“Oyunu uduzan Moskva Azərbaycandan asılı vəziyyətə düşüb”

İqtisadçı Natiq Cəfərli Rusiyanın “Cənub axını” qaz kəmərindən imtinasının səbəblərini şərh etdi

Source:


İqtisadçı Natiq Cəfərli Rusiyanın “Cənub axını” qaz kəmərindən imtinasının səbəblərini şərh etdi

Rusiya güclü iqtisadi və siyasi zərbə alıb ki, bu da Qara dənizdən Avropaya qaz nəqlini  nəzərdə tutan “Cənub axını” qaz kəməri layihəsinin baş tutmamasında özünü göstərib. “Turan” İA-nın məlumatına görə, bu imtina barədə ötən gün Ankarada RF prezidenti Vladimir Putin məlumat verib.

Məlum olub ki, Avropa Komissiyasının blokadaya aldığı “Cənub axını”nın əvəzinə Türkiyə və Yunanıstan sərhədində başqa qaz borusu çəkiləcək, yeni qaz qovşağı inşa ediləcək.

“Qazprom”un rəhbəri Aleksey Millerin sözlərinə görə, Moskva və Ankara Qara dəniz vasitəsilə yeni qaz kəmərinin inşası barədə razılığa gəliblər. Kəmərin gücü ildə 63 mlr. kub olacaq. Bu qazın böyük hissəsi Avropa ölkələri üçün nəzərdə tutulub və Rusiya bu həcmin Yunanıstandan keçiriləcəyinə ümid edir.

Rusiya “Cənub axını” layihəsinə 4,66 mlrd. avro sərmayə qoyub. Müxtəlif qiymətləndirmələrə görə, layihənin ümumi dəyəri təxminən 20 mlrd. avro təşkil edib.  İndi Rusiya yatırılan vəsaiti Türkiyənin Avropa hissəsində boru kəmərinin inşasına sərf edir.

“Turan”ın şərhinə görə, Moskva “Cənub qaz dəhlizi” layihəsinə alternativ yarada bilmədi. Oyunu uduzan Moskva Türkiyədən və qismən də Türkiyə və Avropaya cənub marşrutu üzrə qaz axınına nəzarət edən Azərbaycandan  asılı vəziyyətə düşüb.

Ankara-Bakı tandemi Rusiya qazının qiymətinə və nəqlin həcminə təsir göstərə bilər.

Bundan əlavə, Türkmənistanın, perspektivdə isə İranın Cənub dəhlizinə qoşulmasının mümkünlüyü Rusiyanın qaz bazarını Türkiyə ilə məhdudlaşdırar.

Məsələni iqtisadçı Natiq Cəfərli şərh edib. Onun sözlərinə görə, Putinin “Cənub axını” qaz layihəsindən imtina etməsinin bir neçə səbəbi var: “1) Avropa Birliyi ölkələri Rusiyanın növbəti qaz şantajı üçün alətə çevrilə biləcək layihəyə qarşıdır, 2) Bu layihə Krım üzərindən həyata keçiriləcəkdir ki, bu da Ukraynanın ərazi bütövlüyünün pozulması demək olardı, 3) Dünyada trend və texnologiyalar sürətlə dəyişir, artıq boru xətləri vasitəsi ilə qazın daşınması çevikliyini, bazara uyğunlaşma üstünlüyünü itirir. Boru xətləri baha başa gəlir, istismarına və təhlükəsizliyinə izafi xərclər tələb edir, ərazisindən keçən ölkələrə tranzit xərcləri ödəməklə daha da bahalaşır, həm də, boru xətləri keçən ölkələrdən qazın sahibi, müəyyən mənada asılı vəziyyətə düşür. Rusiya-Ukrayna qaz boruları və tranziti məsələsi bunu əyani şəkildə sübut etdi”.

İqtisadçı deyir ki, yeni trend – sıxılmış qazın (LNG — liquefied natural gas) tankerlərlə daşınmasıdır. “Soyudulma texnologiyası ilə normal qaz 600 dəfəyə yaxın sıxılır və daşınmaq üçün təhlükəsiz, həcmcə kiçik hala gətirilir. Normal tankerlər 145-155 min ton LNG daşıyırlar ki, bu da sonradan 90-95 mln. м3 normal qaza çevrilir. 2016-ci ildə Cənubi Koreya və Yaponiya şirkətləri daxilində qazın həm sıxılmasını, həm də əks əməliyyatı həyata keçirə biləcək mini zavod olan, tutumu 250-300 min LNG qazı, yəni, 180-200 mln. м3, normal qaz daşıya bilən tankerləri istifadəyə buraxacaqlar. Bu tankerlər Avstraliyadan, Kanda və ABŞ-dan LNG qazını dünyanın istənilən nöqtəsinə çatdıra biləcəklər” – deyə vurğulayıb.

