Bu mövzuda məndən əvvəl 150 adam yazıb bəlkə də. Amma çox adamın yazmağı mövzunun bayağılaşdığı mənasına gəlmir. Yaxşısını yazan da var, yazmayan da. Düzünü deyən də var, deməyən də. Obyektiv yanaşan da var, yanaşmayan da. Yəni ki, çox adam yazıb..
Bir şeyi görmək üçün baxmalısan. Yazdığım cümlə kəşf deyil, yazmaqda məqsədim baxmaqla görmək ayrı şeydir deməkdi. Görməyən adam ətrafına baxıb heç nə görmür, amma deyir ki, görürəm. Başlayır, görmədiyi şey haqqında danışmağa. Məsələn, deyir ki, bizim millət yaxşıdı, vətənpərvərdi, insancıldı, istiqanlıdı “pisə qalsa, hər yerin yaxşısı-pisi var” və s bunun kimi 50 faizi boş olan söhbətlər. Doğrudur, hər yerin yaxşısı da, pisi də var. Amma niyə bizim məmləkətin pisi yaxşısından çoxmuş kimi gəlir mənə? Elə olduğundan ola bilərmi?
Türkiyədə təhsil alıram. Bura gəlmək bir çox şeyi dəyişdirir insanda. Fərq etməz, hər hansı bir müasir ölkəyə get, yenə dəyişəcək. Çünki, Avropa düşüncəsi ilə inkişaf etməyə çalışan, harasa tutunmağa çalışan bir yerdə Azərbaycandan çıxdığın kimi qala bilməzsən, mümkün deyil. Amma yaxşımı, yoxsa pismi dəyişməyin, sənin əlindədi.
İlk dəfə gələndə, evdə olan digər soydaşlar mənə dedi ki, burda nə edirsən et, amma bizimkilərdən uzaqda gəzməyə çalış. Bunu deyən bizimkilər idi. İlk dəfə anlamadım. Söhbəti qulaqardına vuraraq, qrupumuzda olan digər yerlilərlə yaxınlıq qurdum. Zamanla hər şey yerinə oturmağa başladı. Fikir verdim ki, bunlar nəsə düz adamlar deyil. Orda-burda pul xərcləyən varlı və kasıb oğlanlardı sadəcə. Dedim, yəqin bunlar belədi, qalanları belə olmaz. Zaman dəyişdikcə, bizimkilərin məharətləri ortaya çıxırdı bir-bir..
Bu gün tanış bir adam üçün qalmağa yer axtarırdıq. Nə isə 1-2 yataqxana adı çəkiləndən sonra burda oxuyan başqa bir uşaq dedi ki, qardaş, burdakı bir çox yataqxana bizimkiləri götürmür. Dedim, ev axtaraq heç olmasa. 10 dəqiqədən sonra məlum oldu ki, heç evlər də götürmürmüş. Götürəndə illik pulunu alır ki, o birisi yerlilər kimi atıb qaçmayasan. Yəni bir o qalıb ki, təpik vurub şəhərdən qovsunlar. 1-2 il sonra ev verən tapılmayacaq deyə qorxuram.
Bunları yazmağımın səbəbi ayrıdı. Bakıda oxusam, orda qalsam, bəlkə də, belə düşünməyəcəkdim. Ölkədən qırağa çıxmaq, fərqli dünyaya girmək bir növ nə düşündüyünü qabağına qoyub, onları düzəltmək kimi bir şeydi. Bundan yaxşı nəsə olacağını zənn etmirəm.