”Öz kəndimizdə başqası üçün fəhlə işləyirik”

Kəndli: “Əziyyəti mən çəkirəm, qazancı başqası yeyir”

Source:
Nurlan Abbasəliyev
Nurlan Abbasəliyev


Kəndli: “Əziyyəti mən çəkirəm, qazancı başqası yeyir”

Hektarlarla torpaq sahəsinə cərgə ilə xətlər salıb, kartof toxumu səpir. Cılız bədəni ilə ağır kotanı sürüyüb, işini tezləşdirməyə çalışır.

Gürcüstanın Şülaveri kənd sakini Nurlan Abbasəliyev evinin on addımlığındakı türkiyəli iş adamına məxsus torpaq sahəsində günəmuzd fəhlə kimi çalışır. 48 yaşlı sakin deyir ki, vaxtilə həmin əkin sahəsi onun babasının pay torpağı olub:

“İllər əvvəl bu ərazidəki torpaqlar burda yaşayan əhaliyə əkin-biçin üçün pay torpağı kimi verilib. Son 20 ildə özəlləşdirmə başlayanda məlum olub ki, torpaqlar kəndlinin əlindən alınıb. Əksər torpaqlar elə gürcülərə satılıb. İndi biz öz kəndimizdə başqası üçün fəhlə işləyirik. Kəndli qazancını başqa hardan çıxara bilər ki ?!”

Nurlan Abbasəliyev deyir ki, gürcülər də torpaqları başqa ölkənin vətəndaşlarına satıb. Məsələn, Şulaveridə 2 böyük istixana ərəblərə məxsusdur. Bəzilərini isə türkiyəli iş adamları alıb, tərəvəz əkib-becərirlər.

Torpaq problemi Gürcüstanda azərbaycanlılar yaşayan əksər bölgələrdə var. Sakinlərin əksəriyyətinin danışıqlarından məlum olur ki, torpaq islahatları zamanı etnik azərbaycanlılar bu prosesdən kənarda qalıblar və torpaqlarını itiriblər. Lakin yenidən torpaq sahibi olmaq üçün bələdiyyəyə müraciət etsələr də, torpaqların artıq özəlləşdiyini, boş sahələrin olmadığı cavabını alıblar.

Uzun müddət icarəyə götürdüyü torpağı hətta pulla almağa cəhd edənlər də olub.

Sarvanlı kənd sakini Cəmil Camalov deyir ki, dəfələrlə Gürcüstan hökümətinə, yerli bələdiyyələrə müraciət edib, lakin ona torpaq satmaq istəməyiblər. Hətta haqqını tələb etmək üçün məhkəməyə də üz tutub:

“İcarəyə torpaq götürüb əkib-becərirdim. Müqaviləyə görə, uzunmüddətli icarədar olduğum üçün məhkəmənin qərarı ilə bu 15 hektarlıq sahənin 3 hektarı mənə satılmalı və özəlləşdirilməli idi. Qərar var, amma icra edən yoxdu. Məhkəmə icraçılarına deyirik, məhəl qoymurlar. Gürcünün bir şikayəti olarsa, dərhal həll edirlər. Amma bizi saya salan yoxdu”.

Gürcüstandakı azərbaycanlıların problemləri ilə məşğul olan “Qeyrət” Xalq Hərəkatının araşdırmalarına görə, Marneuli bölgəsində təsərrüfat torpaqlarının sahibləri əsasən qeyri-yerlilər, yəni gürcülərdir:

“Əhali kənddə yaşayırsa, ona qeyd-şərtsiz torpaq verilməlidir. Lakin Gürcüstan hökumətində pay torpağı anlayışı yoxdur. Onlar torpaqları “Sovxoz” və idarələrə verdilər və onların əli ilə özəlləşdirdilər. 1996-cı ildə aparılan bu islahat zamanı siyasi maraqlar böyük rol oynadı. Azərbaycanlılara qarşı xüsusi ayrı-seçkilik edildi”- deyən təşkilat sədri Əlibala Əsgərov, həmçinin qeyd edir ki, azərbaycanlılar yaşayan Marneuli və Bolnisi rayonlarındakı torpaqların əksəriyyəti hazırda başqa şəhərlərdən olan gürcü məmurların qohum əqrəbalarına məxsusdur.

