”Özüm də bilmirəm, Mehman Hüseynovam, ya yox”

Müdafiə tərəfi məhkəmə heyətinə etiraz etdi

Source:


Müdafiə tərəfi məhkəmə heyətinə etiraz etdi

Aprelin 10-da Bakı Apelyasiya Məhkəməsində həbsdə olan bloger Mehman Hüseynovun barəsində olan hökmdən verilən apelyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

Meydan TV-nin məlumatına görə, hakim Vaqif Mursaqulovun sədrlik etdiyi iclasda Mehman Hüseynovun özü və vəkilləri Fuad Ağayev, Elçin Sadıqov və Şəhla Hümbətova iştirak edib.

İclasda M.Hüseynovun anket məlumatları dəqiqləşdirilib. Hakim cinayət işində olan anket məlumatlarını oxuyub, M.Hüseynovdan düzgün olub-olmamasını soruşub. M.Hüseynov hakimin sualına cavabında “Özüm də bilmirəm ki, Mehman Hüseynovam, ya yox” deyə cavab verib: “Daxili İşlər Nazirliyi 2014-cü ildən mənə şəxsiyyət vəsiqəsi vermir. Ona görə də bu məlumatlara özüm şübhə ilə yanaşıram”.

M.Hüseynov hakimdən xahiş edib ki, ona şəxsiyyət vəsiqəsi verilsin.

İclasda çıxış edən Mehman Hüseynovun vəkili Fuad Ağayev isə deyib ki, ittiham əsassızdır: “Hökmdə yazılıb ki, Mehman polisə qarşı qərəzlidir. Lakin əslində polislər Mehmana qarşı qərəzlidirlər və bunun üçün xeyli fakt var. Mehmanın ölkədən çıxışına qadağa qoyulub. Dəfələrlə polis idarəsinə çağırılıb. O, həbs ediləndə ləyaqəti alçaldan rəftara məruz qalıb və buna görə elə açıqlama verib”.

Daha sonra Fuad Ağayev apelyasiya şikayətinə məhkəmə istintaqı aparılmaqla baxılması, idarədəki kameraların yaddaşına baxış keçirilməsi barədə vəsatətlər verib: “Nəsimi Rayon Polis İdarəsinin rəisi Musa Musayevin Mehmanın cinayət məsuliyyətinə cəlb olunması üçün məhkəmədə iddia qaldırmaq hüququ yoxdur. Lakin məhkəmə onun iddiasını qəbul edib. Mehman müsahibəsində Musa Musayevin adını çəkməyib. Ona necə böhtan ata bilər? Mehmanın barəsində bəraət hökmü çıxarılmalıdır”.

Lakin məhkəmə vəsatətləri təmin etməyib. Bundan sonra vəkillər məhkəmə tərkibinə etiraz ediblər. Bununla bağlı vəsatət veriblər. Bildiriblər ki, məhkəmə tərkibi qərəzlidir.

Proses aprelin 11-də davam edəcək.

Mehman Hüseynov yanvarın 9-u axşam saatlarında Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanıb. O, İnzibati Xətalar Məcəlləsinin 535.1-ci (polisin qanuni əmrinə tabe olmamaq) maddəsi ilə təqsirli bilinərək, Nəsimi rayon Məhkəməsinin qərarı ilə 200 manat cərimə olunub və sərbəst buraxılıb. M.Hüseynov məhkəmədən azad edildikdən sonra jurnalistlərə açıqlamasında bildirib ki, o peşə fəaliyyətinə görə təzyiqə məruz qalır və saxlanılarkən polislər ona işgəncə veriblər.

DİN onun bu açıqlamasını təkzib edib və blogerin böhtan atdığı barədə açıqlama yayıb. Açıqlamada həmçinin bildirilirdi ki, Mehman Hüseynovun polisi ağır cinayətdə ittiham etməklə böhtan atması əməlinə hüquqi qiymət verilməsi üçün Daxili İşlər Nazirliyi tərəfindən Respublika Baş Prokurorluğu qarşısında vəsatət qaldırılıb.

Bundan sonra isə Nəsimi rayon Polis İdarəsinin rəisi Musa Musayev xüsusi ittiham qaydasında məhkəməyə müraciət edib.

Polis rəisi Mehman Hüseynovun CM-nin 147.2-ci (ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsilə məsuliyyətə cəlb olunub, cəzalandırılmasını istəyib.

Suraxanı rayon Məhkəməsi Mehman Hüseynovun 2 il azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb. Apelyasiya şikayəti həmin qərardan verilib.

Ana səhifəXəbərlər”Özüm də bilmirəm, Mehman Hüseynovam, ya yox”