Övladlarını satan valideynlər

Ailələrimiz quldarlıq dövrünü yaşayır…

Source:

Tarixdə xalqların əksəriyyəti quldarlıq, feodalizm, kapitalizm mərhələlərini ardıcıl olaraq keçmiş, müasir dünyada xalqlar demokratik ölkələr, cəmiyyətlər qurub, sürətli inkişaflarını davam etdirirlər. Bu mərhələləri ardıcıl keçmək bizim cəmiyyətdən yan keçib. Hələ də quldarlıq dövrünün ciddi fəsadları cəmiyyətimizin iliklərində dolaşır, biz o dövrü yaşadırıq. Kapitalizmlə quldarlığı bir-birinə qatdığımız üçün özümüz də bilmirik, hansı dövrdə yaşayırıq.

Tarixçilərimiz adını qoyub “keçid” dövrü. Amma nəyə keçirik, necə keçirik, niyə keçib qurtara bilmirik, anlamaq çətindir. Azərbaycan cəmiyyətində quldarlıq dövrünün ənənələrinin ən ağrıverici tərəfini ailə münasibətlərində müşahidə etmək olar. Azərbaycan ailəsi quldarlıq dövrünü yaşayır. Bəli, valideynlər quldar kimi aparır, övladlarına da qul kimi baxır!

Bizim cəmiyyətdə valideynlərin övladlarına qarşı münasibətini həmişə nədənsə imperialist ölkələrin kasıb ölkələrə qarşı yürütdüyü siyasətə bənzədirəm. İmperialist ölkələr kasıb ölkələri mədəni şəkildə özündən asılı salmaq üçün yüklü miqdarda borc verir və bilir ki, bu borcun altından çıxmaq kasıb ölkə üçün imkansız olacaq, sonra hər dediyini edəcək. Azərbaycan valideyni övladının təhsilinə, paltarına, yeməyinə xərclədiyi pulu həmişə başına qaxınc edir, özündən asılı hala salmaq üçün əlində vasitə hesab edir və buna nail olur.

Bizim cəmiyyətdə valideyn düşünmür ki, mənim övladımın arzuları,  seçdiyi yol, seçdiyi həyat yoldaşı, dostları var, ola bilər. Başlayır universitetə sənəd verəndə seçdiyi ixtisasa qarışmağa. Ilk cümlə bu olur: “Ay bala, sənə bu qədər pul tökmüşük, filan ixtisası seç, görürsən, filankəslər həmin işdə nə qədər pul qazanır”. Bütün arzularını məhv edir övladın, çünki övlada bank kimi baxır, “mən pul qoyacam, sonra faizini yeyəcəm”. “Sənə bu qədər pul tökürük” cümləsi azərbaycan gəncliyinin boğazına zəncirdir…

Ən dəhşətli məqam onda gəlir ki, sən həyat yoldaşını seçirsən. Ömür boyu onunla yaşayacaqsan, valideynlərinlə yox. Amma bizim hörmətli valideynlər bu məsələyə elə qarışır ki, kənardan izləyəndə, elə bilirsən, sən evlənmirsən, özləri evlənir. Sənin əvəzinə hər şeyi fikirləşib-edirlər, sənin əvəzinə qarşı tərəfə şərtlər qoyurlar, sənin həyat yoldaşına da “O, artıq bizim övladımızdır” deyib, zəncir vururlar. Evlənəndə ən çox müdaxilə olunan mövzu “oğlanın harada işləməsi, maaşı, evi, qızın isə atasının yaxşı yerdə işləməsi, cehizidir”.

Çünki, övlad bankdır axı onların gözündə, ona xərclənən pulu qaytarmalıdır. Azərbaycanda rəsmi boşanma statistikaları dəhşətlidir. 2014-cü ildə evlənən cütlüklərin 21 faizi boşanıb. Əminəm ki, boşananların çox böyük əksəriyyəti istəmədikləri adamlarla, valideynləri o adamla evlənməsini istəyir deyə evləniblər.

Hörmətli valideynlər, mənim sizə məsləhət vermək kimi bir niyətim yoxdur. Sadəcə,  sizdən xahiş edirəm, övladlarınıza sərmayə qoyarkən, həmin sərmayəni həm də cəmiyyətə qoyduğunuzu düşünün, gələcəkdə istədiyi sahədə, yaxşı universitetlərdə həvəslə oxuyub, cəmiyyətə töhvə verəcəklər. Azadlıq ailədən başlayır, ailə də kiçik dövlətdir, idarəçilikdə inkişafa nail olmaq istəyirsinizsə, azad buraxın övladlarınızı, onlar yeni nailiyyətlərlə üstünüzə gələndə, siz də artıq cəmiyyət üçün yararlı insane olduğunuzu hiss edəcəksiniz, xoşbəxt olacaqsınız.

Xoşbəxtliyinizi onların maaşlarından kəsib, sizə etdikləri ilə ölçürsünüzsə, elə o pul qurtaranda da xoşbəxtliyiniz bitəcək. Qalıcı vasitələrlə cəmiyyətə xeyir verməyə çalışın, özünüz edə bilməyibsinizsə, övladlarınıza paxıllıq etməyin, icazə verin, azad olsunlar, onlar cəmiyyətə yararlı olsunlar. Cəmiyyətə müsbət mənada töhfə vermək valideynlərdən başlayır. Övladların arzuları, seçdiyi yol heçə sayıldığı müddətcə, işləməyən qadınını evə pul gətirir deyə. ər özündən asılı saldığı müddətcə bu cəmiyyət qadına qarşı zorakılıqların, boşanmaların, bədbəxtliyin, elmsizliyin məskəni olacaq.


Yazıdakı fikirlər müəllifə məxsusdur və onlara görə Meydan TV məsuliyyət daşımır.

Ana səhifəMənim FikrimcəÖvladlarını satan valideynlər