”Pambıq əkini ilə məşğul olanların hamısı Əsgərxan Həsənovla şərik olmağa məhkumdur”

Yerli sakinlər bildirirlər ki, ötən ildən Ağdaş Rayon İcra Hakimiyyətinin yerli idarəetmə şöbəsinin müdiri Əsgərxan Həsənov meşələri düzləyib, pambıq əkdiri

Source: google.az


Ağdaş sakinləri bostan məhsulları əkmək üçün torpaq tapa bilmədiklərini deyirlər

Ağdaş rayonunun Kür çayının ətrafındakı kəndlərinin sakinləri çöl torpaqlarının şoranlaşmasından əziyyət çəkir. Bu səbəbdən əvvəllər meşə ərazilərində bostan məhsulları əkib dolanan kəndlilər hazırda qadağa ilə üzləşiblər. Əsasən də Ağzıbir, Kotavan, Abat, Qaradeyin, Pirəzə, Qarxun kəndləri. Eyni zamanda, Bərdə, Tərtər rayonlarının Kür kənarındakı kəndləri də şoranlaşmanın qurbanına çevriliblər.

Yerli sakinlər bildirirlər ki, ötən ildən Ağdaş Rayon İcra Hakimiyyətinin yerli idarəetmə şöbəsinin müdiri Əsgərxan Həsənov meşələri düzləyib, pambıq əkdirib. Qanunvericiliyə görəsə, məmur sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilməz.

“Amma Əsgərxan Həsənov sahibkarlıqla məşğul olur və həm də bir sıra fermerlərə də himayədarlıq edir. Xüsusən həmin ərazilərdə pambıq əkini ilə məşğul olanların hamısı Əsgərxan Həsənovla şərik olmağa məhkumdur, əks təqdirdə, nə su, nə də texnika ala bilməzlər,”- sakinlər belə deyir.

Şikayətçilərdən Qarabağ əlili Zaur Nəsirli Meydan TV-yə deyib ki, onlar pambıq əraziləri istəmilər, meşə ərazilərində boş yerlər var, orda bostan məhsulları əksələr, meşə ağaclarına da qulluq edərlər, bazara məhsul da çıxarıb ailələrini dolandırarlar.

Zaur Nəsirlinin sözlərinə görə, qadağa ilə üzləşənlər arasında 8 şəhid ailəsi var.

Qarabağ əlili deyir ki, Bərdə şəhərində yerləşən Regional Meşə İdarəsinə qarşılaşdığı durumla şikayət ediblər, amma Əsgərxan Həsənovun təsiri şikayətlərinə reaksiya verilməməsi ilə yekunlaşıb.

İdarədən onlara cavab veriblər ki, Əsgərxan Həsənov ötən il əkdiyinin pulunu hələ dövlət büdcəsinə keçirməyib:

“Ona görə də kənd camaatı yolu bağlamışdı, yerli polis müdaxiləsindən və bir neçə nəfərin saxlanmasından sonra sakitlik yarandı. Amma Kürkənarı kəndlərin camaatı çox narazıdır. Yerli icra hakimiyyəti Əsgərxan Həsənovun adı olduğu üçün məsələnin həllinə köklü yanaşmır, yalnız kəndliləri sakitləşdirməklə məşğuldur”.

Zaur Nəsirli bildirib ki, onlar martın 11-də ekologiya və təbii sərvətlər nazirinin birinci müavini Novruz Quliyevin qəbulunda olublar:

“Novruz Quliyevə dedik ki, bostan məhsulları əkməsək dolana bilməyəcəyik, vəziyyət çox acınacaqlıdır. Hətta sovet dönəmində kəndlilərə meşə ərazilərində bostan əkməyə icazə verilibsə, indi niyə qadağa var, anlamırıq. Birinci müavin dedi ki, məsələni nazirlə müzakirə edib münasibət bildirəcəklər.

Bizi arxayın etdi ki, nazirin qəbuluna düşməyə ehtiyac yoxdur, icazə verəcəklər. Təəssüf ki, martın 11-dən sonra nazirlikdən cavab ala bilmirlər. Təsəvvür edin, 2 sotluq ərazidə 30-40 kiloqramlıq toxum kartof əkəndə 400 kiloqram məhsul götürmək olur. Nəticədə ilboyu ailəni təmin etmək mümkündür”.

Meydan TV Ağdaş Rayon İcra Hakimiyyətinin yerli idarəetmə şöbəsinin müdiri Əsgərxan Həsənovla əlaqə saxlayıb.

Ə.Həsənov Ağdaş rayon ərazisində pambıq əkini haqda deyilənləri yalanlayıb:

“Bizim rayonda 1 hektar da pambıq əklilmir. İkincisi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin meşə ərazisində əkinə icazə verilməməsi haqda əmri var. Əmrə görə meşə ərazisində yalnız ağac əkilə bilər, icarəyə torpaq verilməsi qadağan olunub. Bununla bağlı cənab icra başçısı nazirliyə müraciət etdi ki, kəndlilərə meşə ərazisindən icarəyə yer verilsin, amma hələ cavab almamışıq”.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova meşə ərazisində əkinə icazə verilmədiyini Meydan TV-yə təsdiqləyib:

“Özünüz təsəvvür edin, ev heyvanını tövlədə, yoxsa evdə saxlayırlar? Əlbəttə, tövlədə. Meşədə bostan məhsulları əkilə bilməz, bostan məhsulları həyətyanı sahələrdə əkilməlidir. Əgər sakinlər aqrobağ salmaq istəyirlərsə, başqa məsələ, amma bostan əkininə icazə verilmir”.

Ana səhifəBölgə”Pambıq əkini ilə məşğul olanların hamısı Əsgərxan Həsənovla şərik olmağa məhkumdur”