Onların şübhəli şəxs qismində məhkəməyə çıxarılacağı gözlənilir
Özünü “Göyçə-Zəngəzur Respublikası”nın qurucusu elan etmiş Rizvan Talıbov və bir müddət əvvəl bu qurumun yeni prezidenti kimi təqdim olunan Tünzalə Çələbiyevanın saxlandığı bildirilir.
Meydan TV-nin əldə etdiyi məlumata görə, onların hər ikisi avqustun 9-da Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən şübhəli şəxs qismində saxlanılıb:
“Təqsirləndirilən şəxs qismində cəlb olunandan sonra həbs məsələsinə Səbail Rayon Məhkəməsində baxılacaq…”.
“Qərbi Azərbaycana Qayıdış” İctimai Birliyinin rəhbəri Rizvan Talıbov 2022-ci ildə “Göyçə-Zəngəzur Respublikası”nı yaratdıqlarını, tanınmamış respublikanın öz prezidenti, parlamenti, Nazirlər Kabineti olduğunu iddia edib.
Ardınca sentyabrda “Göyçə-Zəngəzur Respublikası”nın Ankara nümayəndəliyinin açıldığı bəyan edilib.
Rizvan Talıbov iddia edirdi ki, bu “respublikanı” vaxtilə Ermənistan ərazisində azərbaycanlıların kompakt yaşadığı bölgələrin təmsilçiləri yaradıb.
Lakin Qərbi Azərbaycan İcması bəyanat yayaraq, belə bir təşəbbüsü dəstəkləmədiklərini açıqlamışdı.
Rizvan Talıbov 2005-ci ildə keçmiş səhiyyə naziri Əli İnsanov həbs ediləndən sonra onun hüquqlarını müdafiə komitəsinin sədri olmuşdu.
Onun özü də 2007-ci ildə həbs olunmuş və xuliqanlıq ittihamıyla 4 il azadlıqdan məhrum edilmişdi.
Özü bildirirdi ki, küçədə getdiyi yerdə tutulub.
O, sifarişlə həbs olunduğunu deyirdi.