Özbəkistanın yeni prezidenti 88 faizdən çox səs topladı

Əvvəlki prezident İslam Karimov sentyabrın 2-də insultdan vəfat edib

Source:
Şavkat Mirziyaev
Şavkat Mirziyaev


Əvvəlki prezident İslam Kərimov sentyabrın 2-də insultdan vəfat edib

Özbəkistanın Mərkəzi Seçki Komissiyası bildirir ki, prezident səlahiyyətlərini icra edən Şövkət Mirziyoyev dekabrın 4-də keçirilmiş seçkilərdə səslərin 88 faizdən artığını toplayıb.

MSK-nın rəsmi bilgisinə görə, ötən günkü prezident seçkilərinə seçicilərin 87,83 faizi qatılıb. Səsvermə hüququ olan 20 milyondan çox vətəndaşın 17,9 milyonunun səs verdiyi bildirilir.

Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu (ODIHR) dekabrın 5-də bildirib ki, Özbəkistandakı prezident seçkiləri ölkənin “hərtərəfli islahatlara ehtiyacına” cavab verməyib.

ODIHR-in bu günədək Özbəkistanda müşahidə etdiyi altı seçkidən heç biri demokratik və ədalətli sayılmayıb.


SİYASİ XƏTTİN DAVAMI

2003-cü ildən ölkənin baş naziri olmuş Mirziyoyevin seçkidə qalib gələcəyi gözlənilirdi. Kərimovun ölümündən sonra o, cəld tərpənərək hakimiyyəti öz əlində cəmləşdirib.

Kərimovun ölümünün elanından altı gün keçmiş 59 yaşlı Mirziyoyevin prezident səlahiyyətlərini icra edəcəyi bildirilmişdi. Halbuki, ölkə Konstitusiyasına görə, prezident öz səlahiyyətlərini icra edə bilməyəndə onun səlahiyyətləri parlamentin yuxarı palatasının spikerinə keçir.

Mirziyoyev, əsasən, Kərimovun siyasi xəttini davam etdirmək niyyətində olduğunu deyib.

Namizədlər arasında daha üç şəxsin adı var: Xalq Demokratik Partiyasından Khatamjon Ketmonov, Milliy Tiklanish (Milli Dirçəliş) Demokratik Partiyasından Sarvar Otamuratov və Adolat (Ədalət) Sosial-Demokrat Partiyasından Nəriman Umarov.

Onların hər üçü hökumətin tərəfdarıdır.


DÖVLƏT NECƏ İDARƏ OLUNACAQ

Ketmonov və Umarov 2015-ci ildə prezident seçkilərinə də qatılıblar. Müşahidəçilər bu seçkiləri Kərimovun dördüncü prezidentlik müddətinin təşkilindən ötrü quraşdırılmış saxta oyun sayıblar. Kərimov öz hakimiyyətini Qərb dövlətlərinin və müşahidəçilərin qeyri-demokratik saydığı seçkilərlə uzadıb.

Mirziyoyev iyirmi il Kərimovun sadiq havadarı olub. Əvvəlcə regionlardan birinin qubernatoru, daha sonra baş nazir vəzifəsində çalışıb.

Keçmiş işçiləri onun sərt müdir və zorakı xarakterli şəxs olduğunu deyirlər.

Mirziyoyevin dövləti necə idarə edəcəyi barədə əsas budur – o, əsasını Karimov-un qoyduğu avtoritar idarəetməni davam etdirəcək, yoxsa fərqli siyasət yürüdəcək.

Kərimovun ölümündən sonra Mirziyoyev vaxt itirmədən Rusiya prezidenti Vladimir Putinlə görüşüb. O, ötən ay Daşkənddə Türkiyə prezidenti Rəcəb Tayyib Erdoğanı qəbul edib.

Əvvəlki prezident İslam Kərimov sentyabrın 2-də insultdan vəfat edib.

Həmin vaxtdan bu yana prezidentin səlahiyyətlərini Şəvqət Mirziyoyev icra edirdi.

Mənbə: AzadlıqRadiosu

Ana səhifəXəbərlərÖzbəkistanın yeni prezidenti 88 faizdən çox səs topladı