Övladını itirən ana: Oğlumun döyüş yoldaşına hələ də zəng vururam…

“Dünən də zəng vurdum, zəng çatmırdı”, – Südabə xanım danışır.

Source: Specify Source


Dostlardan biri Füzuli, digəri Cəbrayıl uğrunda gedən döyüşlərdə həyatını itirib

Siyəzəndə şəhər mərkəzindən çox da uzaq olmayan Yenikəndə Qarabağ döyüşlərində həlak olan iki nəfərin tabutu gətirilib. Mətləb Əkbərov və Ülvi Mirzəyev sinif yoldaşı olub, 11 il birlikdə oxuyub.


“Ermənilərdən binokl götürmüşdü”

Mətləb əsgərlik borcunu başa vurandan sonra elə xidmət çəkdiyi hərbi hissədə işləyib. Yenikəndin 19 yaşlı sakini sentyabrın 27-də döyüşlərə yollanıb. Axırıncı dəfə anası ilə oktyabrın 7-də telefonla danışıb. Bundan iki gün sonra kəndə ölüm xəbəri yayılıb.

Mətləbin anası İradə Əkbərova danışır: “Hər gün zəng eləyirdi. Elə gün olurdu ki, üç dəfə danışırdıq. Sonra dedi ki, bir həftə zəng eləyə bilməyəcəm. Məncə, bəhanə eləyirdi, döyüşə gedirdilər. Dedi ki, telefonları “zaryadka”ya qoya bilmirlər, maşınlar çox uzaqlaşıb. İki gün zəng gözlədim, ölüm xəbəri gəldi. Qonşuda idim, eşidəndə yıxıldım…”

Ata Zülfüqar Əkbərov deyir ki, kəndə oğlunun sinif yoldaşı Ülvi Mirzəyevin tabutu gətiriləndən sonra yuxusu ərşə çəkilib, daha yata bilməyib: “Sentyabrın 1-i beşgünlük məzuniyyətə gəlmişdi. Axırıncı dəfə onda gördük. Eyni operatorun nömrələrini işlətdiklərinə görə, daha çox anası ilə danışırdı. Yeni alınan yerlərdən xəbər verirdi. Ermənilərdən bir binokl götürmüşdü, pulemyotunun üstünə taxmışdı. Mənə deyirdi ki, qorxmayın, irəli gedəcəyik”.

İradə xanım danışır ki, oğlunun ölümündən əvvəl pis yuxu görüb, bundan sonra narahatlığı xeyli artıb: “Yuxuda evdə məclis verirdik. Heç kim gəlməmişdi. Heyvan kəsmişdik, ortalıqda qalmışdı. Əti aparıb satmışdılar, amma pulunu gətirməmişdilər. Sonra gördüm ki, oğlumun başı əzilib, aparırlar”.


“Tabutu açdırmağa israr eləmədim”

Zülfüqar Əkbərov deyir ki, oğluna həmişə çox güvənib. Arıq olsa da, heç nədən qorxmazmış:

“Onu yaxşı tanıyırdım, bilirdim ki, nə qədər çətinlik də olsa, əzilsə də, hətta yaralansa da, dilə gətirməz. Atayam, əsgərlikdən sonra dedim ki, qayıt gəl. Dedi, yox, hərbidə qalmaq istəyirəm”.

Ailəyə Mətləb Əkbərovun Füzulidə həlak olduğu bildirilib. Qarabağ döyüşlərinin iştirakçısı oktyabrın 9-da dəfn olunub. Meyit valideynlərə göstərilməyib. Hiss olunur ki, İradə xanımda şübhələr var. Ata isə deyir ki, ona şəkillər göstəriblər: “Qəlpə sağ qaşından girərək beynini sıradan çıxarıb. Şəkildə özüm də gördüm. Tabutu açdırmağa israr eləmədim. Dedim, xəsarəti böyük olar, qohum-əqrəba hamısı sarsılar. İnsanlara daha pis təsir eləyə bilərdi”.

image_from_ios (9).jpg
İradə Əkbərova və Zülfüqar Əkbərov


“Kaş axırıncı ölən mənim oğlum olsun”

İradə xanım yenə fotodan söz salır. Zülfüqar Əkbərov həyat yoldaşının həmin şəkilləri görməsini istəmir. Mətləbin bacısı Nahidə Məmmədova söhbəti dəyişir. O, qardaşının gözəl rəqs etdiyini xatırlayır: “Həmişə şən olurdu. Heç kimin xətrinə dəymək istəməzdi. Onun tabutunu gətirəndə atam həyətdə dedi ki, kaş, sonuncu ölən mənim oğlum olsun…”

Ailəyə həlak olmuş hərbi qulluqçuya görə birdəfəlik ödəmə kimi 11 min manat verilib. Bundan başqa, dəfn xərcləri üçün 3 min ayrılıb. Heydər Əliyev Fondundan da 10 min manat gətiriblər.

“Nəyə qol çəkdiyimə heç baxmadım da. Bir dəfə götürüb saymamışam. Oğlum olmayandan sonra o pulu neyləyirəm?! Bu dəqiqə kim gəlib desə ki, oğlun sağdı, döyüşdədi, bütün pulları qaytararam”, – ata danışır.

Ailə dünən döyüş bölgəsindən sentyabrda çəkilmiş bir video əldə edib. Burada Mətləb də gözə dəyir, əl eləyir…


“Bəlkə də, birlikdə həlak olublar”

Ülvinin anası Südabə Mirzəyevanı isə qohumların evində tapırıq. Onu tək qoymamaq qərarına gəliblər. Qadının ağlamaqdan heyi qalmayıb, çox çətinliklə danışır: “Tabutunu oktyabrın 6-da gətirdilər. Beş ay əvvəl hərbi xidmətdən gəlmişdi. Ehtiyatda olan hərbi qulluqçu kimi aparılmışdı. Ayın 5-i qardaşımın oğlu ilə danışıb. Demişdi ki, anam işdən gələndə mənə zəng eləsin. Gəlib zəng vurdum, telefona cavab verən olmadı”.

Südabə xanma oğlunun Cəbrayılda həlak olduğunu deyiblər. Ülvi telefon danışıqları zamanı döyüş yerləri barədə heç nə demirmiş: “Elə rahat idim ki… Çətin şəraitdə hərbi xidmət keçmişdi, ermənilərlə ilyarım üzbəüz dayanmışdı. Heç qorxmaq yox idi onda. Mənim narahatlığıma səbəb olacaq nəyisə dilinə gətirməzdi”.

Ülvi evə döyüş yoldaşının telefonu ilə zəng vururmuş. Həmin gündən o mobil nömrəyə də zəng çatmır.

“Oğlumun döyüş yoldaşına hələ də zəng vururam. Soruşurlar ki, niyə zəng vurursan? Deyirəm, o da mənim balam. Bilmirəm, həyatdadı, ya yox. Bəlkə də, birlikdə həlak olublar. Dünən də zəng vurdum, zəng çatmırdı”, – Südabə xanım danışır.

Ülvinin anası Mətləblə necə möhkəm dostluq etdiklərini xatırlayır. Oğluna görə verilən pula heç gözünün ucu ilə də baxmayıb. Südabə xanım çox danışa bilmir, söhbəti saxlamalı oluruq. Təkcə onu deyir ki, indi daha ona heç nə təsəlli ola bilməz…

image_from_ios (10).jpg
Zülfüqar Əkbərov: Atayam, əsgərlikdən sonra dedim ki, qayıt gəl.
Ana səhifəBölgəÖvladını itirən ana: Oğlumun döyüş yoldaşına hələ də zəng vururam…