***
Tərlan Sayadov: “Çox ağır ifadələr işlətdilər, hədələlər oldu”
Tərlan Sayadov təsdiqləyib ki, ona qarşı narkotik ittihamı irəli sürülüb. Sadəcə, istintaq dövründə həbsdə saxlanmamasına qərar verilib.
O deyir ki, ailəsilə hədələyib, narkotik ittihamını üzərinə götürməyə məcbur ediblər. Onun sözlərinə görə, öncə başqa cür hədələnib, müxtəlif formada təzyiqlərə məruz qalıb. Lakin ailə üzvlərini polis idarəsinə gətirməklə hədələnəndə artıq dözə bilməyib və narkotik ittihamıyla bağlı etiraf ifadəsinə imza atıb:
“Düzünü deyim ki, fiziki işgəncələr olmayıb, amma psixoloji təzyiqlər çox oldu. Çox ağır ifadələr işlətdilər, hədələlər oldu. Gördülər ki, razılaşmıram. Axırda dedilər ki, ailəni bura gətirəcəyik. Ailə insanın həssas yeridir…”.
Narkotikdən tamamilə uzaq olduğunu vurğulayan Tərlan Sayadov hesab edir ki, ona qarşı baş verənlərin əsas səbəbi Müsəlman Birliyi Hərəkatının üzvü olmasıdır. O deyir ki, heç bir qanuna zidd hərəkət törətməyib: “Hamı bilir ki, mən əlimin zəhmətiylə üç balamı böyüdən adamam, narkotik hara, mən hara. Ortada görüntülər də var. Hər kəs gördü ki, mən ailəmlə birlikdə gedirdim, mənim üstümdə narkotik nə gəzirdi? Ümumiyyətlə, saxlanılandan dərhal sonra mənə deyildi ki, “göstəriş belədir, sən getməlisən, narkotiki boynuna götürməlisən”. Düzü, dindarlara qarşı baş verənləri görürdüm. Ona görə özümün də günlərin birində şərlənə biləcəyimi gözləyirdim. Sadəcə, vaxtını bilmirdim. Mən millətimi, vətənimi heç kimdən az istəmirəm. Ləkə mənə yapışmaz”.
***
Tərlan Sayadovla bağlı hansı tədbir seçildiyi hələ məlum deyil
Bir gün öncə saxlanılan Müsəlman Birliyi Hərəkatının üzvü Tərlan Sayadovun aprelin 11-də buraxıldığı bildirilir. Bu barədə Meydan TV-yə Tərlan Sayadovun yaxınları məlumat verib.
Söhbət aprelin 10-da sosial şəbələrdə yayılan videoda avtomobildə ailəsilə birlikdə gedərkən saxlanılan şəxsdən gedir. Yayılan videoda Tərlan Sayadovun azyaşlı uşaqların gözü önündə aparıldığı, onun ailə üzvlərini sakitləşdirməyə çalışdığı, lakin uşaqların ağladığı görünür.
Mülki geyimli şəxslər onun saxlanma səbəbləri haqda heç bir izahat vermədən Tərlan Sayadovu aparıblar.
“Günorta saat 1 radələrində Tərlan Sayadov evlə əlaqə saxlayıb və bildirib ki, buraxılıb. Dediyinə görə, gəlir, yoldadır…”, – yaxınları bildirib.
Ailəsinin məlumatına görə, aprelin 10-da Tərlan Sayadov da son günlər həbs olunan çoxsaylı dini inanclı şəxslər kimi narkotik ittihamıyla şübhəli şəxs qismində saxlanılıb. Bu üzdən onun aprelin 11-də tam sərbəst buraxıldığı, yoxsa cinayət təqibi altında olduğu, sadəcə, istintaq dövrü üçün barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçildiyi məlum deyil.