Oturaq aksiya keçirən ictimai fəalın polis tərəfindən döyüldüyü bildirilir

Rəbiyyə Məmmədova. Foto: Meydan TV

Fəal: “Döyülməyimin səbəbi İqtisadiyyat Nazirliyinin Mühafizə İdarəsinin rəisidir”

Aprelin 9-dan Sahibkarlığın İnkişafı Fondunun (SİF), daha sonra isə İqtisadiyyat Nazirliyinin qarşısında oturaq aksiya keçiriən ictimai fəal, “Sapla” tikiş sexinin qurucusu Rəbiyyə Məmmədovanın polis bölməsinə aparılaraq orada döyüldüyü bildirilir.

Bu barədə o, “Facebook” səhifəsində məlumat verib.

“Artıq polis tərəfindən buraxılmışam. Döyülməyimin səbəbi İqtisadiyyat Nazirliyinin Mühafizə İdarəsinin rəisidir. Onun tapşırığı və davamlı israrına görə polisə aparılıb orda döyüldüm. Problemimiz həll olana qədər, heç kimə mane olmadan burda oturacağam”, – Rəbiyyə Məmmədova bildirib.

Daxili İşlər Nazirliyi məsələ ilə əlaqədar Meydan TV-nin sorğusunu cavablandırmayıb.

İqtisadiyyat Nazirliyindən münasibət öyrənmək mümkün olmayıb.

Rəbiyyə Məmmədova 2025-ci il aprelin 9-da da Sahibkarlığın İnkişafı Fondunun qarşısında təkadamlıq oturaq etiraz aksiyası keçirmişdi.

O Meydan TV-yə bildirmişdi ki, 2025-ci ilin fevralında sahibkarlıq krediti ilə bağlı SİF-ə müraciət edib. Rəbiyyə Məmmədovanın sözlərinə görə, SİF onun fevralda etdiyi  müraciətə 2 ay sonra, aprelin 8-də imtina cavabı verib. Səbəb kimi isə sənəddə yanlışlıq olduğu bildirilib.

Rəbiyyə Məmmədova qeyd edib ki, sənədlər toplanarkən qaydasında olmasına xüsusi diqqət yetirilib.

Ana səhifəSiyasətOturaq aksiya keçirən ictimai fəalın polis tərəfindən döyüldüyü bildirilir