“Zəng vurdular, dedilər, özünü gülləylə vurub”.
Ağdaşın Şordəhnə kəndi sakini əsgər Sıraclı Məhəmməd Moris oğlu Tovuzun “N” saylı hərbi hissəsində naməlum şəkildə güllələnib. Əsgərin yaxınları onun öldürüldüyünü iddia edir.
Fikrət İsrailov Tovuzun Ağdam kəndindəki N saylı hərbi hissədə xidmət edən qardaşı oğlu AzadlıqRadiosuna bildirib ki, 19 yaşlı Məhəmməd Siraclı noyabrın 7-də qətlə yetirilib. Onun sözlərinə görə, həmin gün hərbi hissədən ailə üzvlərinə zəng gəlib. Bildiriblər ki, Məhəmməd özünü silahla vurub:
“Dedilər, onu Gəncədəki 3 saylı xəstəxanaya aparıblar. Biz də Gəncəyə yola düşdük. Morqa qoymuşdular. Meyiti açıb tökdük, baxdıq ki, uşağın kürəyində 3 güllə yarası var. Dedik, “bu özünü necə vurub ki, güllə izləri kürəyindədir?” Adam öz kürəyinə necə atəş aça bilərdi? Sağ sinəsində, dodağında, boynunda qaraltılar vardı. Suallarımızı cavabandırmağa bir səlahiyyətli adam tapılmadı. Meyiti götürdük, gəldik”.
HƏRBİ XİDMƏTƏ KÖNÜLLÜ GEDİB
Fikrət İsrailov onu da bildirib ki, Məhəmməd gözdən əlil kimi Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində qeydiyyatda olub. Hətta əlil kimi təqaüd də alıb. Hərbi xidmətə isə könüllü gedib:
“Çox istəyirdi ki, o da əsgər olsun, vətənə xidmət etsin. Aparmaq istəmirdilər, özü bir neçə dəfə hərbi komissarlığa getdi. Nəhayət, bu il aprelin 10-da hərbi xidmətə yollandı. Vətənə xidmətə getmişdi, ancaq onu öldürdülər. Nəşini götürüb kəndə qayıtdıq. Yuduq, kəfənlədik… Hərbi hissədən bir neçə əsgər gəlmişdi. Hərbi hissə rəhbərliyindən heç kəs gəlməmişdi. Fikrimizdə vardı ki, bir rəsmi adam ortaya çıxıb məsələyə aydınlıq gətirməyənədək dəfn etməyək. Ancaq mərhumun nəşini incitmək istəmədik, günortadan sonra torpağa verdik”.
Məhəmməd hərbi xidmətdə olduğu 7 ay ərzində heç vaxt şikayətlənməyib. Bunu əsgərin Əmisi deyir.
Ağdaşın Şor Dəhnə kəndindən olan 19 yaşlı Məhəmməd Siraclı ailənin yeganə övladı olub.