“Beynəlxalq Şəffaflıq” təşkilatı da Gürcüstanda torpaq islahatı aparılarkən xeyli qüsurların olduğunu müəyyən edib. Araşdırmalara əsasən, islahatlarda məsuliyyətsizliyə və ədalətsizliyə yol verildiyi, kimisinə normadan çox, kimisinə isə az torpaq ayrılması kimi hallara rast gəlindiyi bildirilir.

Gürcüstanda yaşayan azərbaycanlıların əksəriyyəti əzəldən kənd təsərrüfatı ilə məşğul olub, əkin əkib, mal-qara saxlayıblar. İndi isə onların əksəriyyəti torpağı başqasından icarəyə götürməlı olurlar. Elə Qızılhacılı kənd sakini Pəri Cəfərova kimi.

“Elə böyük sahə deyil, amma özümüzə də məxsus deyil. İndi alaqları təmizləyirik, burda mövsumə görə tərəvəzlər əkirik. Əsasən çiyələk sahələridir”.

Marneulinin Sarvanlı və Şulaveri kəndində sakinlərlə söhbət zamanı məlum oldu ki, burada da əksər təsərrüfat sahələri gürcülərə məxsusdur. Sarvanlı kənd sakini 48 yaşlı Mahir İbrahimov deyir ki, gürcüdən icarəyə götürdüyü 6 hektar torpaq sahəsi üçün ildə 3 min lari pulu ödəyir:

“Özümün isə ildə uzağı min lari qazancım olur. Hamballığım özümə qalır. Əziyyəti mən çəkirəm, qazancı başqası yeyir”.

Torpaqsız qalan kəndlilərin əksəriyyəti həyətlərindəki kiçik sahəni də becərir, gündəlik tələbatlarını ödəyə bilmək üçün göyərti, tərəvəz əkirlər. Örüş sahələri olmadığından təkəm- seyrək ailələrin mal-qara saxlandığını görmək mümkündür. Heyvanı olanlar da çarəsizlikdən tövlələrdə saxladıqlarını deyirlər.

Gürcüstan Parlamentinin aqrar məsələlər üzrə komitəsindən isə ünvanlanan sorğuya cavab olaraq bildirilir ki, islahat zamanı torpaqların özəlləşdirilməsi vətəndaşların milliyətindən asılı olmadan həyata keçirilib:

“Parlament 1996-cı ildə “Kənd təsərrüfatı torpağına mülkiyyət hüququ” haqqında qanun qəbul edib. Bu qanun əsasında Gürcüstan vətəndaşları icarəyə götürdükləri torpaq sahələrini özəlləşdirdilər. Hazırda kənd təsərrüfatı torpağının icarəyə verilməsi prosesi Mülki Məcəllə və “dövlət əmlakı” qanunu ilə tənzimlənir. Torpaqlar Gürcüstan vətəndaşlarına yuxarıda qeyd olunan qanunlar əsasında milliyətindən asılı olmayaraq verilib”.

Komitədən həmçinin bildirilir ki, Gürcüstan qanunvericiliyində milli zəmində ayrı-seçkilik və məhdudiyyətlər heç zaman olmayıb.

“Qeyrət” Xalq Hərəkatının sədri Əlibala Əsgərov isə hesab edir ki, torpaq islahatının icrası zamanı yol verilən qüsurları aradan qaldırmaq üçün yenidən islahat aparmağa ehtiyac var.

Ana səhifəXəbərlər”Öz kəndimizdə başqası üçün fəhlə işləyirik”