Oyuncaq alan uşaqların gülüşü ilə təsəlli tapan adam

Qurban Əhmədov: “Məni əlillər evinə göndərəcəkləri ilə təhdid edirlər”

Source:


Qurban Əhmədov: “Məni əlillər evinə göndərəcəkləri ilə təhdid edirlər”

Əvvəlcədən danışdığımız kimi, Qurban Əhmədovla qQazaxın mərkəzi bazarının qarşısında görüşdük. Qoltuq ağaclarının köməyi ilə hərəkət edən Qurban I qrup əlildir. Dediyinə görə, uşaqlıqdan bu qultuq ağaclarına söykənə-söykənə yaşayıb.

Onun arxasınca oturduğu piştaxtaya sarı gedirdik. Yağış yağdığından yer palçıq idi, qoltuq ağacları tez-tez sürüşüdü. Yıxılmamaq üçün ehtiyatla gedirdi. Elə piştaxtası da gölməçənin əhatəsində idi. İlin bütün fəslində buranın palçıqlı, natəmiz vəziyyətdə olduğunu söylədi…

Çəkiliş apardığımızı görən satıcı qadınlar dil-ağır etdilər: “Əliniz dərd görməsin! Neçə ildir, əziyyət çəkir, yazır-pozur, faydası olmur. Elə yazın, daşdan keçsin!”


“Allah bir gün məni də görəcək”

Qurbanın özü isə nikbin adamdır. Deyir ki, nə qədər sözü daşa dəyib qayıtsa da, ruhdan düşmür, düşməyəcək: “Həyat davam edir. Bir gün həyatın dibində qalan insanların da üzünə Günəş güləcək.Bəzən boyumu balaca görüb, uşaq bilirlər. Belə şeyləri özümə dərd eləməsəm də, otuz yaşı keçməyimə baxmayaraq, hələ də ev-eşik sahibi olmamağım, evim olmadığından ailə qura bilməməyim ağır gəlir. Bu gün-sabah yaşıdlarımın övladları məktəbə gedəcək, mənsə hələ özümü zar-zor saxlaya bilirəm. İnanıram ki, hər zaman ədalətinə inandığımız Allah bir gün məni də görəcək. Ailə quracam, övladlarım olacaq. Hər səhər işə gedəndə çayımı qızdıran, evə qayıdanda yeməyimi verən biri olacaq”.

Qurban Əhmədov 1984-cü ildə Qazax rayonunun Çaylı kəndində anadan olub. evi yoxdur. Üç yaşı olanda anası dünyasını dəyişib. Atası ailə qurandan sonra ögey ana ilə birlikdə yaşaya bilmədiyindən uzun zaman qohum-əqraba, əmi-dayı evində yaşayıb.

Bir neçə ildir qardaşı ilə kirayə mənzildə yaşayır. Qurban deyir ki, qardaşı ona yaxşı baxır, amma ona yük olmaq istəmir: “Qardaşım mənə yaxşı baxır. Vaxtlı vaxtında yeməyimi, içməyimi verir. Anamı itirdiyimdən bu yana azyaşlı olduğumdan, qüsurlu doğulduğumdan yaxınlarım həmişə mənə görə özlərini oda-közə vurublar. Şikayətim yoxdur onlardan. Artıq öz ayaqlarımın üstündə durmaq istəyirəm. Qardaşım bugünə kimi hər əziyyətimi çəkib, gözümü üzərimdən ayırmayıb. Ancaq mən də insanam. Hər dəfə evdən çıxıb, geri qayıdanda onlara yük olduğumu hiss edirəm. İstəyirəm, onun da öz həyatı olsun, ömrünü mənə həsr edərək yaşamasın”.


“Qaçqınlara tikilmiş evlər satılır”

Qurban bazarda oyuncaq, pulqabı, xırda-xuruş əyşalar satır, gündəlik xərcliyini çıxarır. Bu piştaxtaya görə hər ay 45 manat pul ödəyir. Onun sözlərinə görə, ailə qura bilməsə də, övlad sahibi olmasa da, hər dəfə oyuncaq satıb sevindirdiyi uşaqların gülüşləri ilə təsəlli tapır: “Aldığım 120 manat pensiya alıram. Bazardan gündəlik qazandığım da üç-beş manatdır. Bunlar siqaret puluma, paltarıma, satmağa oyuncaq almaq üçün Bakıya gedib-gəlməyimə güclə çatır. Qazax İcra Hakimiyyətindən isə mənə deyirlər ki, torpağı da özün al, evi də özün tik”.

Məsələylə bağlı yazmadığı, ağız açmadığı yer qalmadığını deyən Qurban heç bir məktubuna, müraciətinə ürək açan cavab almadığını da bildirdi: “Onlarla məktub yazıb, elə bir o qədər də cavab almışam, faydasını görməmişəm. Şablon cavablar verirlər: “Yazdığınız məktuba baxılmışdır. Probleminiz lazımi qaydada araşdırılacaq”. Nə zaman araşdırılacaq, necə araşdırılacaq, bilən yoxdur. Qazaxın Əliağa Şıxlinski küçəsində qaçqınlar üçün tikilən 40 mənzillik binada cəmi on iki qaçqın mənzillə təmin olundu. Qalan mənzillər satışa çıxarıldı. Halbuki həmin mənzillərdən birində məni müvəqqəti də olsa yerləşdirə bilərdilər. Şikayətimə cavab olaraq mənə Xanlıqlar kəndində yerləşən peşə məktəbinin həyətindəki baxımsız, uçuq-sökük otağı məsləhət görüblər. Yazdığım məktublara görə icra hakimiyyətinin işçiləri məni əlillər evinə göndərəcəkləri ilə təhdid edirlər. Hərçənd, Qazax rayon icra başçısının sürücüsünə kimi həmin binada mənzillə təmin olunub”.


“Bina tikilsə, ev veriləcək…”

Qurban Əhmədovun müxtəlif orqanlara ünvanladığı şikayət məktublarına Qazax rayon İcra Hakimiyyəti başçının müavini, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Tahir Musayevin imzası ilə eyniməzmunlu cavab göndərilir. Elə bizim də Qurbanın problemi ilə bağlı ünvanladığımız sorğuya eyni cavab verildi: “Hazırda bu yöndə prezidentin heç bir sərəncamı yoxdur. Tikilən binalar yalnız Qarabağ əlilləri üçün nəzərdə tutulmuşdur. Yaxın zamanlarda ümumi əlillər üçün bina tikilsə, Qurban Əhmədov və digər ümumi əlillərə bu barədə xəbər veriləcək”.

Əlilliyi olan Qurban Əhmədov prezidentin nə zaman sərəncam verəcəyi, evlə təmin olunacağı günü gözləyir. İnanır ki, Avropa Oyunları uğurla keçəcək, bu mötəbər tədbir iqtisadiyyatımızı gücləndirəcək və onun kimi şəxslər üçün ev tikiləcək…

Ana səhifəXəbərlərOyuncaq alan uşaqların gülüşü ilə təsəlli tapan adam