”Özünü tanı”

Son günlər yenə melanxolik əhvaldayam

Source:

Son günlər yenə melanxolik əhvaldayam. Təbiidir, çünki payız gəlib. Ətrafda bir xeyli insanın depressiya düşdüyünün şahidiyəm. Ancaq özümdəki bu halı depressiv vəziyyət kimi qiymətləndirmirəm. Bu il bahar daxil olmamış, qışın son çağlarında depressiv halla qısa yaxınlıq oldu və bitdi.

O vaxtdan bəri hətta xoşagəlməz vəziyyətlərdə belə əhvalımı yaxşı tutmağa çalışır və daxili sakitliyimi qoruyuram. İnsanlarla münasibətlərim sülh səviyyəsindədir. Bunu bərpa etmişəm. Əvvəllər kobudluğuma və acı dilimə görə ətrafımdakılarla çoxlu konflikt yaşayırdım. Davaya, münaqişəyə meyilli biriyəm. Bunun fərqinə varmışam və çox şükür, islahat yolunu çoxdan tutmuşam.

Hətta biləyimə mənim üçün ”daxili sülh”ü tərənnüm etdirən lövbər tattoosu (döymə) da etdirmişəm. Göz önümüzdə olan və bizə simvolik mesaj çatdıran nəsnələrin olması çox yaxşıdır. Biləyimdəki tattooya baxdıqca özümlə bağlı təhlillər aparır və müəyyən nəticələrə gəlirəm.

Bir şeyi də dərk etmişəm ki, insanın öz daxilində sülh olmadığı təqdirdə, o, ətrafla daim konfliktdə olur. Əslində bir çox şey bizim daxili, yəni ruhi-psixoloji əhvalımızla əlaqədardır. Əhvalımız və ümumi ovqatımız da ətraf mühitlə balanslı əlaqədədir.

Özümüz-özümüzlə xoşbəxt ola bilmədiyimiz təqdirdə başqaları gəlib bizi xoşbəxt edə bilmir. Və ya özümüzdən əmin olmadığımız təqdirdə digər insanlarla, əsasən də qarşı cinslə bağlı münasibətlərimiz yaxşı alınmır.

Son vaxtlar klişeyə çevirilmiş ifadəni bura da yazmaq istəyirəm – ”Ətrafı dəyişmək istəyirsənsə, birinci özünü dəyişdir”.

Nə qədər şablon olsa da, klişe səslənsə də, bu ifadə aktuallığını daimi qorumaqdadır. Həm də həmişə dəbdədir. Çünki reallaşdığı təqdirdə, yerinə yetirilməyə başlanan andan özünü aydın şəkildə, sanki günəş kimi parlaq göstərə bilir.

Filosofların, dərin və ağıllı insanların əsas devizinə çevirilmiş həmin prinsip öz işığını geniş şəkildə göstərə bilir. Təəssüf ki, tənbəllər və passiv fazada öz yerini bərkitmiş kəslər o işığı görməzdən gəlirlər. Bu da nəticədə məhz onların özünə zərər vermiş olur. Günəş işığından, yəni o cür faydalı şüadan, enerjidən yayınanlar sağlamlıqla bağlı problemlər yaşayırlar.

Dəyişiklik gözəl hadisədir. Əlbəttə, mən burda müsbətə doğru dəyişikliyi nəzərdə tuturam. Dəyişikliyə qərar verən şəxs özünə obyektiv yanaşa bilir və mənfi xüsusiyyətlərinin fərqinə varır. O, indiki vəziyyəti ilə razı deyil və bu halını qənaətbəxş hesab etmir. İnkişaf yolunu seçibsə, o, artıq bir addım irəlidədir.

İbn Sina deyirdi ki, bir insan özünün kim olduğunu bilirsə, onu tanımayanların barəsində dediklərinin heç bir mənası yoxdur.

Daxilən azad adam üçün ətrafdakıların rəyi o qədər önəm daşımır. O, ”camaat nə deyər” prinsipi ilə yaşamır. Çünki özünü tanıyır. Prinsiplərini və dəyərlərini aşkar edib və onlara kor-koranə bağlı deyil. O, nə üçün yaşadığını gözəl anlayır.

Yunanınstanda Zevsin oğlu Apollonun Delfi adasında yerləşən məbədində divarda belə bir yazı var – “Nosce Te İpsum”, yəni “Özünü tanı”. Rəvayətə görə vaxtı ilə Yunanınstanın yeddi böyük müdriki Apollonun məbədində yığışıb, insanların adına ona hədiyyə olaraq divara “Özünü Tanı” çağırışını həkk ediblər.

Bu deviz Sokrat və Aristotel kimi dühaların da ideallarında, nəzəriyyə və təlimlərində yer alan əsas çağırışdır.

Özünü tanımaq bizə nə verə bilər?

Duyğularımızı idarə etməyi, digər insanlarla münasibətlərimizi sağlam şəkildə saxlamağı, dünyanı və var olmağımızı dərk etməyi məhz özümüzü tanımağa başlayaraq yoluna qoya bilərik. Bu, çox unikal imkandır və həyatı mənalı etməyin ən keyfiyyətli tərəflərindədir.

Bütün hallarda bizə seçim verilib. Bir ağıllı sitatda buyurulduğu kimi – hamının diş fırçası var, ancaq hər kəs ondan istifadə etmir. Yəni, azad şəkildə seçimimizi edə bilərik – istər özümüzü tanımağa başlayar və boşluqlarımızı dolduraraq, müsbətə doğru irəliləyərik, istərsək də, heç nəyi vecimizə almaz, bioloji həyat yaşayarıq.

İnsan özünü tanıdıqca ətraf mühiti daha yaxşı anlamağa başlayır. Dərinə getdikcə daxilinin zənginliyinin fərqinə varır. Sonra orda tapdığı var-dövləti dünyanın, ətrafın daha yaxşı olması üçün xərcləməyə başlayır. Paylaşdıqca da ətrafa səpələnən işığın miqyası genişlənir və aydınlananlar da həmin işıq zərrələrini digərlərinə paylamağa başlayırlar. Bu mexanizm xoş və faydalı olan nəsnələrin sirayətedici maşınına çevirilir. O maşın qaranlıqlarla mübarizədə bizim labarotiraya və hətta əsas silahımıza çevirilir.

Ağır həyatımızı daha da yüngülləşdirməyin yolu özünüdərkdən keçir. İşin təzadlı tərəfi həm də odur ki, özünü tanımaq elə də asan şey deyil. Bu iş zəhmət və həvəs tələb eləyir. Burda yenə açıq və azad seçim imkanını yada salmaq istəyirəm. Seçim etmək və hərəkət etmək öz əlimizdədir.

Yazdıqlarımda hansısa “məsləhət vermək” niyyəti yoxdur. Xitabım ümumi qayrayışları dərk edən, şüurlu şəxslərə və dəyişikliklərə meyilli insanlara adi çağırışdır. Faydalı informasiya müqəddəsdir. Onu içimdə saxlayıb, durğunlaşdırmayacağam.

Hörmətlər…



Yazı müəllifin fikirlərini əks etdirir və Meydan TV-nin mövqeyi ilə üst-üstə düşməyə bilər.

Ana səhifəMənim Fikrimcə”Özünü tanı”