Sabiq rəisi vətəndaşları aldadmaqda təqsirləndirilir
Oktyabrın 21-də Bakı Ağır Cinayətlər Məhkəsində “Azərbaycan Dəmir Yolları” QSC-nin Bakı Dəmir Yolu Qovşağı Mülki Müdafiə Qərargahının sabiq rəisi Əlövsət Məhərrəmovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Meydan TV-nin məlumatına görə, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən iclasda ifadə verən zərərçəkmiş və şahidlərin sözlərindən məlum olub ki, Əlövsət Məhərrəmov özünü Fövqəladə Hallar Nazirliyinin (FHN) polkovniki kimi təqdim edərək işə düzəltmək adı ilə onları aldadıb.
Onlar FHN-ə işə düzəlmək üçün 4-10 min manat arası nağd pulu Ə.Məhərrəmova verdiklərini deyiblər. Ə.Məhərrəmov zərərçəkmişlərə deyib ki, işə düzəlmək üçün ilk olaraq Ukraynada kurs keçmək lazımdır. Bunun üçün Ə.Məhərrəmov vətəndaşlardan 4 min manata qədər pul alıb.
Məhkəmədə ifadə verən şahid Fariz Bədəlov ifadəsində bildirib ki, atası Əlövsət Məhərrəmova 4100 manat verib. Məqsəd isə onun Ukraynda kursa düzəlməsi olub:
“Onu atam tanıyır. Pulu da atam vermişdi. Ukraynada oxuyub qayıdandan sonra işə düzələcəkdim. Yalandan getdim-gəldim. Amma iş düzəlmədi. İndi də pulumuz ala bilmirik. Artıq bu işdən yorulmuşam. Pul da cəhənnəmə batsın. Cəzası nədir verin, gedib çəksin”.
İfadə verənlər arasında təqsirlənidirlən şəxsin iş yoldaşı olmuş Firidun Həsənov da olub. O da şahid qismində dindirilib. Şahid deyib ki, qohumunu işə düzəltmək üçün Ə.Məhərrəmova 4850 manat pul verib.
Şahid Elçin Abdullayev isə ifadəsində deyib ki, oğlunu işə düzəltmək üçün Əlövsət Məhərrəmova 7 min manat pul verib. E.Abdullayev deyib ki, təqsirləndirilən şəxs pul aldığı insanları inandırmaq üçün onlara “Quran” kitabı paylayıb.
Məhkəmə prosesi noyabrın 4-də davam edəcək.
Ə.Məhərrəmovun vətəndaşları aldatması halları 2014-cü ilin sonlarında edilən çoxsaylı şikayətlərdən sonra məlum olub. Ə.Məhərrəmov ötən ilin fevralında həbs edilib.
Onun barəsində Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi açılıb.