Özünüməşğulluq Proqramı – kəndlilərin şəraitini yaxşılaşdırmaq, yoxsa qəlizləşdirmək?

“Əksəriyyəti qoca, dişsiz, xəstə və qısır heyvanlardır”

Source: ifact.ge


“Əksəriyyəti qoca, dişsiz, xəstə və qısır heyvanlardır”

“Kasıb ailə kimi illərdir 170 manat ünvanlı sosial yardım alırdıq. Ötən il bizə yardımdan imtina edib, özünüməşğulluq proqramına qatılmamızı təklif etdilər. Dövlətdən mal-heyvan alar, ailə təsərrüfatı qurarsınız, dedilər,” – deyə Ucarın Məlikballı kəndinin sakini Gülnarə Həsənova bildirir.

Ailə Ucar Rayon Məşğulluq Mərkəzinin bu təklifini qəbul edib, 2018-ci ildə özünüməşğulluq proqramına qatılıblar.

G.Həsənova ilə 44 yaşlı həyat yoldaşı Səttar Həsənovun 17 və 16 yaşlı qızları və 15 yaşlı oğlu var. Ailənin uşaqlara məktəbli geyimi və dərs ləvazimatları almağa maddi imkanı olmadığına görə təhsillərini dayandırmalı olublar.

Ailə proqrama uyğun öz biznes planlarını yazıb. Onlar dövlətdən 20 yanıbalalı qoyun və bir qoç almalı imişlər:

“Ancaq belə olmadı. Gecənin yarısı özlərini rayon məşğulluq mərkəzinin əməkdaşları kimi təqdim edənlər gəlib həyətimizə 21 qoyun atıb, getdilər. Gedəndə də dedilər ki, 21-ci qoyunu satıb, əvəzinə qoç alarsınız. Beləcə, bizimlə sağollaşdılar”, – Gülnarə Həsənova əlavə edir.

Həsənovlar ailəsi indiyədək maddi durumlarına görə istifadə edə bilmədikləri 45 sot torpaqda qoyunların yemi üçün yonca əkməyə başlayırlar. G.Həsənova bildirir ki, sənədlərdə 20 yanıbalalı qoyun yazılsa da, gətirilən heyvanların heç birinin yanında balası olmayıb:

“21-ci qoyuna gəlincə, 100 manata güclə sata bildik. Üstünə də 100 manat qoyub qoç aldıq. Az qala 4 ay keçib, cəmi 5 qoyun balalayıb. 6 qoyunumuz isə tələf olub. Proqramın şərtlərinə görə, 2 il müddətində heyvanları satmaq olmaz. Ancaq balasını, südünü, qatığını, pendirini satmaq mümkündür. O da, balalamır. Əksəriyyəti qoca, dişsiz, xəstə və qısır heyvanlardır. Hətta çoxunda bruselyoz xəstəliyi də var”, – G. Həsənova bildirir.

Gülnarə Həsənova
Gülnarə Həsənova


“Məmurları heyvanların xəstə olduğuna inandıra bilmirik”

Gülnarə Həsənovanın həyat yoldaşı Səttar Həsənov hazırda heç yerdə çalışmır. Deyir, əvvəl 5 nəfərlik ailəsini dolandıra bilmək üçün ayda 170 manat ünvanlı sosial yardım alırmış. Həftədə 2 dəfə isə müxtəlif yerlərdə fəhləlik edib, 3-5 manatını qazanırmış. Pis, yaxşı ayın sonunu gətirirmişlər. İndi qoyunlara görə fəhləlik də edə bilmir. Nə də ki, arzuladıqları kimi heyvandarlıqdan gəlir götürmək mümkündür:

“Nə heyvanları artırıb, gəlir əldə edə, nə də onları qoyub bir iş dalınca gedə bilirik. İlişib qalmışıq. Üstəlik, 4 ayın içində o heyvanlara dünyanın yemini yedirib, 200-250 manata dava-dərman almışıq. Yenə də əmələ gəlmirlər. Kasıbçılıq da bir yandan sıxır. İnanın, bu dəqiqə evdə bir yoğurmaqlıq unumuz yoxdur”.

S.Həsənov deyir ki, məmurları heyvanların xəstə olduğuna inandıra bilmirlər. Nə də onlardan imtina etmələri mümkündür:

“Aylarla o günü gözləmişdik. Məcbur olub, götürdük. Dedilər, götürsəniz də, götürməsəniz də budur. Gətirdikləri də xəstədir, otlamır, dayandığı yerdə qıc olur, yıxılır, ölürlər. Həkim çağırdıq, qoyunun birini yardı. Ciyəri ələ gəlmədi. Maraqlıdır, bu qədər xəstə, yararsız heyvanı haradan alıblar?”


“300 manatdan çox xərcimiz çıxdı, heyvan sağalmadı”

Ucarın Qazyan kəndinin sakini Zemfira Qədirova isə dövlətdən qoyun yox, inək alıb. Onun ailəsi də daha öncə 150 manat ünvanlı sosial yardım alırmış. Onlara da yardımdan imtina edib, məşğulluq proqramına yazılmaq təklif edilib:

“Müraciət etdik, yardımı kəsib, iribuynuzlu heyvan verdilər. Dedilər ki, birinin tezliklə balası olacaq. Həkimə göstərdik, dedi, bala nə gəzir? Sonra başqa heyvan gətirdilər. Onun da balası xəstə doğuldu. Baytar gətirdik, baxdı, dedi ki, ana bətnində ciyərində bərkimə gedib, bundan heyvan olmaz. Sonra ayaqları da tutuldu. Yenə müraciət etdik, dedilər, müalicə etdirin, pulunu verəcəyik. 300 manatdan çox xərcimiz çıxdı, nə heyvan sağaldı, nə də pulumuzu verdilər”.

