Natiq Cəfərli: “Mərkəzi Bankın statistikası xarici invstorların Azərbaycanda iştirakının azalmasını dolayısı ilə sübut edir”
Ötən ilin yanvar-noyabr aylarında valyuta bazarının həcmi ötən ilin müvafiq dövrünə nisbətən kəskin azalıb.
Bu barədə APA Mərkəzi Bankın statistikasına istinadən məlumat yayıb.
Statistikada bildirilir ki, 2015-ci ilin eyni dövrü ilə müqayisədə hesabat dövründə xarici valyuta əməliyyatlarının həcmi 2,52 dəfə azalıb.
“Son 1 ildə ABŞ dolları ilə əməliyyatların həcmi 2,67 dəfə azalıb. Başqa sözlə, ötən ilin dekabr ayının 1-nə ABŞ dolları ilə mübadilə əməliyyatlarının həcmi 5 mlrd. 309 mln. 534,8 min ABŞ dolları olubsa, 2015-ci ilin eyni dövründə bu göstərici 14 mlrd. 198 mln. 963,1 min manat təşkil edib”.
“Ötən ilin yanvar-noyabr aylarında nağd xarici valyuta ilə mübadilə əməliyyatları zamanı 2 mlrd. 867 mln. 308 min ABŞ dolları satılıb ki, bu da 1 il əvvəl ilə müqayisədə 3,81 dəfə azdır. Ötən ilin 11 ayında nağd xarici valyuta ilə mübadilə əməliyyatları zamanı 2 mlrd. 442 mln. 226,8 min ABŞ dolları alınıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 25,63 faiz azdır”-deyə məlumatda bildirilir.
Mərkəzi Bankın statistikasını Meydan TV-yə şərh edən iqtisadçı Natiq Cəfərli valyuta bazarının həcminin ötən ilin müvafiq dövrünə nisbətən kəskin azalmasının birinci amili kimi valyutaya çıxış imkanlarının kifayət qədər azalması kimi görür:
“Xüsusən də 2016-cı ilin sonunda bu, özünü daha kəskin büruzə verdi. İkinci amil iqtisadi, ticari fəallığın azalmasıydı. Bu, dxal olunan məhsulların çeşidinə təsir göstərdi ki, nəticədə valyutaya olan tələbatın azalmasına səbəb oldu. Məsələn, bir ildə avtomobil bazarında 7 dəfə azalma oldu. Ən azından 2014-15-ci illərdə avtomobil almaq üçün xaricə çıxarılan valyutanın həcmi azalıbsa, deməli, daxildə də bu istiqamətdə əməliyyatlar azalıb”.
Natiq Cəfərli hesab edir ki, valyutaya çıxış imkanlarının məhdudlaşdırılması banklararası əməliyyatlara da öz təsirini göstərib. “Bu, həm də xarici investorlar haqda deyilənlərin o qədər də həqiqətə uyğun olmadığını üzə çıxartdı. Ən azından Mərkəzi Bankın statistikası xarici invstorların Azərbaycanda iştirakının azalmasını dolayısı ilə sübut edir”.