”Pambıq əkən fermerlər zərərə məruz qalacaqlar”

Vahid Məhərrəmov: Hökumətin pambıqçılıqla bağlı apardığı kampaniya həm fermerlərə, həm də tədrisə ziyan vurdu

Source:


Vahid Məhərrəmov: Hökumətin pambıqçılıqla bağlı apardığı kampaniya həm fermerlərə, həm də tədrisə ziyan vurdu

Noyabrın 7-i üçün Azərbaycanda 50,4 min ton pambıq yığılıb. Bu, ötən ilin eyni dövründəkindən 20,4 min ton çoxdur.

23 rayonda pambıq yığımı davam edir. Dövlət Statistika Komitəsinin məlumatına görə, zavodların tədarük etdiyi pambığın çoxu Ağcabədi, Saatlı, Sabirabad, İmişli və Biləsuvarın payına düşür. Bu rayonların pambıqçıları birlikdə 26,5 min ton pambıq yığıb.

Kənd Təsərrüfatı Nazirliyi hesab edir ki, heç də hər şey itirilməyib, qışa kimi daha 50 min ton pambıq yığmaq olar. Tədricən “Aqrolizinq” ASC-nin aldığı pambıqyığan kombaynlar da sahəyə çıxır.

Bu il 52 min 57 ha sahədə pambıq əkilib.


“Məhsuldarlıq keyfiyyətin yüksək olmasından asılıdır”

Kənd təsərrüfatı mütəxəssisi Vahid Məhərrəmov Meydan TV-yə bildirib ki, əgər hökumət pambığın çox olmasını qürurla vurğulayırsa, ciddi yanlışlığa yol verir:

“Əvvəla məhsuldarlığın az olması məhsulun keyfiyyətinin aşağı olduğundan xəbər verir. Məhsuldarlıq keyfiyyətin yüksək olmasından asılıdır. Yaxud məhsuldarlıq yüksəkdirsə, keyfiyyət də yüksək olur. Məhsulun keyfiyyətli olması üçün bitki normal qidalanmalıdır. Hazırki durum pambıqçılıqda vəziyyətin yaxşı olmadığından xəbər verir. Digər tərəfdən, fermerlər ciddi zərərə məruz qalır. Onlar hər hektara 700-800 manat xərc çəkirlər. Ancaq hər kiloqram üçün əldə edəcəkləri 50 qəpiyin 10 qəpiyi subsidiya üçün nəzərdə tutulub. Fermerlər xərclədiklərinin bir hissəsini (500-550 manat) əldə edəcəklər. Halbuki, 700-800 manat xərcləyiblər. Deməli, zərərə məruz qalacaqlar”.


“Düşünürəm ki, kəndçilər gələcəkdə pambıqçılıqla məşğul olmaq istəməyəcəklər”

V.Məhərrəmov hesab edir ki, hökumətin pambıqçılıqla bağlı apardığı kampaniya həm fermerlərə, həm də müəllimləri işə cəlb etməklə tədrisə ziyan vurdu. Nəticə etibarıyla məhsulun keyfiyyəti aşağı, məhsuldarlıq az oldu: “Düşünürəm ki, kəndçilər gələcəkdə pambıqçılıqla məşğul olmaq istəməyəcəklər”.


“Bu sahəni bilən peşəkarlar yoxdur”

Mütəxəssis vəziyyətlə bağlı Kənd Təsərrüfatı Nazirliyinin fikirlərini bölüşmədiyini də bildirdi: “Görünür, Nazirlər Kabinetində, Kənd Təsərrüfatı Nazirliyində və Prezident Administrasiyasında bu sahəni bilən peşəkarlar yoxdur. Bu adamlar anlamır ki, pambığın yığım mövsümü avqust, sentyabr aylarıdır. Ondan sonrakı aylarda qozanın açması və normal pambıq əldə etmək mümkün deyil. Bundan sonra sahələrə xırc çəkmək anormallıqdır. Sahələrin yeni əkin işləri aparılması üçün yaz aylarına hazırlanması yaxşı olardı”.

Ana səhifəAnalitika”Pambıq əkən fermerlər zərərə məruz qalacaqlar”