Özünü kəşf etməyin yolu…

Əlillik qazanandan sonra evdə o qədər vaxt keçirirəm ki, xəfiyyələr kimi qapının döyülmə tərzindən kimin gəldiyini bilirəm.

Source:
Orxan Adıgözəl
Orxan Adıgözəl
Orxan Adıgözəl-Banner
Orxan Adıgözəl-Banner

Əlillik qazanandan sonra evdə o qədər vaxt keçirirəm ki, xəfiyyələr kimi qapının döyülmə tərzindən kimin gəldiyini bilirəm. Qapı döyülən kimi avtomatik olaraq, həmin şəxsin kimliyini deyirəm: gələn xalam oğludur, atamdır, əmimdir və s. Hərənin özünəməxsus qapı döymə tərzi var. Hətta o gün qapımızı döyənin dilənçi olduğunu deyəndə, anam inanmadı. Gözlükdən baxandan sonra yanılmadığımı bildi. Bununla bərabər, ev telefonuna kimin zəng etdiyini də müəyyən edə bilirəm. Hər zəng edənin özünəməxsus saatı var. Məsələn, günorta 14.00-16.00 arası adətən bacım zəng edir. Xalam 21.00-23.00 arası arayır bizi və s. Elə olan halda telefonun dəstəyini götürəndə: “hə bacı, hə nənə” və s. deyirəm. Onlar da necə tanıdığıma təəccüblənirlər… Bir sözlə, intuisiya qabiliyyətim bir xeyli inkişaf edib.

Burada elə də qeyri-adi heç nə yoxdur. İnsanda çoxlu sayda qabiliyyət var. Biz ancaq onları müəyyən edib, ortaya çıxarmalıyıq. Fikir vermisinizsə, görmə məhdudiyyəti olan insanların digər adamlara nisbətən hissiyyatı daha güclü olur. Bu, əslində görməyən insanlara verilən qeyri-adi qabiliyyət deyil. Bir çoxu düşünür ki, görmə məhdudiyyətli şəxslərin çoxunda məşhur “falçı” Vanqanın payı var. Əslində isə o insanlar görmə hissindən məhrum olduqları üçün digər hisslərini daha fəal şəkildə işlədirlər. Yüksək konsentrasiya öz işini görür.

Məndə də bu cür hal yaşanır. Düzdür, görmə məhdudiyyətim yoxdur, amma real olaraq başqa fiziki məhdudiyyətim var. Gəzə bilmədiyim üçün əlil arabasından istifadə edirəm. Bu hal mənə qaldığım evdə özümü bir növ məhbus kimi hiss etməmə səbəb olur. Sərbəst şəkildə evdən həyətə çıxmağım mümkünsüzdür. Mütləq kiminsə köməyi olmalıdır. Amma bu halı özümə fəlakət saymır və bilgilərimi artırıram.

Evdə günümü kitablar oxumaqla, idman etməklə, xarici dil öyrənməklə, psixoloji, elmi dərsliklər mənimsəməklə, filmlər izləməklə keçirirəm.

Çətinliklər məni daha da gücləndirir. Əksəriyyətinin tez əsəbiləşib, sərt reakasiya verdiyi şeyləri mən çox sakit qarşılayıram. O qədər səbirli olmuşam ki, gərgin məqamlarda ətrafımdakılar bu halıma təəccüblənib, niyə əsəbiləşmədiyimi soruşurlar. Mənsə sualı sualla cavablandırıram: “Bunun nəsə faydası olacaqmı?”

Boş-boş şeylərə əsəbiləşib, sinirlərimi xərcləmək niyyətim yoxdur. Mən özümü sevirəm. Bu, eqoistlik deyil. Sadəcə sağlamlığımın qiymətini bilirəm. Psixologiyanı öyrənmək çox köməyimə çatır. İnsanlarla rahat ünsiyyətə girə bilirəm. Onların xarakterini, davranışlarını müşahidə etmək xoşuma gəlir.

Əlillik qazanmamışdan öncə davaya meylli, kobud biri idim. Bir tərəfdən dəliqanlı vaxtlarım idi. Enerjimi kor-koranə hara gəldi sərf edirdim. Düşünürəm, hələ nə yaxşı ki, o vaxt peşəkar idmanla məşğul olurdum. Yoxsa o enerjimi daha neqativ şeylərə yönəldərdim. İndi enerjimi idarəetmə qabiliyyətim əmələ gəlib. Onu düzgün paylayaraq, faydalı nailiyyətlər əldə edə bilirəm. Zehni və fiziki normativlərimi nəzərə alıb, enerjimi onlara məxsus düzgün bölgü ilə paylaşıram.

Sülhpərvər birinə çevirilmişəm. İnsanlar arasına sevgi və mehribanlıq gətirməyə çalışıram. Münasibətlərdəki pozulmaların həssas məqamlarına qədər incələyirəm. Məqsədim insanlara faydalı olmaqdır. İnsan onsuz da mürəkkəb varlıqdır və bu mürəkkəblik ətrafımızı qaranlığa çevirib. Təbii ki, ətrafımızı və dünyamızı az da olsa pisliklərdən təmizləsək, daha faydalı nəticələr əldə edərik.

Qəlbimdəki sevgi hissi o qədərdir ki, onu ətrafıma da paylamaq istəyirəm. Tanrı məni sevir, bilirəm. Bütün məhdudiyyət və məhrumiyyətlərə rəğmən özümü daxilən azad hiss edirəm. Bu nemət yaşamağıma və mübarizə aparmağıma stimul verir. O qədər arzu və xəyallarım var. Onların yerinə yetəcəyinə inanıram. Həyat davam edir.



Yazı müəllifin fikirlərini əks etdirir və Meydan TV-nin mövqeyi ilə üst-üstə düşməyə bilər.

Ana səhifəMənim FikrimcəÖzünü kəşf etməyin yolu…