Oyunların könüllüləri

Azərbaycanda keçirilən beynəlxalq yarışlara minlərlə könüllü cəlb olunur. Mayın 12-dən başlayan İslam Həmrəyliyi Oyunlarında 8513 nəfər könüllü çalışır. Onların əksəriyyəti tələbələrdir. Könüllülər düşünür ki, onların oyunlardan aldıqları sertifikatlar gələcəkdə iş tapmağa kömək edəcək.

Könüllülər karyera haqqında düşünsələr də, oyunlar müddətində çox vaxt dərslərindən qalırlar. Onlar deyirlər ki, dərsə getməsələr belə rəhbərlik onlara problem yaratmır.

Sosial şəbəkədə 300 mindən çox izləyicisi olan səhifə “Azərbaycanda keçirilən beynəlxalq oyunlarda könüllü kimi çalışmaq daha sonra iş tapmağa kömək edirmi” sualı ilə sorğu keçirib. Sorğu iştirakçılarından

Orxan Həmidi yazır: “Avropa Oyunlarında könüllü olanlar indi işsiz, cibləri boş ortalıqda qalıblar”

Elnur Hüseynli deyir ki, “könüllü çalışan şəxs hər şeydən əvvəl ictimai fəallığını artırır, onda təşkilatçılıq bacarıqları formalaşır. Aldığı sertifikat təbii olaraq gələcəkdə bəzi işəgötürənlər haqqında sadəcə müsbət təsəvvür yarada bilər”.

Alidə deyir ki, “Xeyr, heç də kömək etmir”.

Mürşüd Məmmədzadə yazır ki, “Azərbaycanda beynəlxalq oyunlar qurtarmadığına görə bekar qalmırlar”.

Həm ölkədə, həm də xaricdə müxtəlif təşəbbüslərdə könüllü kimi iştirak edən Harvard Universitetinin məzunu Bəxtiyar Hacıyevin sözlərinə görə, Azərbaycanda könüllülükdən savayı siyasi loyallıq da olmalıdır ki, karyera qura biləsən.

Özəl fəaliyyət göstərən karyera mərkəzlərindən biri ilə əlaqə saxladıq. Menecer Gülnarə xanım bildirdi ki, beynəlxalq oyunlarda könüllü olmaq işəgötürən üçün önəmli təcrübə sayılmır.

Könüllülər isə ümidlidirlər. Geyim, nəqliyyat, gündəlik yemək xərclərindən azad təcrübə qazanmağa çalışırlar.

Ana səhifəVideoOyunların könüllüləri