviri.

1/5/2004 tarixli ilkin qaydalarda mənfəətdarların sayı azdır, yəni burada birinci ailənin üzvləri yoxdur. İki hami – Fazil Məmmədov və Ahmet Erentokdur, Mehriban Əliyeva deyil. Lakin Birləşmiş Krallıqda qeydiyyatdan keçmiş filial şirkətin hesablarında ehtiyatlı şəkildə əsas nəzarət tərəfi kimi yalnız Erentok göstərilib, çünki o UF Universe Foundation şirkətində mənfəətdar maraqlarına malikdir və Ata Holding JSC şirkəti Məşvərət Şurasının sədridir. Birləşmiş Krallıq şirkətinin maliyyə hesablarında Fazil Məmmədovun adı çəkilmir, baxmayaraq ki, mənfəətdar kimi onun adının qarşısındakı faiz göstəricisi 60%-dir. Cənab Erentokun adının qarşısında həmin vaxt 30% göstərilib.

2005-ci ilin fevralına aid elektron məktublardan görünür ki, mənfəətdarların siyahısına dəyişiklik təcili və tələsik edilib. Mənfəətdarların siyahısına Əliyevlərin adları əlavə edildikdən sonra ilkin mənfəətdarların payı yarıbayarı azalıb.

Eyni məktublardan sızmış sənədlər, həmçinin əsas nəzarət şirkətlərinin maliyyə hesabatları göstərir ki, AtaHolding-ə nəzarət Mehriban Əliyeva və Fazil Məmmədovun şirkəti tərəfindən edilir.

2003-cü ilə aid daha erkən e-mail yazışmalarından bəlli olur ki, “FM” adlı birisi, dəyəri 5 milyon dollar olan və Birləşmiş Krallıqda vergi ödəməsi nəzərdə tutulmayan bir Birləşmiş Krallıq holdinq şirkətini almaq üçün Panamada dəyəri 5 milyon dollar olan bir holdinq (başqa şirkətlərin satın alınması və ya sahibliyin alınması məqsədilə açılan şirkət) şirkəti açıb. Bütün bu şirkətlər “FM”-in hüquqlarını təmsil edən Derrick French tərəfindən təşkil edilib. FM qrupunun strukturuna, habelə UF Universe Foundation şirkətinin qaydalarına dəyişikliklər, e-mail və sənədlərdən göründüyü kimi, öz müştərisinin göstərişi ilə French tərəfindən həyata keçirilib.

Hər iki şirkət 2014-cü ildə Mossack Fonseca-nın müştərilərinin bərpa edilmək göstərişinədək, müəyyən bir vaxtda fəaliyyətsiz qalıb. Qəbz sənədi bu göstərişin icra olunduğunu göstərir. UF Universe Foundation şirkətinin hazırda mövcud olub-olmadığı bilinmir, lakin FM Management Holding Group (UK) 2012-ci ildə ləğv edilib.

BBC öz sorğularına Fazil Məmmədovdan cavab almayıb. Prezident Əliyevin ofisi isə təkrar edib ki, prezidentin qızları yetkinlik yaşındadırlar və öz bizneslərini apara bilərlər.

Bu, Fazil Məmmədovun, özünün Ata Holding-lə münasibətlərində hökumət rəsmisinin biznes maraqlarına malik olmasını qadağan edən Azərbaycan qanununa riayət edib-etməməsi barədə mühüm bir sual doğurur.

2012-ci ildən bəri olan sənədlər göstərir ki, prezidentin qızları – Leyla və Arzu Əliyevalar və onların biznes partnyoru Olivier Mestelan, Ata Holding bank qrupunda səhm çoxluğu paketinin sahibidirlər: hazırda bu Qrupun səhmlərinə, müvafiq olaraq 51%, 25% və 24% payla Hughson Management Inc. [Mossack Fonseca-nın sənədlərinə əsasən bu şirkətin sahibi Leyla Əliyeva, Arzu Əliyeva və Olivier Mestelandır], Asbet Limited [son sənədlər bu şirkətə Arzu Əliyevanın sahib olduğunu göstərir] və Hughson Management Inc şirkəti ilə üç ayın içində qeydiyyatdan keçmiş başqa bir Panama şirkəti Clonmel International Inc. şirkəti sahibdirlər. Sızmış sənədlər göstərir ki, hər birinin ayrılıqda məqsədləri aydın olmasa da, 2006-cı ildə qısa bir müddətin içində bu üçlüyün adları altında demək olar bir-birinə tam oxşar olan bir neçə şirkətlər qeydiyyatdan keçirilib.



BBC Azeri –



http://www.bbc.com/azeri/azerbaijan/2016/04/160408_panama_uf_foundation

Ana səhifəAraşdırmaPanama sənədləri: Fazil Məmmədov Əliyevlər ailəsilə necə ortaq oldu? (Araşdırma)