Natiq Cəfərli tankerlə qazın daşınmasının üstünlüklərini də sadalayıb: “Qazı istənilən dənizə çıxışı olan ölkəyə çatdırmaq mümkündür. Daşıma xərcləri tranzit xərclərindən daha azdır. Boruların təmiri, saxlanması və təhlükəsizliyinin təminatı xərcləri tanker daşımalarında yoxdur. Daha təhlükəsizdir, sıxılmış qazın yanma, partlama ehtimalı sıfırdır”.

İqtisadçı TANAP və TAP layihələrindən də danışıb: “Azərbaycan öz qazını Avropaya bu boru kəmərləri vasitəsi ilə ixrac edəcək. Hələ bu kəmərlərin neçəyə başa gələcəyi dəqiq deyil, amma söhbət, haradasa, “Şahdəniz-2” ilə birlikdə 40-42 mlrd. avrodan gedir, özü də, bizim ölkəmiz ən böyük investor olacaq. Mən həmişə hər iki layihəni alqışlamışam, düzgün atılmış addım hesab etmişəm, bu gün də düşünürəm ki, bu layihələr bizim Avropaya iqtisadi bağlılığımızı bir daha artıracaq. Amma iqtisadi cəhətdən bu layihələrin çox baha, gələcəkdə az rentabelli olacağını indidən söyləmək mümkündür. Biz 2020-ci ildə, ən yaxşı halda ildə 10 mlrd. м3 Avropa yaz satacağıq, o zamana qədər LNG qazı ABŞ-dan Avropaya çatacaq, Avropanın özündə slans yataqları işlənməyə başlanacaq, yeni Kipr və İsrail qaz yataqlarından da qaz bazara daxil olacaq. Yəni, çox güman, qazın qiyməti indikindən xeyli aşağı olacaq. Bu gün Avropada ortalama qiymət 1000 м3-ə 350-370 dollardır, 2020-ci ildə biz daha aşağı rəqəm görəcəyik. Qiymət ən yaxşı halda 300 dollar civarında olacaq ki, 10 mlrd. м3 qazın ümumi dəyəri cəmi 3 mlrd. dollar olacaq, buradan da hasilat xərclərini, tranzit xərclərini, pay bölgüsünü çıxanda, Azərbaycana cəmi 1,7-1,8 mlrd. dollar ildə pul qalacaq. Yəni, borulara milyardalarla vəsait xərcləməklə qazımızı Avropaya çatdırmaq iqtisadi cəhətdən sərf etməyən bir layihəyə çevrilə bilər. Bir neçə iri şirkətin də bu layihədən çıxmasının əsas səbəbi – rentabelliyin aşağı olması məsələsidir.

Bəs çıxış yolu nədir? Birincisi, Azərbaycan TANAP və TAP-la bağlı xərclərin böyük bir qisminin öz üzərinə almasından imtina etməli, payının bir hissəsini satışa çıxartmalıdır. Boruların çəkilməsinin xərclərinin azaldılması yolları araşdırılmalı, daha ciddi nəzarət mexanizmləri işlənilməlidir. Əgər mümkünsə, bu layihələrdən imtina edib, qazın Avropaya çatdırılmasının daha optimal yolu olan “AGRİ” layihəsinə bir daha nəzər yetirməlidir: Bu layihədə qazın Gürcüstandan LNG tankerləri vasitəsi ilə Rumınıyaya çatdırılması nəzərdə tutulurdu. Rumıniyada artıq hazır sahil infrastrukturu var, Gürcüstan ərazisində isə yeni tankerlər istifadə olunarsa, əlavə infrastruktura ehtiyac qalmayacaq. Layihə çox ucuz başa gələ bilər, qaz yenə Avropaya çatacaq, hətta, AB-nin əsas hədəfi olan, Şərqi Avropanın Rusiya qazından asılılığının azaldılmasında mühüm rol oynaya bilər. Bir sözlə, məndən izah və təklif, qərar isə hökumətindir, düşünsünlər, qərar versinlər, yoxsa ümidləri qaz gəlirlərinədir, amma, bu gedişlə qaz gəlirləri çox az olacaq, daha ötəsi, layihə o qədər baha olacaq ki, onillərlə layihəyə qoyulan vəsaitin çıxmasını, sonradan gəlir götürülməsini gözləməli olacağıq”.

Ana səhifəXəbərlər“Oyunu uduzan Moskva Azərbaycandan asılı vəziyyətə düşüb”