”Özümüzü İraq vətəndaşı kimi görməkdən qürur duymuruq”

Mardin Gökkaya foto sosial şəbəkə
Mardin Gökkaya foto sosial şəbəkə
Mardin Gökkaya foto sosial şəbəkə
Mardin Gökkaya foto sosial şəbəkə


Mardin Gökkaya: Həm Azərbaycandan, həm də Türkiyədən olan nazirlərin yanımızda görünmələri mövqelərimizi gücləndirər




Son bir ayda Mosul və Kərkük uğrunda gedən hərbi əməliyyatlar Türkiyə və Azərbaycan mediasının diqqətini həmin bölgələrdəki türkmənlərin vəziyyətinə çəkib. İnformasiyalarda ziddiyyətlər olsa da, doğru xəbərləri çatdırmağa çalışan təşkilatlar da var. Meydan TV bəzi suallarla “Türkməneli” Öyrənci və Gənclər Birliyinin sabiq başqanı Mardin Gökkayaya müraciət edib.


– Mardin bəy, hazırda Mosul-Kərkük bölgəsində mövcud durum necədir?

– Molsulda başladılan əməliyyat üzərində anlaşılmazlıq hələ davam edir. Anlaşılmazlıq İraq Mərkəzi hakimiyyətilə Ankara arasındadır, səbəb Türkiyənin əməliyyata qatılmasıdır. Təbii ki, Türkiyənin Baaşikada olması yerli əhalinin və kürd İraq idarəçilərinin istəyilə baş tutub. Əlbəttə, müzakirələr davam edərkən də koalision güclər havadan dəstək verirlər. Kərkükün özündə gərginlikdir, çünki İŞID hər an hücum edə bilər. Onların bəzi hücumçuları evlərin arasından çıxır. Bir neçə gün əvvəl xüsusi xidmət əməkdaşı türkmən yüzbaşı Abduləmir Bayatlı sui-qəsdə məruz qaldı, hazırda reanimasiyada saxlanılır.



Bölgədə türkmənlərin sayı nə qədərdir, dəqiq statistika varmı?

– Təkcə İraqın ən böyük qəzası olan Təlaferdə 450-500 min arası türkmən var.



Ümumiyyətlə, Səddamın türkmənlərə qarşı apardığı assimiliyasiya siyasəti hansı izlər buraxıb?

– İraqda türkmənlər Osmanlı imperiyasının çöküşündən sonra, 1920-ci ildən bugünə qədər fərqli rejimlərin zülmlərinə, qətliamlarına və assimiliyasiyaya məruz qalıblar. Nəticədə çoxlu sayda türkmən bölgədən köç edib, son 35 ildə türkmənlərin doğma yurdlarında ərəblər yerləşdiriliblər. Təəssüf ki, yeni dönəm hesab edilən son 13 ildə itirdiyimiz 100 metrəni də qaytara bilmədik.



2003-cü ilədək Kərkük əhalinin 60 faizi türkmənlər olub və bu şəhər türkmənlərin mədəni mərkəzi hesab edilirdi. İndi durum necədir?

– İllər ərzində türkmənlər üzərinə çeşidli basqılar edilib və iqtisadi baxımdan zərəri də biz görmüşük. Çünki Kərkükün iş yeri mərkəzləri türkmənlərin əlindəydi, nə yazıq ki, basqılar və sui-qəsdlər iş adamlarını bölgədən didərgin saldı. Nəticədə onlar iş yerlərini dəyişdirməyə, yaxud yadlara satmağa məcbur oldular.



Mosulda demoqrafik vəziyyət hansı millətin xeyrinədir və türkmənlər özlərini hansı səviyyədə qoruya bilir?

– Mosulda ərəblərdən sonra sayca ikinci türkmənlərdir. Təlaferin özəl bir rayon olması artıq bütün türkmən siyasilərinin fikridir, bununla da özümüzü qoruma altına almaq imkanı yetərincədir.



Ümimiyyətlə, türkmənlərin özünümüdafiə batalyonları varmı və hansı səviyyədədir?

– Türkmənlərdən ibarət “Türkmən gücü” adı altında Kərkükün güneyindəki rayonları qoruyanlar var. Onlar ən yaxşı dastanları yazırlar.


– Türkmənlər bölgədə hansı siyasi təsirin olmasında maraqlıdırlar?

– Türkiyənin Mosul əməliyyatına qatılmasını istəyirik və dəstəkləyirik. Eyni zamanda, həm Azərbaycandan, həm də Türkiyədən olan nazirlərin yanımızda görünmələri mövqelərimizi gücləndirər.



Türkmənlər mədəni, yoxsa siyasi muxtariyyat istəyirlər?

– Biz İraqda mədəni halda yaşamağa məcbur olan tək silahsız millətik. Əslində, dövlət üçün ən mədəni və səviyyəli insanları türkmənlər yetişdirib. Amma üzülərək deyim ki, hökumət bizimlə ögey övlad kimi davranır. Hazırda İraq Nazirlər Kabinetində bir türkmənin nazir olmasını belə bizə çox görürlər. Ona görə özümüzü İraq vətəndaşı kimi görməkdən qürur duymuruq.

– Türkiyədən hansı dəstəyi istəmisiniz və Ankara müraciətinizə reaksiya veribmi?

– Sağ olsun Türkiyə dövləti və milləti, bizi heç bir zaman yalnız buraxmadı. Bugünə qədər mərkəzi hökumətimizin öz vətəndaşı üçün etmədiyini Türkiyə dövləti dolayısıyla etdi. Türkiyə dövlətinə və millətinə millətimizin yanında olduğu üçün təşəkkür edirik. Əgər Türkiyə mediası da türkmənlərin yaşadığı bu çətin durumla bağlı xəbər proqramlarında məlumatlar yaysa, faydası olardı. Təəssüf ki, hələ bu məsələ tam şəkildə görünmür.



 Azərbaycandan hansı istəyiniz var?


– Azərbaycan dövləti və milləti bizim mücadiləmizi yaxından izləyən dövlətlərdən biridir. Arzumuz odur ki, Azərbaycan mediası türkmənlərin hansı zülmlərə məruz qaldığını işıqlandırsın və baş verənləri dünya mətbuatına çıxarsın. Çünki sizin medianız Rusiya və Belarus dövlətlərinə açıldığından əsaslı təsir imkanlarına malikdir.

Ana səhifəVideo”Özümüzü İraq vətəndaşı kimi görməkdən qürur duymuruq”