“Övladlarım acından günorta durur, onların haqqını necə yemək olar?”

Bu iş üzrə daha iki nəfər – Türkan bələdiyyəsinin keçmiş sədri Mehman Ağayev və daşınmaz əmlak alqı-satqısıyla məşğul olan Qərib Nadirov axtarışa verilib.

Source: Specify Source


Türkanda yaşlı qadınların adına saxta ölüm sənədlərilə torpaqlarının satılmasıyla bağlı məhkəmə araşdırmaları başladı

Bakının Xəzər rayonu, Türkan qəsəbəsində 79 yaşlı Əzizəxanım Atayeva və 91 yaşlı Xumara Şabanova sağ olduğu halda, onların ölməsi barədə saxtasənədlər hazırlayıb, hər birinin 25 sot torpaq sahələrini satmaqda təqsirləndirilən şəxslərin məhkəməsi başlayıb. Onların arasında Xəzər rayon icra başçısının Türkan qəsəbəsi üzrə keçmiş nümayəndəsi Rahil Babayev, Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin sabiq rəisi Zəfər Abdulov və onun müavini Eldar Mirzəyev, Türkan və Zirə qəsəbələrində daşınmaz əmlak alqı-satqısıyla məşğul olmuş Çingiz Səfərov və Daşqın Nəsirov da var. Adları çəkilən şəxslərdən ikisi – Rahil Babayev və Çingiz Səfərov həbsdədir. Xalq artisti Zeynəb Xanlarovanın bacısı oğlu olan Daşqın Nəsirov da həbsdə idi. Lakin o, təxminən dörd ay həbsdə saxlandıqdan sonra səhhhətində problem olması əsas gətirilərək, buraxılıb.

Bu iş üzrə daha iki nəfər – Türkan bələdiyyəsinin keçmiş sədri Mehman Ağayev və daşınmaz əmlak alqı-satqısıyla məşğul olan Qərib Nadirov axtarışa verilib.

Ahıl qadınların əmlakının saxta sənədlərlə özlərindən xəbərsiz satılması və pulların mənimsənilməsilə bağlı işə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyilə baxılır. İyunun 4-də keçirilən məhkəmə iclasında prokuror ittiham aktını elan edib. Cinayət işinin materiallarında iddia olunur ki, torpaq alqı-satqısı ilə məşğul olan şəxslərin təhriki ilə sabiq icra nümayəndəsi və bələdiyyə sədri, eləcə də Dövlət Reyestr Xidmətinin vəzifəliləri əlbir olub. Nəticədə Türkan qəsəbəsində dəniz sahilində yerləşən, Əzizəxanım Atayeva və Xumara Şabanovaya məxsus ümumilikdə 1.12 hektar torpaq sahəsi saxta sənədlərlə qanunsuz satılıb. İstintaq saxta sənədlərlə satılmış torpaq sahələrini 190 min manat dəyərləndirib.

Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda) və 320.2 (rəsmi sənədləri saxtalaşdırma, qanunsuz hazırlama və ya istifadə etmə) maddələrilə ittiham irəli sürülüb.

Təqsirləndirilən şəxslərdən yalnız Çingiz Səfərov özünü Cinayət Məcəlləsinin 320-ci maddəsi üzrə qismən təqsirli bilib, digər ittihamları isə qəbul etməyib. O biri təqsirləndirilənlər isə ümumiyyətlə, heç bir ittihamla razılaşmayıb.

Daha sonra zərərçəkmiş qismində ahıl qadınlar ifadə veriblər.

Əzizəxanım Atayeva ifadəsinin əvvəlində Daşqın Nəsirovun da həbs olunmasını tələb edib. O bildirib ki, övladları ehtiyac içində yaşadığı halda, dəniz kənarında yerləşən 25 sot torpaq sahəsi ondan xəbərsiz satılıb: “9 aydır küçələrdəyəm, 79 yaşım var. Pensiyamı alıb, taksilərə verirəm. Rahil anamın dayısı oğludur. Qəsəbə nümayəndəsi idi. Bu işi tutmuşdu, heç olmasa, sonradan gəlib deyəydi ki, bir səhvdi eləmişəm. Mənim də övladlarım var axı, acından günorta dururlar, onların haqqını necə yemək olar? Gedib İlham Əliyevin qapısında dayanacam, yəqin nə vaxtsa qəbul eləyər məni, yalvaracam ki, mənim dərdimə əlac elə…”

Əzizəxanım Atayeva vurğulayıb ki, onun dörd övladı var. Kiçik oğlunun savadsızlığından istifadə edib, ona bilmədiyi bir sənədə imza atdırıblar. Sənədləşməni də elə aparıblar ki, sanki onun dörd yox, bir övladı var, özü də 2006-cı ildə vəfat edib.

Digər zərərçəkmiş Xumara Şabanova bildirib ki, ələ keçirilmiş 25 sot torpaq sahəsi ona qayınatasından miras qalmışdı: “O torpağı qayınatam mənim oğluma bağışlamışdı. Mən 36 yaşım olanda həyat yoldaşımı itirmişəm. O uşaqları tək böyütmüşəm. Qayınatamın mülküdür. 92 yaşım var. Getdim ki, oğlumun adına keçirdim. Oğlum çıxıb dedi ki, ay ana, bağımızı bizdən xəbərsiz satıblar, sənin də adına ölüm kağızı çıxarıblar. Mən adıma ölüm kağızı düzəldən adamı görmək istəyirəm. Ona iki kəlmə deyiləsi sözüm var…”

Məhkəmə prosesi iyunun 18-də davam edəcək.

Ana səhifəSosial“Övladlarım acından günorta durur, onların haqqını necə yemək olar?”