Özgələrin həyatı

Ölkədə təsvirəgəlməz hadisələr baş verir. Şənbə günü axşam çağı (lap məşhur şeirdə deyildiyi kimi “Çərşənbə günündə, çeşmə başında”) MTN naziri tələm-tələsik işindən azad edildi. Bu bir kənara, nazir bundan sonra yağlı əppək olub, bilmərrə yoxa çıxır (lap Stalin vaxtının “Партбилет на стол!” hayqırtısı gəlir adamın qulağına). Ölkə başçısı sanki mahir attraksionçu kimi, onu şkafa qoyub, sonra yoxa çıxarır, amma publika hələ mat-mahattal donuxub qalmışdı. Bilmirdi, başlasın sürəkli alqışlara ya yox, burda köməyə öncülümüz-pionerimiz Zahid müəllim gəlib, tam cəsarətilə ifşa edib orada (qulaqlara qurğuşun – MTN deyir) baş verən cinayətləri. Sonra da onu Sivayuş müəllim “Əjdaha müəllim, özü bilər…” üslubunda “balanslaşdırıb”.

Sonda isə ölkədəki hadisələri məntiqi sonluğu – indiyə kimi penitensiar xidmətin rəisi (el dilində türmə rəisi) işləmiş ədliyyə general-leytenantı, yeri gəlmişkən, həm də Milli Qəhrəman Mədət Quliyev, Milli Təhlükəsizlik Nazirinin birinci müavini, faktiki baş inkvizitor təyin olunur.

Bütün bu hadisələr də ilginc detallarla müşayiət olunur – gedən söhbətlərdən məlum olur ki, ölkə vətəndaşlarının live pornosuna başqa bir orden-medallı, adlı-sanlı, “Vətənə xidmətə görə” ordeninə layiq görülmüş xanım baxırmış. Ölkənin zırpı məmurlarından olan Eldar Əzizov isə hadisələrə “Əsas prinsip sadiq olmaq və qudurmamaqdır” kimi bəyanatla münasibət bildirib. Görən, daha bundan başqa hansı şərhə ehtiyac var?

Hər gün bar-bar bağırıldığı kimi “Müharibə vəziyyətində olan” ölkənin xüsisi xidmətinə son on ildə rəhbərlik etmiş adamın birdən-birə, qeyri-iş günü axşam çağı, tələsik çıxarılıb nəzarətə götürülməsi, onun bu illər ərzində qurduğu sturukturun dağıdılması və o sistemdə işləyən çox-çox yüksək vəzifəli insanların cinayətkar kimi həbs edilməsi necə adlandırıla bilər? Belə vəziyyət, doğrudan da, hansısa daxili müharibəni daha çox xatırladır.

Bizim, yəni əhalinin, sadə insanlar, hətta əminəm, “elita” adlandırlanların belə baş verənlərdən, onların miqyasından xəbərimiz əsla yoxdur (bilsək, bəlkə də, ürəyimiz partlayar). Lakin baş verənlərin yalnızca şiş ucu – aysberqi çox qorxunc görünür. Görənsən, şair demiş, birdən “Dünya qəfil işıqlansa” nə edərik, başımızı hansı daşa döyərik?

Bəs görəsən, bu adaların, uzun illər MTN-də işləyib həyatlarını elə ölkə vətəndaşlarının, qısası “özgələrinin həyatını” müxtəlif formalarda izləməyə həsr etmiş insanların mənəvi-psixoloji durumu nə yerdədir? Ölkənin “analoqsuz” inkişafı haqda qulaqbatırıcı bəyanatlar fonunda nə etdiklərinin fərqindəydilərmi, indi həbsə alınıb, cinayətkar adlandırılan o vətəndaşlar?

Bu hadisələrin fonunda DDR həyatı haqda, 10 il öncə lentə alınmış “Özgələrinin həyatı” (Das Leben der Anderen, rejissor Florian Henckel von Donnersmarck) filmini xatırlamamaq mümkün deyil. Stasi (Ministerium für Staatssicherheit , yəni Şərqi Almaniyanın təhlükəsizlik xidməti – dünyaca məşhur və qorxunc!) tərəfindən Şərqi Berlinin kültür həyatı üzərində nəzarətin necə yerinə yetirilməsi mövzusuna toxunan bu film, totalitar rejimlərin insanların, xüsisilə sənət adamlarının həyatını necə məhv etdiyi haqdadır.

Burada hadisələr 1984-cü ilin Şərqi Berlinində baş verir. Qorxunc Stasinin 100  min əməkdaşı, 200 min informatoru var, onlar partiyanın, necə deyərlər vuran əli və eyni zamanda qalxanıdır, onların metodu hər bir kəsdən şübhələnmək, peşələri isə – “Özgələrin həyatıdır”. Ən ilginci isə filmdə iştirak edən personajlar, təqib edənlər və təqib edilənlərin heç biri cəmi 5 ildən sonra taleyin hökmü ilə nəinki totalitar sistemin, ümumiyyətlə bu ölkənin mövcudluğuna son qoyulacağından, ümumiyyətlə, xəbərsiz olaraq həyatın onlara müəyyənləşdirdiyi rolları sona kimi oynayır. Filmdəki bütün personajlar – dramaturq Georg Dreyman, mədəniyyət naziri Bruno Hempf, fəaliyyətinə rejim tərəfindən qadağa qoyulmuş və intihar edən istedadlı rejissor Albert Jerska, Stasi əməkdaşları olan iki dost və həmkar – Gerd Wiesler və onun müdiri Anton Grubitz, və təbii ki, fədakar qadın, filmin sonunda faktiki sevdiyi insan uğrunda canından keçmiş aktrisa Christa-Maria Sieland – hamı öz oyununu oynayır.

