İftixar Cəfərovun xanımı onun şərləndiyini deyir
Bugünlərdə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmüylə 9 il azadlıqdan məhrum edilən İftixar Cəfərovun həyat yoldaşı deyir ki, məhkəmə davam etdiyi aylar ərzində ərinin təqsirsiz olduğunu sübut edən çoxsaylı faktlar ortaya çıxdı. Onun sözlərinə görə, ortada olan faktlar açıq-aşkar İftixar Cəfərovun polislər tərəfindən şərləndiyini, narkotikin evinə polislər tərəfindən atıldığını sübut edir.
“Çox təəssüf ki, Eldar İsmayılov sonda sübutlara qiymət verib, hakimlik etmək, ədalətli, obyektiv olmaq əvəzinə, notarius kimi, ittiham aktını hökmə köçürməyi üstün tutdu. Halbuki, həmin Eldar İsmayılovun özünün təmin etdiyi vəsatətlərlə biz sübut eləmişdik ki, o narkotik bizim evimizə atılıb. Məsələn, necə ola bilərdi ki, polis idarəsindəki tərəzi ilə bizim evdən tərəzi tamamilə eyni olsun? Təsəvvür edin, hətta nömrəsinə qədər eynidir. Deməli, eyni tərəzini gətirib atıblar evə…”, – Vəfa Cəfərova bildirib.
Cinayət işinin materiallarında Cəfərovların evindən 2 kiloqram 850 qram narkotik tapıldığı iddia olunur. 1977-ci il təvəllüdlü İftixar Cəfərov Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3 (satış məqsədilə bir qrup şəxs tərəfindən külli miqdarda narkotik əldə etmə, daşıma və ya saxlama) maddələrilə ittiham olunur.
Cinayət işinin materiallarında iddia olunur ki, İftixar Cəfərov yolda saxlanılıb.
“Məhkəmədə anten dairələrilə bağlı araşdırma aparıldı. Məlum oldu ki, üstünə baxış keçirilmə saatı göstərilən vaxt əslində, Lermontov küçəsində olub. Polis deyir ki, ayın 12-də saxlamışıq onu. Həmin gün hamımız Bərdə rayonunda olmuşuq. Bir polisin ifadəsilə, o biri polisin ifadəsi uyğun gəlmir. Bu qədər ziddiyyətə baxmayaraq, hakim ittihamı təsdiqləyib 9 il həbs cəzası verdi. Əgər bunu eləyən idinsə, daha o qədər sübutu niyə toplayıb, özünü obyektiv iş aparan hakim kimi göstərirdin ki?”.
Vəfa Cəfərova onu da vurğulayıb ki, həyat yoldaşı tutulanda özü də təzyiqə məruz qalıb, nəticədə bətnindəki övladını itirib. Onun sözlərinə görə, hamiləliyinin pozulması barədə tibbi sənədlər də var.
“16 yaşlı övladım atasının yolunu gözləyirdi. Hakimin bu cür davranışı övladımın psixoloji durumuna çox böyük zərbə olub. Onu heç cür sakitləşdirə bilmirəm. Bu adamlar düşünmürlər ki, bizim hərəkətlərimiz təkcə bir insanı yox, onun bütün ailəsini məhv edir? Mənim övladımla bağlı nəsə baş verərsə, bunun bütün məsuliyyəti Bakı Ağır Cinayətlər Məhkəməsinin hakiminin üzərindədir…”, – Vəfa Cəfərova əlavə edib.
İftixar Cəfərov 2022-ci ilin yanvarından həbsdədir.
Onun vəkili Murtuzəli Abbasov bildirib ki, hökmdən Bakı Apelyasiya Məhkəməsinə şikayət veriləcək. Vəkil də hesab edir ki, İftixar Cəfərova qarşı ittihamlar məhkəmədə sübuta yetirilməyib və hökm əsassızdır.