Zemfira Qədirova deyir ki, inəklər gələndə çox arıq olublar. İndi-indi güclə özlərinə gəliblər:

“Zəiflikdən ayaq üstə dura bilmirdilər. Xəstə dana isə dünənədək burada idi. Rayon məşğulluq mərkəzinə zəng edib dedim ki, jurnalist gələcək. Eşidən kimi gecə saat 12-də gəlib apardılar. Yerinə də başqasını verdilər. Bu da bir ayrı dərddir. İnək öz balası olmayanda süd vermir axı. Proqram da deyir ki, südünü, qatığını sat, dolan. Ortada nə süd, nə qatıq var”.


Nazir: “Məşğulluq proqramında manipulyasiya ilə məşğul olmaq istəyənlər də olub”

Ucar Rayon Məşğulluq Mərkəzinin direktoru Qasım Kamilov ifact.ge-nin əməkdaşına bildirib ki, bir-iki xırda problem var idi, həll olunub:

“Heç bir xəstə, qısır heyvandan söhbət gedə bilməz. Niyə bu sualları nazirliyə vermirsiniz?”

Fevralın 14-də əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev keçirdiyi mətbuat konfransında məşğulluq proqramında manipulyasiya ilə məşğul olmaq istəyənlərin olduğunu

təsdiqləyib

. O, dəyişdirilən heyvanların sayının 170-ə yaxın olduğunu deyib:

“Ailələrə yararsız heyvan verən məşğulluq mərkəzlərinin nümayəndələrinə inzibati tənbeh verilib. Araşdırma zamanı proqrama yazılan bəzi şəxslərin aztəminatlı yox, imkanlı olduğu məlum olub. Məşğulluq proqramına uyğun olmayan 800 şəxs siyahıdan çıxarılıb. Onların çoxu mətbuata müxtəlif iddialarla çıxıb”.


35 milyon manatlıq proqram

Rəsmi məlumatlara görə, 2017-ci ildə özünüməşğulluq proqramından 1232 ailə faydalanıb.

2018-ci ildə isə proqrama 35 milyon manat vəsait

ayrılıb

.

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev 2018-ci ildə proqramın 7737 nəfəri əhatə etdiyini deyib:

“Onlardan 1029 nəfəri gənc, 1255 nəfəri məcburi köçkün, 816 nəfəri ünvanlı sosial yardım alan, 298 nəfəri müharibə veteranıdır. Bundan başqa, özünüməşğulluq proqramı ilə 1309 qadın, 913 fiziki məhdudiyyətli şəxs əhatə olunub”.

2019-cu ildə bu proqrama daha 8000 nəfərin cəlb olunması və yenə 30 milyondan artıq vəsait ayrılması planlaşdırılır Bu barədə Prezident Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılov bildirib ki, 2018-ci ildə proqrama cəlb olunmuş ailələrdən 7267- si biznes planlarını uğurla müdafiə edib. Bu da 2017-ci illə müqayisədə 6,5 dəfə çoxdur. Bütövlükdə 5000-dən çox ailə aktivlərlə təmin olunub.


“Ucuz alınan heyvanı baha qiymətə rəsmiləşdirirlər”

İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri, iqtisadçı Qalib Toğrul deyir ki, Rusiya təcrübəsindən götürülən özünməşğulluq proqramı ideya kimi yaxşıdır, ancaq tətbiqi ilə bağlı problemlər var:

“Ancaq bu, heç bir halda ailələri yoxsulluqdan qurtara bilməz. Həmin ailələrə növbəti mərhələdə aşağı faizlə kredit, əvəzsiz qrantlar verməlidirlər ki, sahibkar kimi formalaşa bilsinlər”.

İqtisadçı deyir ki, proqramın həyata keçirilməsi əvvəlki illərə baxanda indi qapalı aparılır:

“Əldə etdiyim məlumatlara görə, tətbiqində ciddi qanun pozuntuları da olub. Məsələn, adicə nazirlik nəzərdə tutulan vəsaiti ailənin özünə versəydi, onlar gedib özlərinə lazım olan heyvanı seçib, alardılar. Ancaq məmurlar heyvanı özləri alıb, vətəndaşa verirlər. Çünki ucuz alınan heyvanı baha qiymətə rəsmiləşdirirlər. Nəticədə heyvanlar xəstə, zəif, qısır çıxır. Üstəlik, nəzərdə tutulur ki, bir ailəyə maksimum 5 min manatlıq heyvan alınsın. Verilən heyvanların dəyəri isə ancaq 700-800 manat edir. Yaranan narazılıqların səbəbi budur”.

Ana səhifəXəbərlərÖzünüməşğulluq Proqramı – kəndlilərin şəraitini yaxşılaşdırmaq, yoxsa qəlizləşdirmək?