Bütün bu insanlar totalitar rejimin doğurduğu reallıqda yaşamağa məhkumdurlar, dramaturq və onun rəfiqəsi olan aktrisa öz peşə fəaliyyətlərini maksimal kompromislə, eyni zamanda mümkün qədər insani sifətlərini qoruyaraq yerinə yetirmək istəyirlər. Lakin onların intihar etmiş dostu, rejissor Albert Jerska ölümü ilə sübut edir – MÜMKÜN DEYİL!

Eyni zamanda sistemin içərisində özünü balıq suda hiss edən kimi öz əməllərindən müstəsna zövq alan personajlar – öncə atkrisa Sielandı DDR-in birinci aktrisası adlandırıb, sonra xidməti maşınında zorlayan mədəniyyət naziri Bruno Hempf, Stasi daxilində dəmir nizam-intizama nəzarət edən Anton Grubitz və digər Stasi əməkdaşları sübut edir – MÜMKÜN DEYİL!

Təqibçilərdən bircə nəfərin qəlbinə şübhə toxumu əkilir, bu da Stasi əməkdaşı, dramaturq Dreymanın evində gizli axtarışa gəlmiş və oradan Bertold Brechtin əsərlərindən ibarət sarı kitabçanı götürmüş Gerd Wiesler olur. Özündən də xəbərsiz Wiesler izlədiyi insanlara simpatiya bəsləmiş olur, onların özlərinin də xəbəri olmadan onlara yardım etməyə çalışır. Lakin birbaşa dramatruq Georg Dreymanın evini, telefon danışıqlarını izləyən Wiesler nə qədər çalışsa da, aktrisanın ölümdən xilas etmək mümkün olmur və nəticədə Stasi əməkdaşı özü şübhə altına düşüb, faktiki işdən kənarlaşdırılır. Hətta bu metamorfozaya uğramış qəhrəmanın uğursuz cəhdləri də bunu sübut edir – sistemin dəyişilməsi baş vermədən, heç bir müsbət məsələ prinsipial olaraq MÜMKÜN DEYİL!

Qayıdaq məmləkətimizə, İncildə deyildiyi kimi, “öz qoyunlarımıza”. Yazılan yazıların oxunması, verilən reaksiya kimsəyə sirr deyil. Yazı bir cəhənnəmə, əhalinin bu baş verən olaylara da münasibəti əslində yenə “Özgələrin həyatı” kimi xarakterizə etmək olar. Əlbəttə ki, tamamilə antisosial əhalimiz üçün bütün bu baş verənlər sadəcə “Özgələrin həyatı” və “özləri bilər” paralelindədir. Lap Siyavuş müəllim dediyi kimi.

Əslində isə hələ 11 il öncə MTN-in bi obexeyis rəisinə tapşırılması, indi isə o obexeyisin dəyişib, türmə rəisi ilə əvəzlənməsi yalnız MTN-in, yəni kəşfiyyatın DİN ilə, yəni polis, uçaskovu, elə nadziratellə əvəzlənməsidir. Yəni bu ölkədəki başlıca məsələ kəşfiyyat və ya əks-kəşfiyyat-filan deyil əzizlərim, əsas məsələ elə həmin o relevant, anti-sosial həddə gəlmiş əhalinin güdülməsi, nadziratel tabeçiliyində olmasıdır. Onların içində artıq yaxşısı-pisi yoxdur, nadziratel sistem adamıdı, buyruq quludu, hətta filmdəki Wiesler kimi gedib axtarış apardığı adamın evindən nəinki Brechti, lap Mirzə Ələkbər Sabirin “Hophopnamə”sini, yaxud Mirzə Cəlilin “Danabaş kəndinin əhvalatlarını” belə götürüb oxusa, dəyişilsə də, bu cəhdlər nəyisə çətin ki, dəyişə bilər.

Odur ki, çıxarıldı-tutuldu-vuruldu-gətirildi söhbətləri sadəcə saraydaxili əyləncələrdən (yaxşı, olsun krizis) başqa bir şey deyil. Çünki biz “Özgələrin həyatı”, onlar “Özgələrin həyatı” ilə sadəcə istismardan başqa heç bir nöqtədə kəsişmir. Bütün baş verənlər isə yalnız onu sübut edir ki, bu sistemin özü dəyişilməsə, heç bir müsbət dəyişiklik prinsipial olaraq MÜMKÜN DEYİL!

Ana səhifəVideoÖzgələrin həyatı