“Qadının gücünə güc” adlı forumda qadınların problemləri müzakirə olunur
Martın 11-də Bakıda Avropa Birıiyi və “Konrad Adenauer” Fondunun dəstəyi ilə “Qadın gücünə güc” adlı qadın forumu keçirilib. Tədbirə ölkənin ictimai-siyadi həyatında rolu oıan qadınlar qatılıb. Layihənin koordinatorları Şəhla İsmayıl, Şorena Qaribaşvili çıxış edərək, qadınların cəmiyyətdə rolu və problemləri barədə danışıblar. Daha sonra almaniyalı sahibkar qadın Dorotea Maiş öz iş təcrübəsindən, Almaniyada qadınlar üçün yaradılan şəraitdən danışıb. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin informasiya və analitik araşdırmalar şöbəsinin baş məsləhətçisi Aynur Veysəlova çıxışında əsasən statistik rəqəmlərə toxunub.
Belə ki, 2014-cü ilin yanvar ayına olan məlumata görə, 9 milyon 477 min nəfər olan ölkə əhalisinin 50,3 faizi qadındır. Milli Məclisdə 125 deputatın 20-si qadındır ki, onlardan biri parlament sədrinin müavinidir. Ölkədə 78 icra başçısının müavini, 50-dən çox ali məktəbin cəmi 5-nin rektoru xanımdır. Həmçinin 65 hakim qadın fəaliyyət göstərir. Azərbaycanlı səfir qadın olmasa da, Xarici İşlər Nazirliyində diplomat kimi çalışan 329 qadın var.
Aynur Veysəlova deyib ki, sahibkarlıq fəaliyyəti göstərən qadınların sayı ilbəil artır. Məsələn, 2012-ci ildə onların sayı 73 min 469 nəfər idisə, hazırda 99 mini ötüb. Bu illərdə qadınlara verilən güzəştli kreditlərin də sayı artıb. Sahibkarlara Yardım Fondu tərəfindən 2012-ci ildə 188 qadına 3 milyon 600 min manat, 2014-cü ildə 703 qadına 10 milyon manatdan artıq vəsait verilib.
QHT-lərə Dövlət Dəstəyi Şurası 2010-2015-ci illər ərzində qadın təşkilatlarının 331 layihəsini maliyyələşdirib.
Forumda “125-lər” Siyasi Klubun üzvü İlhamiyyə Rza, iqtisadçı Azər Mehtiyev, Avropa İttifaqının Bakı nümayəndəliyinin proqram meneceri Məryəm Hacı-İsmayılova maraqlı təqdimatlar ediblər.
Müzakirələrlə davam edən forum günün sonunda yekunlaşacaq.