Qan xərçənginə tutulan balaca Muhəmmədin ailəsi Meydan TV-yə danışır
“Muhəmmədim ölümlə qalım arasındadır. Onu xilas etmək üçün nəyim varsa, satışa çıxarmışam. Ancaq bu da yetərli deyil. Hələ onu qarşıda çox bahalı müalicələr gözləyir, əlimiz hər yerdən üzülüb, son ümidimizi imkanlı, yardımsevər insanlara bağlamışıq”.
Bunu Meydan TV-yə Bakının Əmircan qəsəbəsində yaşayan Əli Məmmədov deyir. Əli Məmmədov 14 yaşlı övladının həyatda qalması üçün fəryad çəkir.
Əli Məmmədovun beş azyaşlı övladı var. Muhəmmədlə Həsən əkizdir, Muhəmməd qan xərçənginə tutulub.
“Hər şey 3 ay əvvəl başladı”
Əli Məmmədovun dediyinə görə, maddi imkanları əvvəllər pis olmayıb. Hətta ətrafındakı ehtiyaclı ailələrə də əl tutub. Sonralar səhhətində problemlər yaranıb, qazancı müalicəsinə gedib. Üstəlik, səhhəti əvvəlkitək işləyib pul qazanmasına da əngəl olub. Son vaxtlar isə ustalıqla məşğul imiş. Pandemiyanın fəsadları bütün ailələr kimi Məmmədovlardan da yan ötməyib. Əli aylardır işləmir. Üstəlik, belə bir vaxtda övladının qan xərçəngi olması xəbərini alıb.
Əli Məmmədov danışır ki, təxminən 3 ay əvvəl Muhəmmədin səhhətində problemlər yaranıb:
“Halsızlıq, yüksək qızdırma başladı. Əvvəl elə bildik soyuqdəyməsi var. Əmircandakı xəstəxanaya götürdük, bir müddət orada müalicə aldı. Ancaq müalicələr nəticə vermirdi, səhhətində irəliləyiş yox idi, üstəlik, vəziyyəti getdikcə ağırlaşırdı. Bir ay əvvəl həkimlər məsləhət gördü ki, Qanköçürmə İnstitutuna aparıb qan analizləri verdirək. Qanköçürmə İnstitutunda uşağa qan xərçəngi diaqnozu qoyuldu”.
“Uzunmüddətli müalicə lazımdır, imkanımız yoxdur”
Hazırda Muhəmməd Hematologiya və Qanköçürmə Elmi Tədqiqat İnstitutunda stasionar müalicədədir. Əli Məmmədov deyir, müalicəni davam etdirməyə maddi imkanları tükənib:
“Dediyim kimi, özüm ustalıqla məşğul olurdum, pandemiyaya görə işim dayanıb. Həyat yoldaşım xadimədir, vur-tut 292 manat maaş alır, o pul heç ailənin dolanışığına çatmır, dediyim kimi, Muhəmməddən başqa daha dord azyaşlı övladım var. İndiyədək qohumlar imkanları daxilində müalicə üçün əl tutublar. Ancaq hazırda insanların vəziyyəti o qədər ağırdır, heç kimin qapısını döyüb deyə bilmirsən ki, uşağım ölümlə savaşır, kömək elə, müalicəsini davam etdirim, həyatda qalsın. Bu dəqiqə Muhəmməd Qanköçürmə İnstitutunun dördüncü mərtəbəsində yatır. Müalicəsini davam etdirmək üçün 5 min manata ehtiyac var. Ancaq bununla müalicə bitmir. Bu, hələ ilkin mərhələdir. Tamam sağalması üçün Muhəmməd azı 3 il xəstəliklə mücadilə aparmalıdır. Bunun üçünsə xeyli pula ehtiyac olacaq. Təkcə müayinələr nə qədər pul aparır. Müalicələr ondan da çox…”
“Son ümidim imkanlı, yardımsevər insanlarıdır”
Əli Məmmədovun aidiyyəti qurumlara, Prezident İlham Əliyevə, Birinci vitse-prezidentə etdiyi müraciətlər cavabsız qalıb. O, son ümidini ölkədə və ölkədən kənarda yaşayan yardımsevərlərə bağlayıb:
“Hər kəsə öz balası şirindir, əzizdir. Heç kəs balasını itirmək istəmir. Biz də Muhəmmədi itirmək istəmirik. Bu barədə düşünmək belə valideyn üçün işgəncədir, əzabdır, ölümdən betərdir. Yardımsevər insanlardan, imkanlı şəxslərdən Muhəmmədin həyatda qalması üçün mənimlə bərabər mübarizə aparmalarını istəyirəm. Bizə yardımçı olmalarını istəyirəm”.
Əli Məmmədov deyir ki, indiyədək ev əşyalarını sataraq müayinələrin xərcini qarşılayıb. Hazırda Sabirabadda atadanqalma evini satışa çıxarıb. Deyir ki, insanların maddi durumu aşağı olduğundan, hazırda evi alan da yoxdur.