Deputat Aqil Abbas MTRŞ-yə telekanalların yayımının dayandırmaq səlahiyyəti verilməsini təklif edir
“Bu gün özəl kanallar əxlaqsızlığı yayır. Dünyada kimsə bizə baxanda deyir ki, görəsən, belə də millət var imiş?!”
Bunu parlamentin iclasında deputat Aqil Abbas deyib. O, Milli Televiziya və Radio Şurasına (MTRŞ) telekanalları cəzalandırmaq, hətta qısa müddətlik yayımını dayandırmaq səlahiyyətini verilməsini təklif edib. Deputat deyib ki, qaydaların pozulmasına görə telekanallara bu cür cəzalar tətbiq edilməsi təcrübəsi bütün dünyada var:
“Hətta Türkiyədə də RTÜK (Radio Televiziyon Üst Kurumu – red) da bir neçə günlük, hətta bir aylıq telekanalın yayımını dayandıra bilir”.
Deputat deyib ki, Azərbaycandakı özəl televiziya kanallarının millətə nəyi aşıladığı bilinmir: “Kim kimin başını qırxdı, kim qaynanası ilə dalaşdı, bütün ailə məsələləri açılıb tökülür, ya da ən yaxşı halda, həkim məsləhətləri verilir. Bizim bunlardan başqa dərdimiz yoxdur? Hətta Qarabağ məsələsi tamam yaddan çıxıb. Yaxşı ki, AzTV, İTV və Mədəniyyət kanalı var. Adamlar nəyəsə baxa bilir. Gövhər xanım (deputat Gövhər Baxşəliyavanı nəzərdə tutur- red.) deyir ki, niyə uşaqları rus məktəblərinə qoyursuz? Camaat da ona görə qoyur ki, heç olmasa uşaqlar rus dilini öyrənib, rus kanallarına baxa bilsin”.